Hayastanda gərginlik səngimir

post-img

Ermənistanda siyasi vəziyyətdəki gərginlik qalmaqdadır. İyunun 12-də hakimiyyəti güc yolu ilə devirmək arzuları gözlərində qalan radikal müxalifət təmsilçiləri hazırda daha da azğınlaşıblar. Aydın görünür ki, onlar yeni təxribatlara hazırlaşırlar.

Qeyd edək ki, iyunun 12-də polis qanunun tələblərinə əməl etməyən radikalları güc tətbiq etmək yolu ilə parlament binası yaxınlığından uzaqlaşdırmağa məcbur olub. Asayiş keşikçiləri aksiyanı dağıtmaq üçün işıq-səs qumbaralarından (əsasən polisin istifadə etdiyi öldürücü olmayan xüsusi sursat–S.H.) istifadə ediblər. Toqquşmalardan sonra 101 nəfər həkimə müraciət edib. Bu barədə Ermənistan səhiyyə nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, onlardan 85 nəfər xəstəxanadan evə buraxılıb, 16 nəfər isə xəstəxanalarda tibbi yardım almaqdadır. Barmaqları qopduğu üçün əməliyyat olunan xəstənin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Xəsarət alanlar arasında 18 polis əməkdaşı da var.

Baş verənləri qiymətləndirən Ermənistan parlamentindəki hakim “Mülki müqavilə” fraksiyasının rəhbəri Ayk Konjoryan bildirib ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları qanunverici orqana hücum təşkil edib. Parlamentdəki müxalifətçilər də onlarla əlbir olublar: “Parlamentə ilk hücum 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə baş vermişdi. İğtişaşlarçılar həmin vaxt parlamentin sədri Ararat Mirzoyanı döyərək öldürməyə cəhd etmişdilər. İyunun 12-də Baqrat Qalstanyan və parlament müxalifəti dəhşətli terror aktı törətməyə və Ermənistanın dövlətçiliyinə son qoymağa çalışaraq, ikinci noyabr hadisəsini təşkil etməyə cəhd etdilər. Bu hadisə 1999-cu il oktyabrın 27-də törədilən terror aktına da bənzəyir. Ermənistan Respublikasının hüquq-mühafizə orqanları yeni terror aktının, yeni 27 oktyabr hadisəsinin – hakimiyyəti qanunsuz yolla ələ keçirmək cəhdinin qarşısını alıblar. Bu gün və bundan sonra parlament çoxluğu və baş nazirin rəhbərlik etdiyi siyasi komanda Ermənistanın müstəqilliyini və suverenliyini istənilən hücumlardan qoruyacaq”.

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan isə deyib ki, iyunun 12-də baş verən hadisələrin əsas məsuliyyəti bütün ermənilərin katolikosu II Qareginin üzərinə düşür: “Tanrıya şükürlər olsun ki, “əlahəzrət”in xeyir-duası ilə baş verən hücum tez bir zamanda və qanuni yollarla dayandırıldı. Bütün yaralıların tezliklə şəfa tapmalarını diləyirəm”.

Parlamentdə siyasi ehtirasların coşmasına “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan da öz “töhfəsi”ni verib. Ohanyan və bir qrup müxalifətçi deputatın qanunverici orqanın işini pozması sədr Alen Simonyanla müxaliflər arasında insident yaşanmasına gətirib çıxarıb. Müxalifətçi parlamentarilər Simonyanı deputat avtomobillərinin parlamentə girişinə məhdudiyyət qoymaqda ittiham ediblər. Bu zaman S.Ohanyan parlament tribunasına qalxaraq A.Simonyanı yalan danışmaqda ittiham edib. Erməni spiker isə Ohanyanın özünün yalan danışdığını bildirib və onu parlamentin tribunasından qovub.

A.Simonyan şəxsi teleqram kanalında isə yazıb ki, 2018-ci ildə olduğu kimi, bu gün də hamınızı – Ermənistanın qanuni asayişini qoruyan polis əməkdaşlarını bağrıma basıram.

Nikol Paşinyan özü də parlamentin qarşısında baş vermiş toqquşmaya görə II Qaregini və ölkənin sabiq prezidenti Robert Koçaryanı ittiham edib. Parlamentdə 2023-cü il dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi zamanı çıxış edən baş nazir deyib ki, katolikosun və Koçaryanın rəhbərlik etdiyi hərəkatın tərəfdarları polislərə hücum edib: “Robert Koçaryanın və katolikos II Qareginin rəhbərlik etdiyi hərəkat polis əməkdaşlarına hücuma razılıq verib”.

O əlavə edib ki, ruhanilərin bir nümayəndəsinin hücumu təhrik etməsi çox kədərlidir: “Arxiyepiskop rütbəsindəki bir adam polisi dəbilqələrini çıxarmağa çağırdı və asayiş keşikçilərini təhlükədə olmadıqlarına inandırdı. Lakin tezliklə onlara daş atmağa başladılar”. Paşinyan 18 polis əməkdaşının və 83 mülki şəxsin yaralandığını bildirib.

Baş nazir qeyd edib ki, etirazçılardan biri yerdəki işıq-səs qumbarasını götürərkən üç barmağını itirib. Paşinyan vurğulayıb ki, əgər o bunu etməsəydi, bu cür xəsarətlərin qarşısını almaq olardı.

Nikol polisin reaksiyasını qanuni, adekvat və peşəkar adlandırıb. Dövlətçiliyin və suverenliyin qorunması üçün bundan sonra da hüquq-mühafizə orqanları əməkdaşlarının indiki qaydada hərəkət edəcəklərini vurğulayıb. Vurğulayıb ki, hökumət “mərhəmətli və qayğıkeş” olmalıdır, lakin zəif olmamalıdır.

Paşinyan Koçaryanın rəhbərlik etdiyi “Qarabağ klanı”nın Ermənistanda hakimiyyəti dəyişə bilməyəcəyini xüsusi vurğulayıb: “Mən feodal klerikal elitaya səslənirəm: siz Ermənistanda hökumət dəyişikliyini həyata keçirə bilməyəcəksiniz, siz gücsüzsünüz”.

Son hadisələr, adətən, bir çox məsələlərə münasibət bildirməyən Ermənistan prezidenti Vaaqn Xaçaturyanın da dilə gəlməsinə səbəb olub. O, jurnalistlərlə söhbətində deyib: “Əslində, hər şey hüquqi dövlət qaydalarına uyğun, qanun çərçivəsində baş verməlidir. Biz mitinqləri təşkil edən şəxslərə dəfələrlə xəbərdarlıq etmişik ki, süni gərginlik yaratmaqdan çəkinsinlər, dövlət məmurlarına qarşı cinayət törətməsinlər. Amma təəssüflər olsun ki, onların davranışı fərqli idi və təhlükəsizlik qüvvələri faktiki olaraq, öhdələrinə düşən işi, yerinə yetirməyə borclu olduqları tədbirləri görməli idilər. Əmin olun ki, nə qanunverici, nə də icraedici hakimiyyət, bizim heç birimiz hansısa vətəndaşımızın vəziyyətini pisləşdirməyə və ya zorla asayişi bərpa etməyə meyilli deyilik”.

Baqramyan prospektində baş verən iğtişaşlar zamanı Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısı, “Sisakan” dəstəsinin komandiri, “Aşot Yerkat” ləqəbli Aşot Minastanın saxlanıldığı da məlum olub. Bu barədə “Aysor.am”a hüquqşünas Sergey Arutyunyan məlumat verib. Qeyd edib ki, Minasyan kütləvi iğtişaşlarla bağlı cinayət işi çərçivəsində 72 saat müddətinə saxlanılıb.

Qarşıdurmanın əsas təşkilatçısı, əhalini təxribata sürükləyən Baqrat Qalstanyan isə dünən səhər hökumət binası yaxınlığında quraşdırılmış tribunaya çıxaraq deyib: “Daha burada qalmağın mənası yoxdur. Baqramyan prospektinə gedirik. Bizimlə gəlmək istəyənlər prospektə qalxsınlar, təbii ki, biz bir-birimizdən ayrılacağıq. Bu müddət ərzində insanlar yaralıların və saxlanılanların məsələləri ilə məşğul olacaq. Axşam saat 8-də məşhur yerdə – Baqramyan-Dəmirçyan küçələrinin kəsişməsində müşavirə keçirib görüşəcəyik”.

Onu sözlərinə görə, hakimiyyət belə bir illüziya yaratmaq istəyir ki, etirazçılar binanı zəbt edirlər: “Amma biz boş binaları ələ keçirmək fikrində deyilik, hərçənd ki, istəsək, edə bilərik. Bizim vəzifəmiz bu şəxsi istefaya məcbur etməkdir. Dünən ən həyasız adam kimi dedi ki, mənimlə görüşmək lazım gəlsə, məni baqaja atdırıb görüşə gətirəcək. Qorxduğu üçün getmir – cinayətlərini, xəyanətlərini, gizli imzaladığı yazılı və şifahi müqavilələri bilir. O, kimin əmrlərinə tabe olduğunu bilir. O, polis rəisi Aram Ovannisyanı əməliyyatları, özü və oğlu haqqında düşünməyə çağırıb. Gün gələcək, biz onun general rütbəsini necə əldə etdiyini öyrənəcəyik”.

Ermənistanın populyar qəzetlərindən olan “Hraparak” qəzeti yazıb ki, hakimiyyət öz davranışları və Baqrat “srbazan”ın başçılıq etdiyi hərəkatın zəifləməsi barədə bəyanatları ilə fon yaratmağa çalışsa da, N.Paşinyanın təhlükəsizliyini gücləndirməkdə davam edir. Bu dəfə baş nazirin ofisi yeni təhlükəsizlik sistemi – binanın daxilində quraşdırılmalı olan videoçəkiliş sistemi alıb. Qeyd edilib ki, bu sistem üçün dövlət büdcəsindən xeyli vəsait ödənilib. Texniki göstəricilərinə əsasən bilmək olur ki, yeni videoçəkiliş sistemi təkcə təsviri deyil, səsi də qeyd edir. “Bu cihaz dövlət işçilərinə nəzarət etməkdən daha çox daxili istifadə üçün nəzərdə tutulub” – deyə “Hraparak” qəzeti bildirib.

“Hetq.am” saytı isə polisin etirazçılara qarşı xüsusi vasitələrdən, o cümlədən Rusiya istehsalı olan “Zarya-3” əl qumbarasından istifadə etdiyini dəqiqləşdirib.

İrəvanda yaranmış vəziyyətə iş adamı, Moskvadakı “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyan da münasibət bildirib. O, yeni qarşıdurmadan çəkinməyə çağırış edib: “Bu günlərdə İrəvandakı mövcud vəziyyəti nəzərə alaraq, mən bütün tərəfləri insan tələfatına səbəb ola biləcək hər hansı ritorikadan və hərəkətlərdən çəkinməyə çağırıram. Ölkədəki mövcud siyasi böhranı nəzərə alaraq, məsuliyyətlə hərəkət etmək, bir-birinə hörmət göstərmək, dialoqa və vəziyyətin sülh yolu ilə həllinə çalışmaq vacibdir. İnanıram ki, kollektiv səylərlə bu problemi aradan qaldırmaq, ölkəmizin bütün vətəndaşlarını heç bir meyarla bölmədən onların təhlükəsizliyini və sabitliyini təmin etmək olar. Bu, prioritet məqsəddir”.

Etirazlar nəticəsində nələrin baş verə biləcəyinə dair sualımızı cavablandıran Y.Hacıyeva qeyd etdi ki, N.Paşinyan iqtidarı növbədənkənar seçkilərə getməklə yaranmış problemi aradan qaldıra bilər.

Ermənistandakı prosesləri “XQ”yə şərh edən politoloq Yeganə Hacıyeva bildirdi ki, Hayastan cəmiyyətinin radikal, revanşist kəsimi 2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsində ölkənin məğlub olmasının təqsirini Nikol Paşinyan hökumətində görür və vaxtaşırı olaraq, baş nazirin və onun hökumətinin istefaya getməsi üçün cəhdlər edir. Onun sözlərinə görə, etirazçılar özləri də yekcins deyil və onları bir neçə qrupa bölmək olar. Hazırda əsas aktivlik nümayiş etdirənlər vaxtilə Ermənistanda hakimiyyətdə olmuş “Qarabağ klanı” adlandırılan qüvvələrdir: “Bu qrup Rusiya daxilində erməni diasporu və lobbisi ilə əməkdaşlıq edir. Rusiyanın Ermənistandakı prosesləri yanaşması da bu çərçivə ilə məhdudlaşır. Yəni, “Qarabağ klanı”nı dəstəkləyənlər Rusiya daxilindəki erməni diasporu və lobbisidir”.

Y.Hacıyevanın sözlərinə görə, ABŞ və Avropa İttifaqındakı erməni lobbisi də proseslərdə iştirak edir. Bundan əlavə, İrəvan küçələrində fərqli bir qrup da var. Bu, qrupda təmsil olunanlar əvvəlkilərlə birbaşa ittifaqdadır və onlar yeni “yanaşma” ortaya qoyublar: “Məsələ ondadır ki, onlar dünyada xristian həmrəyliyi adı altında xristian təşkilatlarından bu və ya digər formada dəstək almaq istəyirlər və Ermənistan–Azərbaycan münasibətlərini xristian–müsəlman aspektindən dəyərləndirməklə Paşinyana qarşı etirazlara başlayıblar. Bakı və İrəvan hansısa məsələdə razılaşma əldə edən kimi bu qruplara sifariş verilir və onlar dərhal hərəkətə keçirlər. Maraqlı qruplar Paşinyanın iqtidarının Azərbaycanla əldə etdiyi razılaşmaları erməni cəmiyyətinə yanlış formada çatdırırlar”.

Səxavət HƏMİD 
XQ

 



Siyasət