Enerji keçidi – 1,5 milyard dollar investisiya

post-img

“Azərbaycanda enerji keçidi üzrə reallaşdırılan layihələr çərçivəsində, ümumi­likdə, 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb və yatırılmaqdadır. 20-25 il müddətinə hesablanan böyük layihələr ölkəmizin gələcəyinə, dövlət siyasətinə olan inamın göstəricisidir”. Bu fikri energetika nazirinin müavini Sa­mir Vəliyev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib. 

Ölkəmizin nəhəng neft və qaz sər­vətlərinə malik olduğunu xatırladan nazir müavininin sözlərinə görə, bu sərvətlərin ixracı nəticəsində böyük maliyyə vəsait­ləri qazanılır, tələbatlar ödənilir. O deyib ki, enerji tələbatının ödənilməsi baxımın­dan bərpaolunan enerji mənbələrinin in­kişaf etdirilməsində belə bir ciddi zərurət yoxdur. Azərbaycanın beynəlxalq iqlim dəyişikliyi, atmosferə atılan tullantıların azaldılması ilə bağlı könüllü olaraq bir sıra hədəflərin müəyyən etdiyini vurğula­yan S.Vəliyevin sözlərinə görə, Prezident İlham Əliyev beş ilkin prioritetlərdən biri kimi məhz “yaşıl inkişaf”ı müəyyən edib. “2022–2026-cı il üçün “Sosial-İqtisadi İnkişaf Strategiyası”, “Böyük Qayıdış” planında çox ciddi hədəflər müəyyənləş­dirilib. Biz 2027-ci ilə qədər “yaşıl enerji” mənbələri ilə bağlı layihələrin həyata ke­çirilməsini nəzərdə saxlamalıyıq. Bunun enerji sistemimizə inteqrasiyasını da hə­yata keçirəcəyik”, – deyə o, əlavə edib.

Xəzər dənizində də böyük külək ener­ji potensialı mövcudluğuna toxunan nazir müavininin dediyinə görə, ölkəmiz bu imkanlardan istifadə etməklə əldə edilən enerjinin Avropa ölkələrinə ixrac edil­məsini planlaşdırır. Azərbaycanın bər­paolunan enerji potensialının hərəkətə gətirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən energetika na­zirinin müavini ötən ilin oktyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 meqavatlıq “Qara­dağ” Günəş Elektrik Stansiyasının tikinti­sinin uğurla başa çatdırılmasını, hazırda isə 1 qiqavat gücündə 3 elektrik stansi­yasının inşasına start verildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, qarşıdakı dövrdə 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi la­yihəsinin həyata keçirilməsi planlaşdırılır. 

S.Vəliyev, həmçinin növbəti illərdə bu sahədə görülməli olan işlərə də toxunub. Bildirilib ki, həyata keçirilməli layihələrdən birincisi bərpaolunan enerjilərin inteqrasi­yası həyata keçirilməklə bu sahə güclən­dirməlidir. İkinci istiqamətin isə dənizdə istehsal ediləcək “yaşıl enerji”nin Avropa ölkələrinə ixracını təmin etməkdən ibarət olduğunu xatırladan nazir müavininin dediyinə görə, hazırda bu sahədə lazımi işlərin görüldüyünü bildirib. “Məlum oldu­ğu kimi, hazırda 3 dəhliz üzərindən işlər aparılır. Bunlardan birincisi Xəzər dənizi – Qara Dəniz Avropa yaşıl enerji dəhlizi, Azərbaycan – Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan üzərindən aparılan, üçüncü mühüm istiqamət isə yeni başla­dığımız Mərkəzi Asiya ölkələrindən, on­ların “yaşıl enerji” resurslarının Azərbay­can vasitəsilə Avropaya ixracını həyata keçiririk. Bu bizim strateji hədəflərimizdir, – deyə nazir müavini qeyd edib.

M.QULİYEV
XQ



İqtisadiyyat