Sabaha açılan vaxtın mübarək, Hidayət!

post-img

Hidayət Orucov – 80

Hər bir insanın bu dünyada bir ömür payı, Tanrının ona ayırdığı zamanı var. Onilliklərə uzanan, bəzən çox erkən bitən ömürlərin dəyəri insanın bu vaxtın sərhədlərində “yetişdirdiyi” əməlləri, qurub-yaratdıqları ilə ölçülür. İnsan övladı, bu cahan mülkündə yalnız arxada qoyduğu yadigarlar qədər qiymətlidir. Bəşər tarixi göstərir ki, o insanlar zamana sığmır ki, onlar bu cahanda ləl-cəvahiratdan daha qiymətli olan ağıl və zəkadan yaratdıqları söz sarayları qoyub gediblər. Azərbaycanın görkəmli şairi, dramaturq, nasir, publisist, ictimai-siyasi və dövlət xadimi Hidayət Orucov məhz belə şəxsiyyətlərdən, ömür payını yüksək əyarla zinətləndirən simalardandır. 

Hidayət müəllimin bu gün 80 yaşı tamam olur, amma onun fəaliyyəti və yaradıcılığı bu vaxtın sərhədlərini çoxdan aşıb və üzü böyük bir gələcəyə doğru yol almaqdadır. Adının önündə sadaladığım, sadəcə, onun titulları deyil, fitrəti, zəkası, istedadı, qeyrəti, əzmi və gərgin əməyi ilə ünvanına əbədi yazdırdığı, adında pasportlaşan dəyərlərdir. 

 Qədim Oğuz yurdunda, Qərbi Azərbaycanın Meğri rayonunun Maralzəmi kəndində adını dünyaya bəyan etməyə gələn Hidayət cahan mülkünü dərk etməyə başlayan gündən “sıldırım qayaları qəlpə-qəlpə qoparıb”, poeziyada, dramaturgiyada, nəsrdə, publisistikada öz sözünə yol açan, zamanın, vaxtın Hidayətin vaxtı olduğunu hayqıran bir sənətkardır. 

Ağlın və zəkanın bülöv daşı olan təhsilin qapılarını taybatay açdığı Səməd Vurğun adına Aldərə kənd orta məktəbində sahib olduqlarının ilk dəyərini bu məktəbi qızıl medalla bitirəndə nümayiş etdirir. Hələ orta məktəbdə ədəbi nəhrə baş vuranda dərk etmişdi ki, Azərbaycan bədii ədəbiyyatının xəzinəsində uzun əsrlər boyu kifayət qədər böyük və qiymətli sərvətlər toplanıb. Yaxşıların yaxşısını seçmək üçünsə mütləq ali təhsil ocağına yol alıb ədəbi sözün sehrini bilənlərin sevgili dildə verəcəkləri açara sahib olmaq lazımdır. O, dünyaya Meğrinin səmasından baxanda hesab edirdi ki, doğma yurdda yadların basqısında yaşayan yurddaşlarının şüurunu yalnız sözün, sovet dönəmində isə yalnız ədəbi sözün sehri ilə oyatmaq olar. Hidayətin düşüncəsində olan bu idi ki, ədəbiyyat, bədii söz ruhun dərinliklərinə çatmalı və qəlbə toxunmalıdır. Bu mərama isə yalnız poeziyanın, könülləri riqqətə gətirən şeirin ecazkar gücü yetərdi. Hidayət “Mən kiməm?” sual etdiyi şeirdə, əslində, başında qara buludlar dolaşan yurddaşlarının dilindən danışaraq deyir: 

 

Göylərimiz dumanlı,

Gözlərimiz qayğı yurdu–

tufanlı,

Ürəyimiz fikir yuvası idi. 

 

Və başqa bir yerdə deyir:

 

Bilirsiniz mən kiməm?

Babamın atamdan sonrakı yaşı, 

Çiçəkli, meşəli, qayalı 

Zəngəzur torpağı, 

bir aran çeşməsinin su daşı.

 

Təbii köksündə oyanmış vulkanı püskürmək, cahana xalqının haqqını tanıtmaq üçün Hidayət doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Meğri obasının Maralzəmi kəndində qala bilməzdi. Coşub çağlayan, hidayət vaxtının yetişdiyini dərk edən Hidayət üçün bu məkan çox dar idi. Sevdiyi, vurğunu olduğu, soyunun, boyunun cövhəri olub yadların içində onları kökündən ayırmağa qoymayan dilinə, ədəbiyyatına, mədəniyyətinə, adət-ənənəsinə daha dərindən bələd olmaq, uluların qərinələrdən gələn səsini, ününü gələcəyə daha yaradıcı şəkildə daşımaq üçün millətinin baş kəndinə Bakıya yol aldı.

Canı türk qanına susamışların içində tüğyan edən və nə zamansa üzə çıxacaq kibirin, kin-küdurətin bir gün oğuz soyunun varislərinə qan püskürəcəyini bütün varlığı ilə duyan Hidayət zamanın söz zamanı, hidayət göstərməyin sözlə mümkün olduğunu Bakı Dövlət Universitetində doğmalar arasında doğma dildə təhsil alanda bir daha dərk etdi. Bu doğma səslər onu "qədim Oğuz yurdu" Meğridə, bütün Zəngəzurda qəribsəməyə məhkum olmuş doğmalarının taleyi üçün daha gur yanmağa, mübarizəyə səsləyirdi.

Milli varlığın incilərini  öyrənmək üçün ünvan seçdiyi Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin əyani şöbəsinə daxil olan Hidayət burada çox duruş gətirmir. Vaxtın çay suyu kimi sürətlə axdığını və Allahın ayırdığı ömür payının hər dəqiqəsindən xalqının xeyrinə iş görmək yanğısı ilə qiyabi şöbəyə keçib Meğriyə qayıdır və doğma kəndində məktəb müdiri işləməyə qərar verir. Bu məktəbdə qanından və canından olan millətinin balalarına təhsil vermək onun üçün dünyanın ən müqəddəs vəzifəsi idi. Ancaq burda da çox duruş gətirə bilmir və bir neçə ildən sonra yazmaq, yaratmaq həvəsi onu, əməkdaşlıq etdiyi və sonradan dəvət aldığı İrəvanda çıxan “Sovet Ermənistanı” qəzetinə gətirir.

İlk vaxtlardan ruhunda dolaşan və cismini qovuran fikir və duyğularının doğma dildə çap edilən bu nəşrdə “azadlığa” qovuşacağını düşünüb bir müddət bu qəzetdə ədəbi işçi kimi çalışır. Lakin qəfəsə düşmüş quş kimi qəzetin hüdudları və imkanları da onu sıxmağa başlayır. Bu vaxtda isə artıq universitet təhsilini başa vurub ali təhsil diplomu almışdı və daha geniş hüdudları olan məkanlarda olmaq, içini alovlandıran düşüncə və fikirlərini hürrə qovuşdurmaq olardı. 

...1968-ci ildə sanki Tanrı səsini eşidirmiş kimi Hidayətə müqəddəs bir ocağın – teatrın başında durmağı nəsib edir və o, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin edilir. Bu, Hidayət üçün, sadəcə, bir vəzifə deyil, düşüncələrini reallaşdırmaq üçün dramaturgiyaya daha dərindən nüfuz etmək üçün bir fürsət olur. Həyatında yeni sənətə açılan bu qapı onu yeniyetməlik və gənclik düşüncələrinə yeni prizmadan baxmağa, istəklərini dram əsərlərinin qəhrəmanlarının dili ilə söyləməsinə geniş imkan açır. 

Hidayət müəllimin qələm dostu Xalq şairi Nəriman Həsənzadə yazır: “Günlərin bir günü Ermənistan SSR-dən, C.Cabbarlı adına teatrdan dəvət gəlmişdi. Hidayət görkəmli dövlət və siyasi-ictimai xadim Nəriman Nərimanov haqqında yazdığım mənzum pyesimi tamaşaya qoymağa hazırlaşdığını yazır və məni ailəlikcə İrəvana dəvət edirdi.

Qısaca deyim ki, mən ailəmlə birlikdə ... gənc dramaturqun qonağı olduq və "Nəriman" pyesinə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında baxdıq. Tamaşaçılar da, biz də çox razı qalmışdıq. Sən demə, Hidayət bizi İrəvanı gəzdirib Bakıya yola salandan sonra, elə həmin gün onu Ermənistan KP MK-ya dəvət ediblər. "Nəriman" pyesini Ermənistanda tamaşaya qoyduğuna görə, ciddi xəbərdarlıq eləyiblər”.

Amma bunlar Hidayəti əsla öz ideallarından kənara çəkilməyə qoymadı. Çünki o, xalqının özgürlük, yaşama haqqını sözün qüdrəti ilə alova çevirən, vulkan kimi püskürən bir haqq aşiqidir. Mənim sözümü qəribliyə salanlar olsa, o zaman şairin bu misralarına diqqət yetirsinlər:

 

Düşmənim dayanıb düşmən dalında,

Bu daş hansı dağdan qopub, sürüşüb.

Bizim bu günlərin qalmaqalında 

Haqq da, ədalət də didərgin düşüb!

 

Xarici görünüşündən sakit, son dərəcə təmkinli, el dilində desək, ”ipək kimi” görünən Hidayət belə məqamlarda daxilən daha gur çağlayır və bütün varlığı ilə onun xalqının haqqını görməzdən gələnlərə sanki üsyan edirdi:

 

Şaxəli tarixəm,

dibsiz bir quyuyam.

Qədimdən-qədiməm, 

uludan-uluyam.

Bir ovuc,

bir içim xan Araz suyuyam.

 

Gənc, istedadı coşub daşan, milli qeyrəti kükrəyən Hidayət 1975-ci ildə bax belə çağlayaraq soyunun kimliyini sanki təkcə yersiz gəlib yurduna sahiblik iddiası ilə meydan sulayan soysuzlara deyil, bütün dünyaya bəyan edirdi. Əslində, şair bu poemada İkinci Dünya müharibəsi mövzusundan ürəyini dağlayan fikirləri aşkar söyləmək üçün məharətlə istifadə edir. O bilir ki, vaxt hidayət vaxtıdır, həm də onun – Hidayətin vaxtıdır. Ona görə də 70-ci illərdə Zəngəzura həsr etdiyi çoxsaylı şeirlərinin birində deyir:

 

Qan-qada görübdür burda babalar,

Yüz kəndin torpağı–daşı itibdir.

Lökdə bir meşənin məzarlığı var–

Kötük başdaşların yaşı itibdir.

 

Hidayətin nəsrdə, dramaturgiyada hansı zirvədə olduğunu demək bəlkə də mənə düşməz, amma o, bir şair kimi ideal gözəllik və ümumbəşəri yaradıcı nizamın dahisi sayıla bilər. 

 

Məni soruş!

Məni səslə!

Sənə uçan təyyarənin qabağını 

duman kəssə,

Sərnişinlər arasında məndən başqa

bir kimsə də

mənzilinə tələsməsə,

Sənə gələn qatarların yolları da

bağlı olsa,

sənə gələn başqa minik tapılmasa...

üz tutaraq ürəyimdə nağıllaşan 

bir ünvana,

kövrək ada

gələcəyəm pay-piyada,

gələcəyəm, qatarlardan sürətlə mən...

 

Hidayətin bu və ya digər şeirinin yazılma səbəbi bəlkə də o qədər önəmli deyil, mühüm olan, sadəcə, eyni bir məkanda ancaq fərqli vaxtlarda bizə gəlib çatan sətirləri oxuyanda daxilən hansı hissləri və nələri yaşamağımızdır. Məsələn, Azərbaycan xalqı, xüsusən də Qərbi azərbaycanlılar üçün ağrılı-acılı ötən əsrin 80-ci illərində yazılan “Uşaqlıq şəkillərimə” şeirində şair köksündə qançıra çevrilmiş dərdini belə dilə gətirir: 

 

Hələ səni “köçərilər” sanmayıblar,

Şərqə şöhrət tarixini danmayıblar.

Gözləriniz önündəcə

Köhnə, təzə qəbirləri sökən yoxdur, 

Ölülərin ölümünə”Qiyam edib”

istintaq, ittihama çəkən yoxdur.

Xəbəriniz yoxdur hələ–

bu dünyanın min üzü var:

biri ağdır,

biri qara, 

biri arsız...

 

Əvvəldə də qeyd etdiyimiz kimi, şairin özünəməxsus üslubu var və bu, çox dəyərlidir. Onun hələ də pərəstişkarları və yazı tərzini təqlid etməyə çalışanlar var. 

Retrospektiv olaraq Hidayətin vaxtına dəyər vermiş olsaq, onun ədəbi yaradıcılıq sərvətinin – bədii əsərlərinin ömür taxtının ən qiymətli zirvəsində yer aldığına şahid olarıq. Onun 1970-ci ildə İrəvanda işıq üzü görən “Məni səsləyəndə” şeirlər kitabından başlayaraq bir-birinin ardınca “Məhəbbət qocalmır”, “Bir az gözləyin məni”, “Dənizi harayladım” kitabları oxucular arasında böyük maraqla qarşılanır. Ancaq Hidayət poeziya ilə kifayətlənmir və rəhbərlik etdiyi C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında “Məhəbbət yaşayır hələ...” pyesi tamaşaya qoyulur. 

Bu vaxtlar Hidayət müəllim təkcə İrəvandakı Azərbaycan Dram Teatrının direktoru deyil, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü və Azərbaycan Ədəbiyyatı Şurasının sədri, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatı müəllimi olaraq milli düşüncəsi türkə nifrətlə yoğrulan respublikada milli ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərməkdə idi. Bu xidmətlərdən biri də onun bilavasitə rəhbərliyi ilə Qərbi Azərbaycanda yaşayan şair və yazıçıların əsərlərinin dərc edildiyi “Ədəbi Ermənistan” məcmuəsinin işıq üzü görməsi idi. Amma Hidayətin çağlayan könüldən ağ vərəqlərə axan şeirləri, nəsr və dram əsərləri, publisistik yazıları kitab rəflərinə yığılmaqda davam edirdi. 

Şair Hidayətin son dərəcə aydınlıq və harmoniyaya çağırışları həyatın axınında qaçılmaz olaraq səslənən bütün dramatik notları balanslaşdırır. O, şeirlərində də, bədii əsərlərində də, publisistikasında da həm emosional etirazın gücünü, həm də fəlsəfi axtarışların dərinliyini bilir. Hətta ömrünün sovet dövrünü yaşayan Hidayət təmkin və klassik forma zərifliyinin mükəmməlliyini kəşf edə bilib. Bu da, müxtəlif nəsil oxucuların ona heyran olmasını təmin edir.

Bir erməni hiyləsi ilə belə zindana atılması gizli düşmən üçün çətin olmadığı bir vaxtda gənc, yaşı hələ 30-u keçməyən bir türk ziyalısının bütün qədim Oğuz elini – Ermənistanı rəhbərlik etdiyi teatrla addım-addım gəzərək burada yaşayan qanı, dili, dini bir xalqını mədəniyyətə, dəyanətli, qürurlu olmağa çağırması heç də adi məsələ deyildi. Üstəlik, bu istedadlı zəka sahibinin məhz erməni fitnələrinin cilalandığı İrəvanda davamlı olaraq şeir kitabları nəşr olunur, dramları teatrda tamaşaya qoyulurdu. Qonşu ölkənin hökumət rəhbərləri bu gənc istedadın nümayiş etdirdiyi əzmkarlığı, zəhməti və ərsəyə gətirdiyi işlərin dəyərini verməyə bilməzdilər, çünki sovet quruluşunun tələbləri onları buna məcbur edirdi. Ona görə də 1978-ci ildə Hidayət Orucov Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adı ilə təltif edildi.

Bundan sonra bir qədər də açıq mətnlə yaradıcılığını davam etdirən Hidayətin İrəvanda sanki vaxtı sona yetməyə başlayır. Açıq-gizli təzyiqlər artıq ona, parlaq gələcəyi olan gənc Azərbaycan ziyalısına Ermənistanda yaşayıb-yaratmağa yer qoymur. Hidayət bəlkə də ruhunun daha azad nəfəs alması və qəlbini dağlayan həqiqətləri daha geniş auditoriyaya çatdırmaq üçün Bakıya köçmək məcburiyyətində qalır. Bu ona daha məhsuldar işləməyə, poetik istedadının məhsulu olan “Eviniz analı olsun”, “Zirvə cığırı”, “Qatardan məktub” şeir kitabları ilə yanaşı, “İrəvanda xal qalmadı”, "Sabaha çox var" nəsr, dramaturgiya və publisistika kitablarını nəşr etməyə imkan verir. Həmin illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında "Məni qınamayın" pyesi uğurla tamaşaya qoyulur. Lakin onun Bakıya köçməsi ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzə başlaması, azərbaycanlıların kütləvi şəkildə Ermənistandan deportasiya edilməsi arasında elə də çox vaxt keçmir. 

Hidayət Ermənistan ideoloqlarının hansı işlər çevirdiyini bütün ruhu ilə hiss etmişdi və elə ona görə də “kin əkən bu qövmün bir gün qan biçəcəy”ini görürdü. 1988-ci ildə bədxah qonşularımızın Azərbaycana təcavüzü başlayanda milli qüruru bütün təltiflərdən və mükafatlardan uca tutan Hidayət Orucov Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etdi. 

Bakıya gələndən az müddət sonra "Gənclik" nəşriyyatının direktoru vəzifəsində çalışan Hidayət Orucov doğma ellərdən köç başlayanda heç nəyə məhəl qoymadan kəskin publisistik qələmini işə salıb son dərəcə sərt məqalələrlə mətbuat səhifələrində çıxış etməyə, erməni separatçılarının, onların ideoloqlarının və havadarlarının iç üzünü açan tarixi sənədlərin nəşrlərinin meydana çıxmasında əzmlə, peşəkarlıqla çalışır. Bu məqamlarda vaxtın Hidayətin vaxtı olduğunu bir an belə unutmur və bədii, elmi-publisistik əsərlərdə Qərbi Azərbaycandan qovulan soydaşlarının ən yeni tarixinin canlı şahidi olaraq çoxlarına məlum olmayan ictimai-siyasi hadisələrin gizli-açıq məqamlarının təhlilini verir.

AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Nizami Cəfərov yazır: “Yaradıcı ruhunun - istedadının "ilk məhəbbəti" olan poeziyanın ilham pərisi Ermənistanda olduğu kimi, Azərbaycanda - Bakıda da Hidayəti heç zaman tərk etmir”. Həqiqətən Hidayət müəllim Bakıya gələndən sonra poetik düşüncələrinin nəzmə çəkilməsi üçün yorulmadan çalışır və onun şeiriyyətinin vurğunu olan oxucularını nəşr etdirdiyi yeni kitablarla sevindirməkdə davam edir. Nə zəhməti, nə istedadının sayəsində ərsəyə gətirdiyi əsərləri diqqətdən kənarda qalmır və 1991-ci ildə dövlət tərəfindən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür.

Hidayətin istedadına, yaşadığı ağrı-­acılara, keşməkeşlərə, eyni zamanda, bütün bunlara rəğmən əldə etdiyi uğurlara dərindən bələd olan AYB-nin sədri, Xalq yazıçısı Anar ondan bəhs edərkən yazır: “Tanrının verdiyi ömrü hamı onun müəyyənləşdirdiyi vədədə başa vurur. Lakin heç də hər bir insan həyatının hansısa məqamında arxada qalan ömrə, illərə, görülmüş işlərə, dəyişdirilməsi mümkün olmayan əməllərə baxıb, Hidayət kimi özünəməxsus təvazökarlıqla deyə bilmir: bəli, mən yaşamışam..."

Azərbaycan üçün təlatümlü və fəlakətli olan ötən əsrin 90-cı illərində yüksək dövlət vəzifələrində çalışan, Hidayət bədii yaradıcılığı da əsla kənara qoymur və yuxusuz gecələr hesabına bir neçə kitabın ərsəyə gəlməsinə nail olur. Onun "Doxsanıncı il", "Həsrət", "Hərdən xatırla məni” şeir, “Sözün vaxtı” publisistika kitabları məhz həmin illərdə işıq üzü görür. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulan “Bu dünyanın adamları" pyesi də tamaşaçı rəğbəti ilə qarşılanır.

Hidayətin yaradıcılıq xəzinəsinin əsas fəlsəfəsi pozitivizm ideyasıdır, yəni yeni zamanda, yeni həyata, ən yeninin–müasirin formalaşmasına ümid və inam var. İstər dram əsərlərində, istər poeziyasında Hidayət insanları, ilk növbədə isə, xalqını yüksək amallar üçün doğulduğuna inandırır, onların talelərinin dəyərinin məhz bu yüksək amallarda olduğunu deyir, onların bunu dərk etmələri üçün yol göstərir. 

Əgər şairlərin yuxusuz gecələrinin məramı əbədi mayaka çevrilməkdirsə, o zaman Hidayət illərdir ki, təkcə poeziyada deyil, dramaturgiyada, nəsrdə və publisistikada, ən qatı dumanda belə uzaq mənzillərdən xilasın ona yan almaqda olduğunu göstərən mayakdır.

Hidayət Orucov Azərbaycan ədəbiyyatı tarixinə əbədi həkk olunmuş bir nəhəngdir. Onun lirik istedadı nə qədər özünəməxsus və yüksəkdə durursa, dramaturgiya və publisistika istedadının da bu zirvəyə yüksəldiyini inkar etmək olmaz. Onun şeirləri söz oyunu, mürəkkəb assosiativ silsilələr, canlı metaforalar, obrazlar, mürəkkəb sintaksisdən istifadə ilə səciyyələnir. Bununla yanaşı, onun qeyri-adi yazı dili var və bir söz adamı olaraq deyərdim ki, bunun özü də unikaldır. Yaratdığı obrazlar o qədər canlıdır ki, oxuyanda sanki sənə yol yoldaşı olur. 

Etiraf edim ki, onun nədə – poeziyadamı, nəsrdəmi, dramaturgiyadamı, publisistikadamı daha yaxşı olduğunu söyləmək çox çətindir. Hidayət tamamən fərqli üslubda yazır. Amma bu üslubun canı realizmdir. Onun şeirlərində xəyallar, sevgi qeyrət, qandan gələn təəssübkeşlik, yeri gələndə hiddət və etiraz var, amma bunlar gerçəkdir, realdır, canlı insanın hissləri, duyğularıdır.

 

Balatonda bir qız gördüm,

Dağ qızına oxşayırdı.

Dodağında ot saplağı,

Saçlarında səhər mehi,

Gözlərində qara gilə...

Yeri-göyü, dalğaları,

Çiçəkləri, ağacları

İlk sevgitək oxşayırdı.

 

Belə lirik ricətləri ilə könülləri riqqətə gətirən şairin siyasi səhnədə də özünəməxsus fəaliyyəti və iradəsini, qətiyyətini göstərən addımları olub. Bunun da özəl bir səbəbi olub. Hidayət Orucov ömür vaxtının bütün mərhələlərində ümummilli lider Heydər Əliyevin pərəstişkarı, onun şəxsiyyətinin vurğunu olub. Şair, nasir, dramaturq ulu öndər Heydər Əliyevlə təkcə qürur duymayıb, həm də öz dərin zəkası ilə onu millətinin, xalqının və dövlətinin xilaskarı kimi görüb. Bunu onun “Heydər Əliyev və Azərbaycanda milli siyasət", "İrəvana 7 məktub", "Burdan min atlı keçdi" və sair əsərlərində aydın görmək olur. Xatirələrinin birində Hidayət müəllim deyir: “İrəvan Pedaqoji İnstitutuna görüşə dəvət etmişdilər. Əvvəllər Siyasi Büro üzvü kimi burada Heydər Əliyevin portreti var idi. Görüşə gələndə diqqət etdim ki, Heydər Əliyevin portreti yoxdur. Universitetin Azərbaycan bölməsinin dekanından soruşdum: “­Heydər Əlirzaoğlunun portretini görmürəm?” Dedi: “Bunlar çıxarıblar, indi biz də Heydər Əliyevin o ölçüdə şəklini axtarırıq”. İnstitutun rektoru da mənim sol tərəfimdə gedirdi. Başqa bir sözümüz olmadı. Zala girdik. Rektor yavaşca mənə tərəf əyilib dedi: “Sizin dekanla söhbətinizi eşitdim. Siz elə şeylərə fikir verməyin. Hansısa axmaq o şəkli oradan çıxarıb... Mən özüm tapşıraram, Heydər Əliyeviçin portretini gətirib ora vuracaqlar”. Mən də sözümü lazımi tərzdə dedim: “Yox, mən ona bir söz demirəm, amma belə bir təhsil müəssisəsində hansısa axmağın portreti oradan salması təəssüf doğurur. Fikirləşirəm 30 il Mikoyanın şəkli bizim başımızın üstündə olub. Bir azərbaycanlı onu divardan qoparıb düşürməyib. Siz elə bilirsiz bizim içimizdə axmaq yoxdur, var. Amma heç kim bunu etməyib...”

Tale elə gətirir ki, 1990-cı illərin əvvəllərindən etibarən Hidayət mühüm dövlət işlərinə irəli çəkilir. 1992-ci ilin sonlarından isə Milli siyasət məsələləri üzrə Dövlət müşaviri kimi bilavasitə öz siyasi kumiri, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında çalışmağa başlayır. Bu dövlət postunda da Hidayət Orucov özünün böyük təşkilatçılıq istedadını göstərərək ümummilli lider Heydər Əliyevin öndərliyilə Azərbaycanda gedən genişmiqyaslı milli dövlət quruculuğu prosesində fəal iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildə Hidayət Orucovun dövlət quruculuğu işlərində fəaliyyətini yüksək qiymətləndirərək onu "Şöhrət" ordeni ilə təltif edir. 

Yəqin, elə Xalq şairi Nəriman Həsənzadə də, qələm dostunun bu uğurundan fərəhlənərək yazır: “Hidayət bu millətin bəxtinə doğulanlardandır. Öz taleyi ağır olsa da, xalqının, başqa xalqların taleyində mühüm rolu olub. Və indi də var, zaman onu tamam yeni ruhlu, yeni təfəkkür tərzinə malik, yeni tipli sənətkar kimi yetişdirdi. Böyük bir şəxsiyyətin (ulu öndər Heydər Əliyevin – İ.R.) yanında formalaşmışdır... Hidayətin şəxsində Azərbaycan ədəbiyyatı müstəqil Azərbaycan dövlətçiliyinə xidmət edir. Bu onun taleyi və şərəfli tərcümeyi-halıdır".

Hidayət müəllimin ömür gündəliyini qələmə almaq, adi bir kənd məktəbinin müdirliyindən Dövlət müşaviri, Dini İşlər üzrə Dövlət Komitəsinin sədri, Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi dövlət vəzifələrinə qədər şərəfli yol keçən şəxsiyyətdən bir qəzet səhifəsində hər şeyi təfsilatı ilə yazmaq əsla mümkün deyil. 

Əslində, bu yazımız 80 il “Sözün vaxtı”nı özünün vaxtı bilən Hidayət müəllim haqqında, bəlkə də, kiçik bir təqdimatdır. İstərdik, Hidayət müəllim bunu vaxtın hüdudlarına sığmayan şair, dramaturq, nasir, tərcüməçi, dövlət xadimi, diplomatın 80 illiyinə bir təbriknamə kimi qəbul etsin. 

Yaşınız, sabaha açılan vaxtınız mübarək, Hidayət müəllim!

İlqar RÜSTƏMOV 
XQ 

 

Sosial həyat