Qlobal iqlim savaşı: Berlindən Bakıya uzanan ekoloji cəbhə

post-img

İqlim dəyişmələri ilə qlobal mübarizə 1992-ci ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının qəbul edilməsindən sonra başlayıb. Rio-de-Janeyro şəhərində imzalanan 3 əsas konvensiyadan biri məhz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası olub. Sonradan bu konvensiya əsasında Kioto Protokolu qəbul edilib, 2015-ci ildə isə Paris Sazişi təsdiqlənib. Həmin sənədlərdə əsas hədəf və öhdəliklər müəyyənləşdirilib. 

Bu məqamda onu da bildirim ki, hələ bundan əvvəl, 1988-ci ildə BMT-nin Ətraf Mühit Proqramı və BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel adlı elmi əsaslı bir qurum yaratmışdı. Paris Sazişində vurğulanan sənayedən əvvəlki dövrdə (1850–1900-cü illər) istixana qazları emissiyalarının azaldılması, başqa sözlə, temperatur artımının 1,5-2 dərəcə həddində saxlanılması məhz İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin elmi qiymətləndirmələri əsasında müəyyən olunmuşdu. 

Qeyd edim ki, Paris Sazişi ölkələrin qarşısında hər zaman istixana effekti qazlarının azaldılması ilə bağlı hədəfləri və bu istiqamətdə həyata keçiriləcək layihələri yeniləməyi mühüm vəzifə kimi qoyub. Bununla da 5 ildən bir nəzərdə tutulan məqsədlər zamanın tələbinə əsaslanılaraq yenilənib. 

İqlim Dəyişmələri üzrə Hökumətlər-­arası Panelin sonuncu hesabatında 2050-ci ilə qədər 1,5 dərəcənin saxlanılması üçün xalis sıfır emissiya hədəfinə nail olunması
müəyyənləşdirilib. Xalis sıfır emissiya hədəfi atılan istixana qazı emissiyalarının müxtəlif vasitələrlə (yaşıllıqlar və meşələr) udulması, tutulması və saxlanmasını əhatə edib. Beləliklə, atmosferə əlavə istixana qazları buraxılmadığından temperaturun artması, yəni istixana effektinin güclənməsinin qarşısının alınması şərtləndirilib. Şübhəsiz ki, yalnız bu yolla, sırf elmi əsasla 1,5 dərəcə hədəfinə çatmağın mümkünlüyü qəbul edilib. 

Yeri gəlmişkən, elmə məlumdur ki, sulfidli qazlar turş yağışlar əmələ gətirir. Avropada və Şimali Amerikada geniş yayılan bu yağışlar meşələri, şirin su hövzələrindəki canlı aləmi məhv edir, kənd təsərrüfatı məhsullarının keyfiyyətini və məhsuldarlığını aşağı salır. Havaya zərərli maddələrin daxil olmasının qarşısını almaq bu gün istehsal texnologiyasının daha da təkmilləşdirilməsini və müasir avadanlıqlardan düzgün istifadə olunmasını ön plana çəkir. Qeyd edək ki, yaşıllıqlar da atmosferin tənzimlənməsində mühüm rol oynayır. Təkcə bunu demək kifayətdir ki, bir hektar meşə sahəsi bir ildə 18 min kubmetr havanı zəhərli maddələrdən təmizləyir və 10–20 tona yaxın karbon qazı udur.

Xatırladım ki, Azərbaycan 2030-cu ilə qədər 1990-cı illə müqayisədə istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması öhdəliyini götürüb. 2050-ci ilə qədər isə bu göstəricinin 40 faiz azaldılması qarşıya hədəf qoyulub. 

2025-ci ildə bütün ölkələr həmin öhdəlikləri yeniləməlidirlər və İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin əldə etdiyi uğurlar da bu zaman nəzərə alınmalıdır. Burada fərqli ölkələrin müxtəlif məsuliyyətləri var və bu, Paris Sazişində də öz əksini tapıb. Yəni inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələrin məsuliyyətləri fərqlidir. Paris Sazişində öhdəliklər və fərqlər məhz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr olaraq fərqləndirilir. Emissiya həcminə görə isə fərqləndirmə yoxdur. Çünki bu gün İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin hesabatlarına görə, sənayedən əvvəlki dövrlə müqayisədə artıq temperaturun 1,1-1,2 dərəcəyə qədər artımı baş verib. Bu isə o deməkdir ki, inkişaf yolu keçmiş və hazırda inkişaf etməkdə olan ölkələrin istilik effekti yaradan qazların emissiyasının artmasında məsuliyyəti daha çoxdur.

Azərbaycanda keçiriləcək COP29-un əsas mövzularından biri də məhz iqlim maliyyəsi ilə bağlı olacaq, başqa sözlə, maliyyə vəsaitlərinin ötürülməsi ilə bağlı öhdəliklər müəyyənləşdiriləcək. Bu baxımdan inkişaf etmiş ölkələrin illik əsasda müəyyənləşdirilən bir maliyyənin, eyni zamanda, texnologiyanın inkişaf etməkdə olan ölkələrə ötürülməsini gerçəkləşdirmək və beləliklə, 1,5 hədəfinə çatmaq və ya temperatur artımını həmin səviyyədə məhdudlaşdırmaq qarşıya önəmli vəzifə kimi qoyulacaq.

Fikrimcə, 1,5 hədəfinə çatmaq və ya temperatur artımını həmin səviyyədə məhdudlaşdırmaq üçün ən başlıca yol texnologiyanın əldə olunması ilə bağlıdır. Çünki inkişaf etmiş ölkələrdə texnologiyanın inkişafı daha sürətlə baş verir. Lakin inkişaf etməkdə olan ölkələrdə və ya az inkişaf etmiş ölkələrdə texnologiyalara əlçatanlıq nisbətən fərqlidir. Emissiyaların daha az atılması üçün vurğulandığı kimi, texnologiyaların əlçatanlığına nail olmaq zəruridir. Bu baxımdan da inkişaf etmiş ölkələrin öz öhdəlikləri var.

Faiq MÜTƏLLİMOV, 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri 

 

Ekologiya