Sahibkarlar bu sahəyə 6,7 milyard manat yatırıblar
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili, habelə əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılması məqsədilə Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması haqqında 12 iyun 2024-cü il tarixli fərman imzalayıb.
Sənəddə Hacıqabul Sənaye Parkının sahibkarlığın inkişafı üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədi ilə istifadə edilən ərazi kimi fəaliyyət göstərəcəyi bildirilir. Fərmanla, eyni zamanda, adıçəkilən sənaye parkının fəaliyyətinin təşkili, idarə edilməsi və inkişafı ilə bağlı tədbirlərin İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçirilməsi tapşırılır.
Hacıqabul Sənaye Parkının fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 25 iyul tarixli və “Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında” 2020-ci il 13 may tarixli sərəncamları ilə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti üçün ayrılmış 60 hektar ərazidə təşkil olunur. Fərmanla Nazirlər Kabinetinə Hacıqabul Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə 6 ay müddətində zəruri tədbirlər görülməsi tapşırılır. İqtisadiyyat Nazirliyi qarşısına isə 3 ay müddətində Hacıqabul Sənaye Parkında istehsal və emal olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri müəyyənləşdirmək, Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan sahibkarlıq subyektlərinin sənaye parkının rezidenti və ya qeyri-rezidenti kimi qeydiyyata alınması ilə bağlı tədbirlər həyata keçirmək vəzifəsi qoyulur.
Beləliklə, hazırda ölkəmizdə sənaye parklarının sayı 8 (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam, Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” və Hacıqabul Sənaye Parkı) və 4 sənaye məhəlləsi (Masallı, Neftçala, Sabirabad və Şərur) fəaliyyət göstərir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına əsasən, 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 140-dan çox sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6 min 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, cari ilin birinci rübündə sənaye zonalarının rezidentləri tərəfindən, ümumilikdə, 640,3 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 223,6 milyon manatı ixracın payına düşüb. Ötən il sənaye parklarının rezidentləri tərəfindən satış 20,6 faiz, ixrac isə 10,8 faiz artıb.
Ölkəmizdə sənaye zonalarının inkişafı daim diqqətdə saxlanılır. Sənaye parkları və məhəllələri, eləcə də aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 2021-ci il 22 yanvar tarixli fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılması da bunun bariz ifadəsidir. Bundan əsas məqsəd sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlamaq, həyata keçirilməsini təmin etmək, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərini həyata keçirmək olub.
Sənaye parklarının qarşısına innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişaf etdirilməsi, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi mühüm vəzifə kimi qoyulub. Bütün bunlarla yanaşı, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının gerçəkləşdirilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin yüksəldilməsi, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məsələlərə xüsusi önəm verilib.
Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında indiyədək bir sıra stimullaşdırıcı tədbirlər tətbiq olunub. Məsələn, Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb.
Hazırda Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və artıq burada sosial zonanın təşkili yekunlaşıb, parka ayrılan 190 hektar ərazi minalardan təmizlənib, elektrik enerjisi və su təchizatı sistemi qurulub. Həmçinin rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi İdarə Heyətinin sədri Seymur Adıgözəlovun sözlərinə görə, cari il ərzində Ağdam Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub. Artıq parkın ərazisinin 60 faizindən çox hissəsi sahibkarların uzun müddətlik istifadəsinə verilib.
Ağdam Sənaye Parkında ümumi investisiyaları 200,6 milyon manat olan 23 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik verilib. Onların parkda, ümumilikdə, 1900-dən çox iş yeri yaratmaları nəzərdə tutulub. İndiyədək parka 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
Bu il Ağdam Sənaye Parkında havalandırma, yanğınsöndürmə avadanlıqlarının və müxtəlif metal məmulatlarının, tikinti materiallarının, dam örtüklərinin, boru və qutu profillərin, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, müxtəlif növ dəmir yolu avadanlıqların, divar kağızlarının, ayaqqabıların istehsalına başlanılması nəzərdə tutulur.
Azad olunmuş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsində, eləcə də sənaye sahəsində məşğulluğun təmin olunmasında mühüm rol oynayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılması haqqında” Prezident İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə Cəbrayıl rayonunda yaradılıb.
Parkın logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi də onun uğurlu fəaliyyəti üçün zəmin yaradır. Belə ki, parkın ərazisindən həmin magistral yollara birbaşa giriş-çıxışın təmin edilməsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınmasına imkan verir.
200 hektar ərazini əhatə edən parkın prioritet istiqamətləri kimi logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin təşkili müəyyənləşdirilib. Bütün bu amillər həm yerli, həm də xarici iş adamlarının marağına səbəb olub.
Bir sözlə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasında əsas məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil olunması, eyni zamanda, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.