Balçı qardaş, balın bol olsun!
... Onunla çoxdan tanışam. Müxtəlif tədbirlərdə, ayrı-ayrı mərasimlərdə həmişə mehriban görüşmüşük. Səmimi söhbətlərimiz olub. İşindən də danışmağı sevən adamdır. Zaqatalada kimi dindirsən onu yaxşı tanıyır. Bilirlər ki, heç vaxt boğazdan yuxarı danışan deyil, səmimi, gərəkli adamdır. Kiminsə əlindən tutmaqdan zövq alır.
Zaqatalanın Yuxarı Tala kəndində doğulub. Rayon Arıçılar Assosiasiyasının sədridir. Deyəsən, söhbətin kimdən getdiyini bilmək üçün lap darıxdınız. Tələsməyin, tanış edəcəyəm. Adı Mövluddindir, familiyası da Qurbanəliyev. Babası da arıçı olub, atası da... Bu gün Zaqatalada hansı ağsaqqaldan soruşsan Qurban kişinin yetişdirdiyi bal barədə elə şirin danışar ki, o şirinliyi ağzında hiss edərsən. Oğlu Şaban da atasının yolu ilə gedib. Bilənlər yaxşı xatırlayırlar ki, 1969-cu ildə Zaqatalada arıçılıq sovxozu yaradılıb. Bax onda Şaban Qurbanəliyev orada briqadir işləyib, sonra baş arıçı olub. Arıçıların içində böyüyən Mövluddin hara getməliydi ki... Hərbi xidmətdən qayıdandan sonra o da əmək fəaliyyətinə həmin müəssisədə başlayıb, arıçı işləyib. Və nəhayət 1993-cü ilin əvvəlində özünün fermer təsərrüfatını yardıb.
Telefon nömrəsini neçə il bundan əvvəl rayon Dövlət Aqrar İnkişaf Mərkəzində olan bir tədbirdə almışam. Zəng vururam, cavab verir, kefini soruşuram. “Yaxşıyam,– deyir, – təsərrüfat adamıyam. İşimin üstündəyəm. “Görüşmək istədiyimi bildirirəm. Hazır olduğunu deyir. Bax, beləcə vədələşib, görüşürük. Özü də başqa yerdə yox, elə arıçılıq təsərrüfatının özündə.
Zarafata salır. “Fikirləşdim ki, arıların yanındakı söhbət də şirin olar”, – deyir. Hələ neçə illər qabaq eşitmişdim ki, Mövliddin Amerika səfirinin dəvəti ilə Birləşmiş Ştatlarda olub. Soruşuram: “Bəlkə elə söhbətə bundan başlayaq?”. “Qonağımsınız”, – deyə bildirir. Siz nə desəniz, mən hazır. Beləcə söhbətə başlayır. Amerikanın ölkəmizdəki səfiri bizim bax, bu evimizdə dörd dəfə olub. Suyumuzu içib, çörəyimizi yeyib, balımızdan dadıb. 2006-cı ildə təcrübə mübadiləsi məqsədi ilə mənim Amerikaya getməyimi də o təşkil etdi. Böyük məmnuniyyətlə yola çıxdım. Ay yarım orada qonaq oldum. Xeyli arıçılıq təsərrüfatlarını gəzdim. Gizlətmirəm, zəngin təcrübə qazandım. Orada texnologiya tam başqa cürdür. Məlumat üçün bildirim ki, Amerikada bir arıçı 1500-2000 arıya baxa bilir. Biz də isə bu rəqəm aşağıdır.
Bu gün Zaqatalada 40 minə yaxın arı ailəsi var. Hazırda mən özüm 500 arı ailəsinə xidmət edirəm. Balımızın keyfiyyətinə söz ola bilməz. Bir vaxtlar xarici ölkələrə, hətta Yaponiyaya da bal ixrac etmişik. Sağ olsunlar, Kənd Təsərrüfatı Nazirliyi Bakıda tez-tez bal yarmarkaları, sərgilər keçirir. Biz də məhsullarımızı orada nümayiş etdiririk. Alıcılar çox razı qalırlar. Daimi müştərilərimiz də var ki, qapımızı tez-tez döyürlər. Çox yerləri gəzmişəm. Hara getmişəmsə özümlə mütləq bal da aparmışam. Satmağa yox a, pay verməyə. Bir sözlə, həmişə istəmişəm ki, dünyaya şirinlik paylayam.
Mövluddinlə söhbətdən o da məlum oldu ki, ilk dəfə Zaqatalada Qafqaz arısının genefondunun qorunması məqsədi ilə dağlarımızın zirvə yerində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təyin olunmuş izolə bölgəsində damazlıq təsərrüfatı yaradılıb. Təəccüblənməyin, bu gün qarın altında arılar var.
Mövluddin 2 oğul atasıdır. Böyük oğlu Turalın 35, kiçiyi Cəlalın isə 32 yaşı var. Hər ikisi ailə qurub, oğul-uşaq sahibidirlər. Onların nə işlə məşğul olduqlarını soruşuram. Sualımdan təəccüblənir. “Nə işlə məşğul olmalıdırlar ki, –deyir,– hər ikisi hətta gəlinlərim də yanımdadır. Biz fəxr edirik ki, arıçılar nəsliyik.”
Yazıya sərlövhə qoymaq üçün çox da fikirləşmədim. Yadıma Mövluddinin yuxarıda dediyi sözlər düşdü. Odur ki, sərlövhəmi elə belə qoyduq: “Dünyaya paylanan şirinlik”. Altından da yazdıq: “Balçı qardaş, balın bol olsun!”
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Zaqatala