Qarabağ gözəldir, həm də təmiz olacaq

post-img

Azad edilmiş ərazilərdə tullantı emalı poliqonları yaradılır

Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa-yenidənqurma işləri aparılır. Regionda infrastruktur yenidən qurulur, sənaye, aqrar və turizm müəssisələri yaradılır. Doğma yurd yerlərinə dönən əhalinin məşğulluğu təmin edilir. Nəticədə, bölgədə məskunlaşan, işləyən və həmin ərazilərə səfər edən şəxslərin sayı da getdikcə çoxalır. Təəssüf ki, bir çox hallarda ölkəmizin bu füsunkar guşələrinə laqeyd münasibət bəslənilir, sanitariya-gigiyena tələblərinə əməl olunmur, zibil, tullantılar urnalardan kənara atılır. Bu da ətraf mühitin çiriklənməsi, bir sıra ekoloji problemlərin yaranması ilə nəticələnir. Belə halda isə həmin tullantıların müasir təcrübəyə uyğun idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi zərurəti ilə üzləşilir. 

Ekoloq, coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Ağayeva bu barədə dedi: 

– Ölkəmizdə iqtisadi inkişaf ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində aparılan fəaliyyətlə sıx bağlıdır. Bu məqsədlə azad olunmuş ərazilərdə poliqonlar yaradılır. Həmin poliqonların sahələri də kifayət qədər böyükdür. Məsələn, Ağdam tullantı poliqonu 15 hektar, Şuşa (Xocalı), Laçın və Kəlbəcər poliqonları hər biri 10 hektar, Qubadlı, Cəbrayıl, Tərtər və Füzuli poliqonları isə hər biri 5 hektar ərazidə inşa edilir. Zəngilanda isə 10 hektar ərazidə ötürücü məntəqənin yaradılması nəzərdə tutulur. 

– Məişət tullantıları üçün yaradılan meydançalarda onların çeşidlənməsi aparılacaq, sonra təkrar emala veriləcək. Bu barədə nə deyə bilərsiniz?

– Doğma yaşayış məntəqələrinə köçən keçmiş məcburi köçkünlərin sayı getdikcə artır. Bu da məişət tullantıları həcminin çoxalmasına öz təsirini göstərir. Vaxtında onun idarəedilməsi isə öz həllini tapmalıdır. Əks halda, məişət tullantıları həcminin davamlı olaraq genişlənməsi ətraf mühitin çirklənməsinin artmasına səbəb olur. Buna görə də yaşayış məntəqələrinin müvafiq yerlərində meydançaların yaradılması nəzərdə tutulur. Həmin sahələrdə toplanan məişət tullantılarının yaş və quru olmaqla çeşidlənəcəyi, kağız məmulatlarının, eləcə də plastik kütlədən olan tullantıların ayrı yığılacağı planlaşdırılır. Burada əsas məqsədlərdən biri də plastik tullantıların çeşidlənməsi və təkrar emala verilməsidir. 

Bu prosesdən sonra yararsız məhsullar utilizasiya olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyənləşdirildiyi məişət tullantıları poliqonuna daşınıb yandırılaraq yaşayış evlərinin qızdırılmasında istifarə ediləcək. Bununla da təbiətin çirklənməsinin qarşısı alınacaq. Müəyyən olunmayan yerlərdə bu tullantıların atılması, saxlanılması və basdırılması isə qadağan ediləcək. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilməyəcək.

Onu da qeyd edim ki, təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların nəqliyyat vasitələrində daşınması qaydası bu sahədə mövcud olan dövlət standartları və normativləri əsasında həyata keçiriləcək.

– Azad olunmuş ərazilərdə tullantı materiallarının təkrar istehsala qaytarılması fikri varmı?

– Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb. Tullantıların təkrar emalı ilk olaraq Ağdam rayonunda (Kəngərli kəndi) həyata keçirilir. Artıq ilk tikiləcək yaşayış məntəqələrində emal avadanlıqları quraşdırılır. Ərazidəki tullantılar, dağıdılmış tikililərin qalıqları təkrar emal olunur. Əldə edilən materiallardan tametaltı özül kimi istifadə edilir. Eyni zamanda, tullantı materiallarının təkrar istehsalata qaytarılaraq yol yataqlarının tikintisində istifadəsi mexanizmi tətbiq olunur. Bu, həm ekoloji, həm də iqtisadi səmərə sayılır. 

Bütün Qarabağ və Şərqi Zəngəzurda bu üsuldan istifadə olunmaqla əldə edilən sıfır tullantı yolu ilə ərazilər təmizlənəcək, 10 milyonlarla kub dağıntı tikinti materialına çevriləcək. Azad olunmuş ərazilərdə tullantı sularının səmərəli idarəsi məqsədilə yağış, drenaj sularının toplanması şəbəkəsi qurulacaq. Təmizlənmiş tullantı suları təkrar istifadəyə yönəldiləcək, xüsusilə yaşıllıq ərazilərinin suvarılmasında istifadə ediləcək. 

Hazırladı:
Pünhan ƏFƏNDİYEV 
XQ

 

Ekologiya