Aqrar inkişafın müasir su təminatı

post-img

Bu sahədə əsas tələb qənaət və yüksək məhsuldarlıqdır

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzindən qəzetimizə verilən məlumata əsasən, Azərbaycanda suvarılan əkin sahələrinin 10 faizində müasir suvarma sistemləri qurulub. Bu, fermer təsərrüfatlarında tətbiq edilən pivot suvarma sudan daha qənaətlə istifadəyə (40 faizə qədər), məhsuldarlığı və suvarma səmərəliliyini artırmağa imkan verib. Son illərdə ölkədə fermerlərə müasir suvarma sistemlərinin (yağış yağdırma, damcı suvarma və s.) tətbiqi ilə bağlı dünyada alternativi olmayan dövlət dəstəkləri göstərilib. Bunun nəticəsidir ki, respublikada suvarılan əkin sahələrinin 10 faizində müasir suvarma sistemləri qurulub.

Fermer təsərrüfatlarında tətbiq edilən pivot suvarma sudan daha qənaətlə istifadə olunmasına (40 faizə qədər), məhsuldarlığın və suvarma səmərəliliyinin artırılmasına, sahədə su sərfiyyatının dəqiq hesablanmasına, gübrə və digər kimyəvi maddələrin su ilə birgə tətbiq edilməsinə imkan verir, torpaq eroziyası riskini azaldır.

Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və iqtisadi inkişafın təşviqində mühüm rol oynayır və respublikada aqrar sektorun yeni qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində gerçəkləşdirilən layihələr mühüm önəm daşıyır. Bu baxımdan ölkədə torpaq və su ehtiyatlarının məhdud olması şəraitində kənd təsərrüfatında qarşıya qoyulan əsas hədəflərdən biri də vahid sahədə məhsuldarlığı artırmaqla daha böyük istehsal həcmləri yaratmaqdan ibarətdir.

Aqrar İnnovasiya Mərkəzindən, həmçinin bildirilib ki, hazırda taxılçılıq regionlarında 15 min hektara qədər sahədə innovativ texnologiyalar tətbiqi, rəqəmsal həllərə üstünlük verilməsi məhsuldarlığın və səmərəliliyin artmasına müsbət təsir göstərir. Bu, eyni zamanda, əkin vaxtının dəqiq müəyyənləşdirilməsinə, lazımi gübrələrdən geniş istifadə olunmasına, torpağın nəmliyinin saxlanılmasına və məhsul yığımı üçün optimal vaxta nəzarət etməyə imkan verir.

İnnovativ texnologiyaların tətbiqi əmək, su, gübrə və ümumilikdə, istehsal xərclərini azaltmaqla yanaşı, istehsalın səmərəliliyini artırmağa əlverişli şərait yaradır. Bu baxımdan bir çox taxılçılıq təsərrüfatlarında torpaqda nəmliyin qorunub saxlanması və torpaqların alt münbit olmayan qatının üzə çıxarılmaması və yüksək məhsuldarlıq göstəricilərinin gerçəkləşdirilməsi üçün innovativ torpaqqoruyucu texnologiyalardan geniş istifadə edilir. Bunun üçün “ağıllı” kənd təsərrüfatı texnikalarından istifadə olunur. Xüsusilə torpaq becərmədə, torpağın səpinə hazırlanmasında, səpin aparılmasında, gübrələmə və dərmanlama proqramlarının icrasında istifadə edilən texnikalar “GPS” naviqasiya sistemləri ilə təchiz olunub.

Belə texnikalar vasitəsilə həyata keçirilən texnoloji və digər əməliyyatlar, demək olar ki, baş verə biləcək xətaları minimuma endirir. Odur ki, belə təchiz olunan ayrı-ayrı taxılçılıq təsərrüfatlarında ərzaqlıq buğdanın orta məhsuldarlıq göstəriciləri (hektara 55-60 sentner arasında dəyişir) yüksəkdir. Eyni zamanda, istehsal olunan buğda məhsulunun keyfiyyəti də dövlət standartının tələblərinə cavab verir. Hər il bu innovativ texnologiyalar ölkənin müxtəlif taxılçılıq regionlarında 15 min hektara qədər sahədə tətbiq olunur.

“Strip-till” texnologiyasının tətbiq edildiyi əkinlərdə isə payızlıq buğdanın hektara orta məhsuldarlığı 58 sentner təşkil edib. Bu da ölkə üzrə hər hektardan, təqribən, 25-26 sentner əlavə ərzaqlıq buğda məhsulunun istehsalına imkan verib. Bu texnologiya zolaqlı torpaq becərilməsi adlanır və o, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa və bir çox Avropa ölkələrində geniş yayılıb. Bu zaman Polşa istehsalı olan, kombinə edilən və bir gedişdə bir neçə əməliyyatı eyni vaxtda reallaşdıran “Mzuri” texnikasına üstünlük verilib. Bu texnologiya ölkənin qərb bölgəsində buğda və təkrar qarğıdalı əkinlərində tətbiq edilib. Yeni texnologiyanın tətbiqi ilə torpaq hazırlığından tutmuş səpinə qədər olan bütün əməliyyatlar tam şəkildə bir gedişdə icra olunub. Bu da resurslara kifayət qədər qənaət olunmasına imkan yaradıb.

“Strip-till” texnologiyasının tətbiqi dizel yanacağına 50 faiz qənaət olunmasına, atmosferə atılan karbon qazının 80 faizə qədər azalmasına imkan verir. Eyni zamanda, bu texnologiya torpağın üçdə iki hissəsinin dincə saxlanılmasına, hektara gübrə normasını 50 faizə qədər azaldılmasına, torpağın kimyəvi maddələrlə çirklənməsinin qarşısının alınmasına və məhsuldarlığın artmasına şərait yaradır.

Qeyd edək ki, “Mzuri” ehtiyatlara qənaət edən “Strip till” texnologiyası Azərbaycanda ilk dəfə “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında təkrar qarğıdalı və soya əkini zamanı istifadə olunub. Onun üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.

Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycan 8 milyon 719 min ABŞ dolları dəyərində taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar, eləcə də un qənnadı məmulatları ixrac edib. Ölkənin qeyd olunan məhsullar üzrə ümumi idxala çəkdiyi xərc isə 142 milyon 789 min ABŞ dolları təşkil edib.

 

İqtisadiyyat