Bu qurum 25 ildə ölkəmizə 1,7 milyard dollar sərmayə qoyub
Asiya İnkişaf Bankının enerji üzrə baş direktoru Priyantha Vijayatunqa Azərbaycanın enerji keçidi və onun genişləndirilməsi üçün strateji inkişaf prioritetlərini, o cümlədən ölkədə “yaşıl” dəhlizlərin planlaşdırılmış inkişafı, bərpaolunan enerji infrastrukturu, enerji şəbəkəsinin genişləndirilməsi və dekarbonizasiya məsələlərini müzakirə etmək üçün Azərbaycanda səfərdə olub.
Maliyyə naziri Samir Şərifov, hökumət rəsmiləri və digər aidiyyəti qurumların rəhbərləri ilə görüşlər keçirən qonaq Azərbaycanın enerji keçidini sürətləndirmək üçün hökumətin prioritetlərini yüksək qiymətləndirib. “Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında tərəfdaşlığın 25 illiyini qeyd etdiyimiz vaxtda bank ölkənin inkişaf məqsədlərinə dəstək olmaq öhdəliyini bir daha vurğulayır”, – deyə o, bildirib.
Son 25 ildə AİB Azərbaycanın enerji sektoruna 1,7 milyard dollar sərmayə qoyub. 2030-cu ilə qədər Azərbaycanda bərpaolunan enerjinin payının 30 faizə çatması, həmçinin, “yaşıl” dəhlizlərin inkişafı, o cümlədən Xəzər dənizinin sualtı kabel layihəsi, elektrik ötürücü və paylayıcı şəbəkələrin gücləndirilməsi və enerjinin genişləndirilməsi kimi əsas strateji prioritetlər Azərbaycan və AİB-in gələcək tərəfdaşlığının əsasını təşkil edəcək.
Baş direktorun hökumət rəsmiləri ilə görüşü zamanı AİB-in birgə maliyyələşdirdiyi Azərbaycanda ilk bərpaolunan “yaşıl” enerji layihəsi olan 230 meqavatlıq “Qaradağ” Günəş Enerjisi Stansiyasının istifadəyə verilməsini, eləcə də gələcəkdə tamamlanacaq 1 qiqavatlıq günəş və külək layihələri müzakirə edilib.
Bank rəhbəri COP29 tədbirinin keçiriləcəyi əsas məkan olan Bakı Olimpiya Stadionunun yaxınlığında, Böyükşor gölündə 100 kilovoltluq üzən günəş fotovoltaik pilot layihəsinin bu yaxınlarda istifadəyə verilməsi münasibətilə Energetika Nazirliyini təbrik edib. Qonaq, həmçinin Asiya və Sakit Okean regionunun iqlim bankı kimi AİB-in noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının iqlim sammiti ərəfəsində potensialın gücləndirilməsi də daxil olmaqla Azərbaycanın COP29-da sədrliyini dəstəklədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycanın 1999-cu ildən əməkdaşlıq etdiyi Asiya İnkişaf Bankı ölkəmizdə dövlət və özəl sektora, o cümlədən nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı sahələrinə 5 milyard dollardan çox vəsait ayırıb.