Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə rəsmi səfərdə olan Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub. Bildirilib ki, Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında illər ərzində qurulan uğurlu ikitərəfli tərəfdaşlıq mövcuddur. Qeyd olunub ki, bu gün iki ölkənin Daxili İşlər nazirlikləri arasında imzalanmış əməkdaşlıq sazişi tərəfdaşlığı gücləndirəcək, xüsusilə cinayətlərin qarşısının alınması, açılması və təqsirkarların müəyyənləşdirilməsi sahəsində birgə fəaliyyətə töhfə verəcək.
Görüş zamanı regionda sabitliyin və davamlı sülhün təmin edilməsinin vacibliyi də diqqətə çatdırılıb.
***
Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin daxili işlər naziri Geka Geladze ilə də görüşüb.
Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.
Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.
XQ


