Sağlam rəqabət yüksək inkişaf amilidir

post-img

Yeni məcəllə ölkədə biznes mühitini yaxşılaşdıracaq

Son illər ölkənin istehlak bazarında müşahidə olunan süni qiymət artımı, əksər bazar subyektlərinin inhisarçı mövqeyində çıxış etməsi qiymətlərə birbaşa təsir göstərirdi. Bu da son nəticədə haqsız rəqabətə və istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarırdı. 

Eyni zamanda, haqsız rəqabətin mövcudluğu biznes mühitinin yaxşılaşlaşdırılmasına, özəl sektor üçün sağlam rəqabəti təmin etməyə əngəl törədirdi. Hətta bir neçə il öncə ölkə Prezidenti İlham Əliyev bununla bağlı narahatlığını bildirərək bəzi dövlət məmurlarını müxtəlif biznes dairələrinə kömək göstərməklə haqsız rəqabətə imkan yaratmaqda ittiham etmişdi. Dövlət başçısı Azərbaycanda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsinin vacibliyin önə çəkərək bununla biznes dairələri üçün daha yaxşı şərait yaradılacağına əmin olduğunu bildirmişdi. 

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və inhisarçılığın aradan qaldırılması istiqamətində zaman-zaman müəyyən təsirli tədbirlərə əl atılıb. Haqsız rəqabət hallarına, inhisarçılığa qarşı mübarizə sahəsində tədbirlər cari ilin əvvəlindən də davam etdirilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, bu ilin ötən dövründə  “Haqsız rəqabət haqqında” Qanunun tələblərinin pozulması ilə əlaqədar aparılan bazar araşdırması və daxil olmuş müraciətlərin araşdırılması zamanı antiinhisar qanunvericiliyinin pozulması hallarına yol vermiş bazar subyektləri aşkar edilərək barələrində müvafiq tədbirlər görülüb. 

Bununla belə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə, mükəmməl bir sənədin qəbuluna ciddi ehtiyac var idi. Artıq ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, iqtisadi inkişafa əngəl olan  neqativ halların aradan qaldırılması üçün işlək mexanizm formalaşdırılıb. Məlum olduğu kimi, Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.  

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, Rəqabət Məcəlləsi bazarda azad rəqabəti stimullaşdıracaq, ölkədə biznes mühitinin əlverişliliyinin artmasına zəmin yaradacaq, kiçik və orta biznes subyektlərinin bazara giriş imkanlarını genişləndirəcək, təbii inhisar subyektləri üzərində daha səmərəli nəzarət sisteminin təşkilini mümkün edəcək.

Məlumatda qeyd olunur ki, bu qanunla təsdiq edilən Rəqabət Məcəlləsinin layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanıb. İnhisarçılığa qarşı mübarizənin qanuni əsaslarını və prosessual normalarını müəyyən edən məcəllə layihəsinin hazırlanmasında  müxtəlif dövlət qurumları və biznes assosiasiyaları ilə aparılan geniş müzakirələr zamanı irəli sürülmüş rəy və təkliflər nəzərə alınıb. “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar Məcəllədə təkmil sənəddə birləşdirilib.

Rəqabət Məcəlləsinin layihəsində sağlam rəqabəti məhdudlaşdıran üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, bazar payının müəyyən edilməsi, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə halları, haqsız rəqabət və onun formaları, iqtisadi təmərküzləşmələr və onların qiymətləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.  Bundan əlavə, layihə rəqabət qanunvericiliyinin pozulması barədə işlərə baxılması qaydaları, aşkar olunan pozuntulara dair məsuliyyət tədbirləri barədə müddəaları, həmçinin təbii inhisarların fəaliyyətinə dövlət nəzarətinə dair yeni tələbləri ehtiva edir. 

Yeni sənədin qəbulu bazar subyektlərinin inhisarçı davranışlarının qarşısının alınması, haqsız rəqabət hallarının aradan qaldırılması və təbii inhisar subyektlərinin fəaliyyətinə effektiv nəzarətin təşkilində təsirli alət və mexanizmlərdən istifadəyə imkan yaratmaqla ölkə iqtisadiyyatının və azad sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verəcək. 

Rəqabət Məcəlləsinin qəbulu ilə Azərbaycanda haqsız rəqabətin formaları da müəyyən edilib. Sənəddə haqsız rəqabətin formaları kimi  müştərilərə qarşı aqressiv davranış, rəqib təsərrüfat subyektinin nüfuzdan salınması, rəqibin təsərrüfat fəaliyyətinin təqlidi, müştərilərin çaşdırılması və aldadılması, kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması, eləcə də bu Məcəllənin 25-ci maddəsində nəzərdə tutulan haqsız rəqabətə səbəb olan digər hərəkətlər öz əksini tapıb. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında bildirib ki, Rəqabət Məcəlləsi antiinhisar fəaliyyəti sahəsində tənzimləyici çərçivə olacaq. Xidmət rəisinin sözlərinə görə, sənəd bazar subyektlərinin səmərəli fəaliyyətinə geniş imkanlar yaradacaq, ədalətli və azad mühitinin qorunmasına, məmnunluğunun təmin edilməsi və milli iqtisadiyyatda rəqabətqabiliyyətliliyin yüksəldilməsinə əhəmiyyətli töhfə verəcək. “Bununla, bütövlükdə, bazar subyektlərinin rəqabət qanunvericiliyinə zidd hərəkətləri ilə effektiv mübarizə aparmaq və tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərini operativ qiymətləndirmək mümkün olacaq”, – deyə M.Abbasbəyli əlavə edib.

Ekspertlər hesab edirlər ki, Rəqabət Məcəlləsi hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq. Yeri gəlmişkən, Məcəllənin iqtisadi proseslər baxımından əhəmiyyətini şərh edən ekspertlər onu da bildirilər ki, bazarda rəqabətin gücləndirilməsi və inhisarçılığın minimallaşdırılmasını özündə ehtiva edən bu sənəd bazara giriş imkanlarının artırılması, rəqabətin gücləndirilməsi, fərqli və ya oxşar məhsulların ayrı-ayrı şirkətlər tərəfindən müxtəlif qiymətlərlə təqdim olunmasına imkan yaradacaq. Onların fikrincə, bazarda inhisarşılıq meyillərinin azaldılmasına və qiymətlərin liberallaşdırılmasına imkan yaradacaq Rəqabət Məcəlləsinin icrasına başlanılması ilə ölkədə  bir sıra məhsulların qiymətlərinin optimallaşdırılması, hətta ucuzlaşması da baş verəcək. 

Qeyd edək ki, Rəqabət Məcəlləsi qəbul edildikdən təxminən 6 ay sonra, yəni 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.

Mirbağır YAQUBZADƏ 
XQ

 

İqtisadiyyat