BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sədri kimi Azərbaycan “Bakı qlobal iqlim şəffaflıq platforması”nı təqdim edib.
Bunu Bakıdakı “İqlim şəffaflığı üzrə yüksək səviyyəli dialoq” çərçivəsində Azərbaycanın ekologiya naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev bildirib. Nazir bu gün dünyada fəlakətlərin daha tez-tez və daha şiddətli baş verdiyini, iqlim hadisələrinin bu cür inkişafının ortaq iqlim məqsədlərinə uyğun hərəkət etməyə təcili ehtiyac olduğunu göstərdiyini diqqətə çatdırıb.
Muxtar Babayev daha sonra deyib: “COP29-un və iqlim dəyişikliyinə qarşı fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişinin bütün müddəaları üzrə əlimizdən gələni etməliyik. Şəffaflıq bu səylərin əsas hissəsidir, həssas icmalar arasında qlobal iqlim məqsədləri ətrafında etimad yaradılmalıdır. Ötən il tərəflər bir araya gələrək Birləşmiş Ərəb Əmirlikləri Konsensusuna nail oldular. COP29-a doğru irəlilədikcə 1,5 hədəfinə çatmaq üçün biz işimizi COP28-də yaradılan müsbət ruh və impuls üzərində qurmalıyıq”.
Yeni platformanın dünyada iqlim şəraitinin yaxşılaşdırılması məqsədilə atılan addımlarda şəffaflığın təmin olunması üçün qlobal cəmiyyəti bir araya gətirəcəyini vurğulayan M. Babayev deyib ki, COP29 sədri olaraq vəzifəmiz iqlim dəyişikliyi üzrə danışıqlar prosesində bütün iştirakçıları dəstəkləməkdir: “Son vaxtlar biz ada dövlətlərini, o cümlədən ən iri olanı – Avstraliyanı ziyarət etdik. Kiçik dövlətlərin, xüsusilə Andorra və Qayana kimi ölkələrin maraqlarını da nəzərə alırıq. Platformanın məqsədi iqlim dəyişikliyi ilə bağlı tədbirlər haqqında hesabatların şəffaflığını artırmaqdır”.
Nazir qeyd edib ki, yalnız şəffaflıq məqsədlərinin kollektiv təsdiqlənməsi və ikiillik şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsi ilə irəliləyiş mümkündür. O, Azərbaycanın COP29-da ikiillik şəffaflıq hesabatını təqdim edəcəyini diqqətə çatdıraraq deyib ki, ölkəmiz bu yolla Paris Sazişinin genişləndirilmiş şəffaflıq sistemində ümumi iştirakın artırılmasını qarşısına məqsəd qoyub: “COP29 sədrləri gələcək nəsillər üçün iqlim fəaliyyətlərinin şəffaflığını gücləndirmək məqsədini daşıyırlar. Bu çərçivədə inklüzivliyi təmin etmək üçün tərəfdaşlarla birlikdə müxtəlif coğrafi bölgələrdə illik şəffaflıq hesabatının hazırlığı üzrə seminarlar keçirməyə davam edəcəyik”.
Xatırladaq ki, Azərbaycan 2024-cü il sentyabrın 25-də BMT-nin 79-cu Baş Assambleyasında qlobal iqlim şəffaflığı üzrə yüksək səviyyəli dialoq təşkil edəcək.