Azərbaycan “yaşıl” iqtisadiyyatı çiçəkləndirir

post-img

Bu ilin noyabr ayında respublikamız dünyada iqlim siyasətinin mərkəzinə çevriləcək, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransının 29-cu ses­siyası (COP29) reallaşacaq. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, bundan əvvəl, noyabrın 12-13-də isə paytaxtımızda İq­lim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti gerçəkləşəcək və bu sammitlə COP29-a start veriləcək.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevin sözlərinə görə, sessi­yanın proqramı təkcə maliyyə məsələləri ilə məh­dudlaşmayacaq. Burada su problemləri, torpaqla­rın deqradasiyası, “yaşıl” kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, sağlamlıq və s. kimi bir çox digər va­cib məsələlər ətrafında da müzakirələr aparılacaq. 

M.Babayev qeyd edib ki, maliyyə COP üçün əsas mövzudur: “Bu, o qədər də asan deyil, söv­dələşmə çətindir, xüsusən də inkişaf etməkdə olan ölkələrin bu maliyyəyə olan gözləntiləri çox yüksək olduqda uyğun yol tapmaq lazımdır. Biz tərəflərin mövqeyini bir-birinə daha da yaxınlaşdırmaq üçün əlimizdən gələni etməliyik və düşünürəm ki, tərəf­lərdən bəzi müsbət siqnallar var. Bütün ölkələr indi öz səylərini birləşdirməyin, bir-birini başa düşməyin nə qədər vacib olduğunu anlayırlar. 2024-cü ildə Bakıda yaxşı nəticələr tapmaq üçün bu, vacibdir”.

Yeri gəlmişkən, COP üçün əsas mövzu olan maliyyələşmə barədə Bey­nəlxalq Enerji Agentliyinin icraçı direk­toru Fatih Birol vurğulayıb ki, yoxsul ölkələrə qlobal istiləşmə ilə mübarizə aparmaq üçün maliyyələşdirmənin artı­rılması və bu vəsaitlərin onlar arasında necə bölüşdürüləcəyi ilə bağlı müza­kirələr hələ də davam edir. Noyabr ayın­da Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində ölkələr iqlim proqramlarının illik maliyyələşdirilməsinin yeni məqsə­dinin təfərrüatlarını hazırlayırlar. Bu da ehtimal edilir ki, ən azı 100 milyard dol­lar təşkil edəcək. Mövzu BMT sammit­lərində mübahisələrə səbəb oldu, çünki 2009-cu ildə yoxsul ölkələrə 2020-ci ilə qədər ildə 100 milyard ABŞ dolları ayırmaq üçün təyin edilmiş əvvəlki iqlim maliyyəsi hədəfi yalnız bir dəfə, 2022-ci ildə yerinə yetirilib.

F.Birol qeyd edib ki, “təmiz” ener­jiyə ümumi qlobal sərmayə əhəmiyyətli dərəcədə artmaqdadır, lakin inkişaf et­məkdə olan bazarlara və ölkələrə ay­rılan vəsaitin həcmi 2015-ci ildən bəri ümumi məbləğin 15 faizini təşkil edərək “dəyişməz qalıb”. Onun sözlərinə görə, hazırda bu, təxminən 250 milyard ABŞ dolları təşkil edir: “Beləliklə, mənim fikrimcə, bu, iqlim hədəfinə çatmaq yolumuzdakı qüsur xəttidir. Bu, Azər­baycandan və digər ölkələrdən olan həmkarlarımızla yüksək səviyyəli dia­loqlarımız üçün əsas mövzu olacaq”.

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev isə maliyyələşmə ilə əlaqədar Yaponiyanın “Nikkey” nəşrinə müsa­hibəsində vurğulayıb ki, ölkələr “Paris sazişi” çərçivəsində öhdəliklərini yerinə yetirmək, o cümlədən 1,5 dərəcə hə­dəfinə nail olmaq üçün iddialı addımlar atmağa davam etməlidirlər: “COP29 inkişaf etmiş ölkələrin iqlim fəaliyyətinə ildə 100 milyard ABŞ dolları yönəltmək üçün yeni maliyyələşdirmə hədəfi qəbul etməyə hazırlaşır. Hazırkı maliyyə axı­nı ölkələrə keçid prosesini uğurla başa çatdırmaq üçün kifayət etmir”.

Y.Rəfiyev onu da vurğulayıb ki, Azərbaycan neft və qaz ixracatçısı olsa da, ölkə bərpaolunan enerji mənbələ­rinə sərmayə yatırmaqda davam edir və metan emissiyalarının azaldılması üçün bütün səyləri göstərir. O, eyni zaman­da, respublikanın ən böyük neft və qaz hasilatçısı olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2050-ci ilə qədər emissiyaları sıfıra endirmək məqsədini xatırladıb.

Qeyd edək ki, Azərbaycanda dün­yanın ən irimiqyaslı tədbirlərindən biri hesab olunan COP29-un keçirilməsi qərarı veriləndən dərhal sonra ölkə­miz “yaşıl enerji”nin inkişafı istiqamə­tində həyata keçirilən layihələrin icra­sını daha da sürətləndirdi. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin bu barə­də məlumatına diqqət yetirsək, qısa müddətdə genişmiqyaslı işlər haqqında aydın təsəvvür yaranar. Məsələn, Nax­çıvan Muxtar Respublikasında “Yaşıl enerji zonası”nın yaradılması istiqamə­tində külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal gücləri xarici investisi­ya hesabına yaradıldı və onun ən azı 1000 MVt-nın Türkiyə və Avropaya ix­rac olunması əsas hədəf kimi qarşıya qoyuldu. 

Hazırda muxtar respublikada gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürü­cü şəbəkənin qurulması imkanları araş­dırılır. 

Onu da deyək ki, təkcə Naxçıvan deyil, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur da “yaşıl ener­ji” mənbələrinin yüksək potensialı ilə fərqlənir. Belə ki, Füzuli, Cəbrayıl, Zən­gilan rayonlarında günəş enerjisi poten­sialı, Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialı yüksək qiymət­ləndirilir. BP şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası la­yihəsi həyata keçirilir. Bundan əlavə, “China Gezhouba Group Overseas In­vestment” və “Nobel Energy” şirkətləri ilə imzalanan müqavilələr çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

Xatırladaq ki, energetika naziri Pər­viz Şahbazov Birləşmiş Ərəb Əmirliklə­rinin paytaxtında Abu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilən “Yaşıl” Hidrogen Sammitində çıxış edərək iş­ğaldan azad edilmiş ərazilərdə “yaşıl zona”ların ayrılması və bu sahələrdə hidrogen istehsal olunacağını da xatır­ladılıb və bu prioritetin Avropa ilə əmək­daşlıqda təməl daşlarından biri kimi diqqətdə saxlandığı qeyd edilib. 

Ekspertlərin fikrincə, hidrogen 100 faiz bərpaedilən enerji imkanlarına nail olmaq üçün mühüm önəm daşıyır. Azərbaycanda müxtəlif strateji sənəd­lərdə hidrogendən istifadə üzrə inkişaf da nəzərə çarpır. Ölkəmizin əsas iqtisa­di inkişaf strategiyası təkcə hidrogenin istehsalı və istifadəsini deyil, həm də istehsal və ixrac imkanlarının öyrənil­məsini özündə ehtiva edir.

Hazırda ölkəmiz Aİ ilə birgə “yaşıl enerji” dəhlizini inkişaf etdirir. Bu təşəb­büs Azərbaycanda istehsal olunan bər­paedilən enerjinin Avropaya nəqlinə yönəlib. Həmçinin respublikamızı “yaşıl enerji” dəhlizinin yaradılması üzrə Qa­zaxıstan və Özbəkistanla birləşdirən daha bir layihə icra mərhələsindədir, bu təşəbbüsdə ekoloji cəhətdən təmiz hidrogen həyati əhəmiyyətli rol oynayır.

Mütəxəssislərin fikrincə, Azərbay­can dənizdə külək enerjisi üzrə də yüksək potensiala malikdir. Qiymət­ləndirməyə görə, Xəzər dənizinin res­publikamıza məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt) sə­viyyəsindədir. Bu potensialın hərəkətə gətirilməsi baxımından Prezident İlham Əliyevin “Azərbaycan Respublikası­nın energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli sərəncamı xüsusi diqqət çəkir. Adıçəkilən sərəncamla qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədilə sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi is­tiqamətində Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korpora­siyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi” ha­zırlanması bunun bariz ifadəsidir. 

Beləliklə, COP29 ölkəsi olaraq Azərbaycan 2030-cu ilədək və ondan sonrakı dövrdə “yaşıl enerji” və iqlimlə bağlı hədəflərin reallaşmasına milli sə­viyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq əzmindədir.

Azərbaycanın daxili istehlak, iqti­sadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə “yaşıl enerji” planları 2027-ci ilədək olan bi­rinci mərhələdə 2 QVt, 2030-cu ilə qə­dər növbəti mərhələdə isə 8 QVt-dan çox “yaşıl enerji” güclərinin reallaşdı­rılmasını hədəflənib. Bu, bərpaolunan enerji potensialının ölkəmiz vasitəsilə, təxminən, 2027-ci ildə 2 dəfə, 2030-cu ilə olan dövrdə isə 4 dəfədən çox artı­mını vəd edib. Respublikamızda elekt­rik enerjisinin qoyuluş gücündə “yaşıl enerji” payını ilkin hədəf göstəricisindən 3 faiz çox və 3 il tez olmaqla 33 faizə yüksəldən bu layihələr Avropa ölkələ­rində də bərpaolunan enerji potensialı­nın artırılmasının mənbələrindən olaca­ğı göstərilib. 

“Yaşıl enerji”nin dünya bazarları­na nəqli Azərbaycan dövlətinin enerji siyasətində əsas istiqamətlərdən biri­dir. Azərbaycan 2030-cu ilədək 5 min meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə respublikamızda Qafqa­zın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyası istifadəyə verilib və bu cür yeni stansiyaların tikintisi davam edir. Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür.

Yuxarıda göstərilənlərdən bir daha aydın olur ki, “yaşıl enerji”yə keçid qlo­bal ekoloji problemlərin həllində əhə­miyyətli rol oynayır. Ekoloji fəlsəfədə “yaşıl enerji”nin xüsusiyyətləri insan-tə­biət münasibətləri kontekstində öyrəni­lir. “Yaşıl enerji”yə keçid ekosistemdə dayanıqlığın və insanın tələbatları ilə təbiətin imkanları arasında tarazlığın təmin olunmasında böyük əhəmiyyət daşıyır. 

“Yaşıl enerji” mənbələrindən enerji istehsalı iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alması üçün vacibdir. “Yaşıl enerji” istehsalı ener­ji təhlükəsizliyinin təmin olunmasında özünəməxsus yer tutur, yeni texnologi­yaların və innovasiyaların inkişafına təkan verir. Azərbaycan Respublikası coğrafi baxımdan əlverişli “yaşıl enerji” potensialına malikdir və ondan səmərə­li şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır.

V.BAYRAMOV
XQ



İqtisadiyyat