Bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov aqrar sahəyə göstərilən dövlət dəstəyindən danışıb, aqrar sığortanın fermerlər üçün vacib dəstək mexanizmi olduğunu bildirib. Onun sözlərinə görə, aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların çoxsaylı risklərdən qorunması təsərrüfatların daha dayanıqlı fəaliyyət göstərməsinə imkan yaradacaq, aqrar sahəyə marağı artıracaq, bununla da ölkənin ərzaq təhlükəsizliyinə töhfə verəcək.
Tədbirdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova Naxçıvanda aqrar sığortanın tətbiqinin fermerlər üçün mühüm yenilik olduğunu vurğulayıb. Nazir müavininin sözlərinə görə, mürəkkəb iqlim şəraitinə malik olan Naxçıvanda tez-tez baş verən təbiət hadisələri – dolu, qasırğa kimi hallar aqrar təsərrüfatlara və fermerlərə zərər vurur. Bunun qarşısını almaq üçün ən sərfəli üsul dövlət tərəfindən tətbiq edilən aqrar sığortadan faydalanmaqdır.
Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sığorta mexanizmi vasitəsilə 48 növ bitkini, iri və xırdabuynuzlu mal-qaranı, balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Sığorta haqqının yarısını isə fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə təsərrüfatlarını sığorta edə bilirlər.
“Aqrar Sığorta müştərək Sığorta Şirkəti” ASC-nin idarə heyətinin sədri Elnarə Abbasova bildirib ki, hazırda ölkə üzrə 400 min hektardan çox əkin sahəsi sığortalanıb. Naxçıvan filialının fəaliyyətə başlaması nəticəsində artıq yerli fermerlər də taxıl sahələrini, meyvə bağlarını, tərəvəz və texniki bitkiləri, eləcə də kənd təsərrüfatı heyvanlarını sığorta edə biləcəklər. Sığorta haqqına 50 faizlik dövlət dəstəyi sayəsində aqrar sığorta fermerlər üçün əlçatandır. Elnarə Abbasova sığortalanma prosesinin sadə olduğunu bildirərək qeyd edib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş istənilən təsərrüfatı sığortalamaq mümkündür.
Mərasimdə çıxış edən digər dövlət qurumlarının nümayəndələri və fermerlər aqrar sığortanın Naxçıvanda fəaliyyətə başlamasının mühüm hadisə, fermerlərə böyük dəstək olduğunu qeyd ediblər. Tədbir iştirakçıları Aqrar Sığorta Fondunun filialı ilə tanış olub, onlara aqrar sığorta məhsulları, məhsul şərtləri, sığorta haqları, sığortalanma və sığorta ödənişi prosesi barədə ətraflı məlumat verilib.