Solmayan ülvi duyğular şairi

post-img

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatdı

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasının önündəki Elmlər Akademiyası parkında III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatdı. Mayın 24-dən 31-dək təşkil olunan festival Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və digər qurumların dəstəyi ilə təşkil olunmuşdu.

Festivalın  panellərindən biri 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadənin xatirəsinə və 55 illik yubileyinə həsr olunmuşdu.

Tədbir Ülvi Bünyadzadənin yazdığı və gənclərin dillər əzbərinə çevrilmiş “AND” ı ilə başlayıb.

Mərasimin aparıcısı İlqar İlkin bildirib ki, Azərbaycanın azadlıq mücadiləsində rolu olan Ülvi Bünyadzadə öz şeirləri, esseləri və hekayələrilə də ədəbiyyatımızı zənginləşdirir. Onun “AND”ı və vətənpərvər ruhda yazdığı şeirlər ötən əsrin 90-cı illərində gənclərin ürəyində əsl qığılcım oldu, milli təəssübkeş bir gənc nəslin yetişməsində gerçəkdən əsl ilham qaynağına çevrildi.

Tədbirdə çıxış edən ədəbi tənqidçi Nərgiz Cabbarlı, krımlı yazar və jurnalist Zera Bəkirova, şairə Rəsmiyyə Sabir Ülvi Bünyadzadənin yaradıcılığı ilə bağlı öz fikirlərini bildirib, onun daha çox sevilən şeirlərini səsləndiriblər.

Digər çıxış edənlər Aytən Qurbanova, Şəhla Məcidova, Natavan Bağırova, Şəfa Vəli və Şaxanım Bayraməli Ülvi Bünyadzadənin vətən və sevgi haqqında yazdığı şeirləri səsləndiriblər.

Tədbirin sonunda filologiya elmləri doktoru, professor Almaz Ülvi tədbirin təşkilatçılarına və iştirakçılara Ülvinin ailəsi adından öz təşəkkürünü bildirib.

*** 

Mayın 31-də səkkiz gün böyük coşqu ilə davam edən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının bağlanış mərasimi keçirilib. Mərasimdə mükfatlar təqdim olunub.

XQ

 















Mədəniyyət