“Faza-2” layihəsi çərçivəsində indiyədək 219 milyon ton neft çıxarılıb
Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının əsasını qoymuş “Əsrin müqaviləsi” Azərbaycanı dünyanın etibarlı enerji tərəfdaşına çevirib. Bu nəhəng neft sazişinin həyata keçirildiyi ötən 30 il ərzində Azərbaycanda və xaricdə dünya səviyyəli tikinti-quraşdırma layihələri həyata keçirilib, ölkəmizin neft sənayesinin infrastruktur imkanları xeyli genişləndirilib.
“Əsrin müqaviləsi” Xəzər dənizinin Azərbaycan sektorunda geniş sahəni əhatə etdiyindən bu nəhəng neft sazişi bir neçə mərhələdə reallaşdırılıb. Belə ki, “İlkin neft layihəsi” çərçivəsində görülmüş işlər nəticəsində müstəqilliyini yenicə əldə etmiş Azərbaycanı dünyanın neft ixrac edən dövlətlərinin sırasına qoşulsa da, qarşıdakı illərdə nəzərdə tutulmuş iri neft hasilatı və ixracı layihələri ölkədə nəhəng tikinti-quraşdırma işlərinə yol açıb. Beləliklə, 2001-ci il avqustun 30-da “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənmə layihəsinin birinci mərhələsi (“Faza-1”) ilə bağlı qərar qəbul edildikdən sonra “Əsrin müqaviləsi”nin reallaşdırılmasında mühüm dövr başlanıb.
2005-ci ilin fevralında “Mərkəzi Azəri” platformasının istismara verilməsi ilə ölkəmizdə böyük neft hasilatının əsası qoyulub. Təkcə onu qeyd etmək kifayətdir ki, “Azəri” yatağının mərkəzi hissəsinin istismara daxil edilməsi il ərzində əlavə 18–19 milyon ton neft hasilatına imkan yaradıb və bununla da, “Əsrin müqaviləsi” çərçivəsində illik neft hasilatının səviyyəsi 24–25 milyon tona çatdırılıb.
“Azəri” yatağının qərb və şərq hissələrinin işlənməyə cəlb edilməsi isə “Əsrin müqaviləsi”nin tammiqyaslı işlənmə layihəsinin ikinci mərhələsi (“Faza-2”) çərçivəsində həyata keçirilib. Bu məqsədlə 2002-ci il sentyabrın 18-də “Faza-2” layihəsi üzrə tikinti-quraşdırma işlərinə başlamağa dair qərar qəbul olunub. Layihə çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün 2002-ci il oktyabrın 8-də Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə podratçı təşkilatlar arasında 8 əsas müqavilə imzalanıb.
Yeri gəlmişkən, 5,2 milyard dollar dəyərində qiymətləndirilən “Faza-2” layihəsi “Əsrin müqaviləsi”nin icrası çərçivəsində “İlkin neft layihəsi”ndən sonra AÇG yataqlarının tammiqyaslı işlənilməsinin növbəti mühüm mərhələsidir. Bu mərhələ çərçivəsində “Azəri” yatağının qərb və şərq hissələrinin işlənilməsi təmin edilib. Bununla da, “Faza-1” layihəsi ilə birlikdə “Azəri” yatağının istismara daxil edilməsi tamamlanıb.
“Ümumilikdə, “Faza-2” layihəsinə 48 quyunun qazılması üçün nəzərdə tutulmuş 2 hasilat, qazma və yaşayış platforması, “Mərkəzi Azəri”yədək 22 düymlük, həmçinin Səngəçal terminalına qədər 30 düymlük boru kəmərləri daxildir. “Faza-2” qurğuları “Azəri” yatağı üçün dənizdə və quruda inkişaf kompleksi yaratmaq məqsədilə “Faza-1” obyektləri ilə birləşdirilib. Xatırladaq ki, bu mərhələ üçün nəzərdə tutulmuş əsas tikinti-quraşdırma işlərinə dəniz obyektlərinin inşası, istismar quyularının qazılması, sualtı boru kəmərlərinin çəkilməsi və Səngəçal terminalındakı mövcud neft qəbuletmə obyektlərinin genişləndirilməsi daxil idi.
Bundan əlavə, “Azəri” yatağının qərb və şərq hissələrinin istismara daxil edilməsi üçün nəzərdə tutulmuş tikinti-quraşdırma işləri ilə paralel olaraq burada əvvəlcədən planlaşdırılmış öncəqazma proqramı da uğurla reallaşdırılıb. Müqavilə müddətində isə “Faza-2” layihəsi çərçivəsində 210 milyon ton (1,6 milyard barel) neft hasilatı nəzərdə tutulur.
Nəhayət, uğurlu tikinti-quraşdırma işlərindən sonra 2005-ci ilin dekabr ayında “Azəri” yatağının qərb hissəsi istismara daxil edilib. Burada quraşdırılmış “Qərbi Azəri” platforması Bakıdan 100 kilometr aralı, Xəzər dənizinin 120 metr dərinliyində yerləşir. Bu hasilat, qazma və yaşayış platforması “Azəri” yatağının qərb hissəsindən neft istehsal etmək üçün layihələndirilib. 48 quyu ağzına malik platformadan Səngəçal terminalınadək 30 düymlük neft boru kəməri çəkilib. Ötən müddətdə burada çoxsaylı neft və texniki təchizat quyuları qazılaraq istismara daxil edilib.
Platformada illik olaraq ən çox neft hasilatı 2010-cu ildə qeydə alınıb (gündəlik orta hasilat 248,2 min barel və ya illik 12,24 milyon ton). 2024-cü ilin birinci yarısının yekunlarına görə, platformada gündəlik hasilat orta hesabla 77 min barel təşkil edib. Hasilat başlayandan indiyədək isə “Qərbi Azəri” platformasında 1 milyard barel və ya 137 milyon ton neft hasil edilib.
“Faza-2” layihəsinin digər nəhəng qurğusu sayılan “Şərqi Azəri” platforması 2006-cı ilin noyabr ayında istismara verilib. Xatırladaq ki, Bakıdan 100 kilometr aralı, Xəzər dənizinin təxminən 152 metr dərinliyində yerləşən bu hasilat, qazma və yaşayış platforması 48 quyunun qazılması üçün layihələndirilib. Burada illik maksimal neft hasilatı 2010-cu ildə qeydə alınıb (gündəlik orta hasilat 140,7 min barel və ya illik 7 milyon ton). Cari ilin ilk yarısında isə platformada gündəlik hasilat orta hesabla 52 min barel təşkil edib.
Ötən 18 ildə “Şərqi Azəri” platformasında, ümumilikdə, 608 milyon barel (82 milyon ton) neft çıxarılıb. Bütövlükdə isə “Azəri” yatağının qərb və şərq hissələrinin istismara daxil edilməsi “Əsrin müqaviləsi” çərçivəsində illik neft hasilatının səviyyəsini 40 milyon tonadək artırmağa imkan yaradıb.
Göründüyü kimi, “Əsrin müqaviləsi” çərçivəsində 1997-ci ildə “Çıraq” yatağından ilk neftin hasil olması ilə başlayan Azərbaycanın yeni neft erası sonralar “Azəri” yatağının mərkəzi, qərb və şərq hissələrinin istismara daxil edilməsi ilə sürətli inkişaf mərhələsinə qədəm qoyub.