Qarabağda yaşıl enerji layihələrinin inkişafı hazırkı siyasi kontekstdə olduqca əhəmiyyətlidir. 2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsindən sonra bölgənin bərpası və yenidən qurulması üçün bir çox layihələr həyata keçirilir. Bu layihələr, regionun uzunmüddətli sabitliyi və inkişafı üçün vacibdir. Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri, enerji effektivliyi üzrə xidmətlərin təşkilinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. Azərbaycan hökuməti, bölgədə yaşıl enerji infrastrukturunun qurulması və yenilənəbilən enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində bir sıra təşəbbüslər irəli sürüb. Bu təşəbbüslər, beynəlxalq təşkilatlar və investorlar tərəfindən dəstəklənir və bölgədə dayanıqlı enerji təminatının qurulmasına yönəlib.
Qarabağ bölgəsi, ilin böyük bir hissəsində günəşli günlərin çox olması səbəbindən günəş enerjisi potensialına malikdir. Bu, günəş panellərinin quraşdırılması və günəş elektrik stansiyalarının tikilməsi üçün əlverişli şərait yaradır. Günəş enerjisi, karbon emissiyalarını azaldaraq ətraf mühitin qorunmasına kömək edir. Eyni zamanda həm yerli ekosistemlərin qorunması, həm də qlobal iqlim dəyişikliyi ilə mübarizə baxımından vacibdir. Bölgənin coğrafi mövqeyi və yüksək dağlıq əraziləri, külək enerjisindən istifadə etmək üçün əlverişli imkanlara malikdir. Külək turbinləri vasitəsilə elektrik enerjisinin əldə edilməsi, bölgənin enerji təminatını artırmaq üçün effektiv bir yol ola bilər.
Eyni zamanda, zəngin su resursları, hidrogen enerjisi istehsalı üçün də potensial təqdim edir. Bu, xüsusilə gələcəkdə enerji istehsalı və nəqliyyat sektorunda yaşıl hidrogenin istifadə edilməsini təşviq edə bilər. Bununla yanaşı, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları hidroenerji istehsalı, Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları isə günəş enerjisindən istifadə üçün əlverişli imkanlara malikdir. Qarabağ bölgəsində daş kömür yataqları da mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndində 8.5 milyon ton daş kömür ehtiyatı vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı mövqeyini ifadə etmişdir. 2022-ci il mayın 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” çox mühüm sərəncam imzalayıb.Yaşıl enerji, karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldaraq ətraf mühitin qorunmasına kömək edir. Ölkə, yaşıl enerji sahəsində investisiyaları cəlb etmək üçün beynəlxalq investorlarla əməkdaşlıq edir. Bu, yenilənən enerji layihələrinin inkişafına dəstək verir və sektorun büyüməsini təmin edir. İnvestisiyalar, yaşıl enerji layihələrinin inkişafı üçün lazım olan infrastrukturun yaradılmasına kömək edir.
2020-ci ilin dekabr ayının 29-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə, 2021-ci ildə Azərbaycanda günəş enerjisi stansiyasının tikintisinə dair layihənin həyata keçirilməsinə dair Azərbaycan hökuməti və BƏƏ-nin “Masdar” şirkəti günəş elektrik stansiyası tikintisi üçün müqavilə imzalanmışdır. İnvestisiyaların artması, yerli iş yerlərinin yaradılmasına və yaşıl enerji sektorunda mütəşəkkil əməkdaşlıq sahələrinə yol açır və işsizliklə mübarizədə, iqtisadiyyatın inkişafında və sosial səmərəliliklərdə artıma təkan verir. Yaşıl enerji sahəsində mütəxəssislərin yetişdirilməsi və təcrübə qazanılması üçün də investisiyaların əhəmiyyəti var. İnvestisiyalar yerli potensialın inkişafına və bölgənin yaşıl enerji sahəsində lider rol oynamasına imkan verir. Eyni zamanda, yaşıl enerji addımları, Azərbaycanın iqtisadiyyatının diversifikasiyasına və ətraf mühitə müsbət təsir edir.
Şəbnəm Zeynalova
Siyasi elmlər üzrə fəlsəfə doktoru