Mükəmməl vergi xidməti iqtisadiyyatı gücləndirir

post-img

Bunun nəticəsidir ki, 10 ayda istehsaldan büdcəyə 14, 6 milyard manat daxil olub 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, son dövrlərdə iqtisadi münasibətlərin sürətlə dəyişməsi, aktiv vergi ödəyicilərinin sayının əhəmiyyətli şəkildə artması, rəqəmsal texnologiyaların tətbiqinin genişlənməsi  vergi orqanlarının idarəetmə sisteminin müasir çağırışlara uzlaşdırılmasını zəruri edir. 

Bununla bərabər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilməsindən sonra bu bölgədə iqtisadi və sahibkarlıq fəaliyyətinin canlanması, həmçinin ölkəmizin siyasi və iqtisadi həyatında müşahidə olunan müsbət və dayanıqlı dinamika da vergi sisteminin yenilənməsini şərtləndirir. Bütün bu amillər nəzərə alınaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunda islahatların aparılması diqqətdə saxlanılır.  

Məlumata görə, islahatlar dövlət vergi orqanları xətti ilə büdcə daxilolmalarının həcmində müşahidə olunan müsbət dinamikanı saxlamaq və artırmaq, Qarabağ və Şərqi Zəngəzurda  vergi ekosistemini yenidən qurmaq, bu ərazilərdə məskunlaşan vətəndaşların və fəaliyyət göstərən biznes subyektlərinin vergi xidmətlərinə çıxışını reallaşdırmaq, ümumilikdə, vergi ilə bağlı aparılan əməliyyatları sadələşdirmək qarşıya mühüm vəzifələr kimi qoyulur. Həmçinin vergi sistemində risk əsaslı nəzarət çərçivəsini təkmilləşdirmək, innovasiyaları təşviq etmək məsələlərinə də böyük əhəmiyyət verilir. 

Xatırladaq ki, vergi xidməti strukturunda aparılan islahatlar çərçivəsində yeni vergi orqanları təsis edilib– əvvəllər işğal altında olan rayonların vergi şöbələrinin bazasında Qarabağ Ərazi Vergilər Baş İdarəsi və Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi yaradılıb. Burada əsas məqsəd işğaldan azad olunan ərazilərdə vergi inzibatçılığının və idarəetmə modelinin respublikanın digər regionlarına və ümumi idarəetmə modelinə uyğunlaşdırılması, Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafının stimullaşdırılması, vergi ödəyicilərinin vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı rahatlığının təmin olunması, vergi xidmətlərinin əlçatanlığının gerçəkləşdirilməsi, həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrqsiyasının sürətləndirilməsidir.

Dövlət Vergi Xidmətində həyata keçirilən struktur islahatları sırasında Vergi Risklərinin İdarə Edilməsi Baş İdarəsi yaradılması da mühüm əhəmiyyətə malikdir. Bu idarənin təsis edilməsində əsas hədəf vergi nəzarətinin səmərəliliyinin artırılması məqsədilə vergidənyayınma risklərinin əvvəlcədən təhlil olunması və aşkarlanan risklər əsasında tədbirlərin keçirilməsi mexanizminin qurulmasıdır. 

Xatırladaq ki, bununla da vergi ödəyicilərinin vaxtına qənaət olunacaq, vergi orqanlarının resursları risk potensialı daha yüksək olan vergi ödəyicilərinə yönəldiləcək, resursların bölüşdürülməsi optimallaşdıracaq. Eyni zamanda, vergi inzibatçılığının təkmilləşdirilməsi və çevik nəzarət mexanizmlərinin formalaşdırılması sahibkarlıq subyektlərinin vergi öhdəliklərinin icrasında mümkün risk amillərini aradan qaldırmağa, vergi nəzarəti tədbirlərinin ünvanlılığının təmin edilməsinə, riskli vergi ödəyiciləri ilə işin sürətləndirilməsinə müsbət təsir göstərəcək.

Vergi Ombudsmanı Xidməti Baş İdarəsinin yaradılmasında isə əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqlarının pozulmaması üçün preventiv tədbirlərin görülməsi, pozulmuş hüquqların bərpası və şikayətə səbəb olan halların aradan qaldırılması ilə bağlı səmərəliliyin artırılması, sahibkarların qarşılaşdığı çətinliklərin həllində onlara əlavə dəstək verilməsidir. 

Dövlət Vergi Xidmətində həyata keçirilən islahatlar çərçivəsində bəzi funksiyalar da mərkəzləşdirilib. Yeni struktur əvvəllər fərqli vergi orqanları daxilində fəaliyyət göstərən funksiyaları vahid çətir altında birləşdirərək vahid vergitutma çərçivəsini yaradacaq. Bu konsolidasiya prosesləri sadələşdirmək, izafi resurs sərfini aradan qaldırmaq və vahid vergi inzibatçılığı sistemi yaratmaq üçün nəzərdə tutulub. Bununla əlaqədar olaraq Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin bazasında Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş idarəsi yaradılıb. Qeyd olunan dəyişikliklə Bakı şəhəri üzrə vahid uçot fəaliyyətini və operativ nəzarəti həyata keçirəcək vergi orqanı təsis edilib.

Bütün bunlardan başqa 4 ərazi vergi orqanının səyyar və kameral vergi yoxlamalar ilə bağlı funksiyaları Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin müvafiq funksiyalarına birləşdirilib. Pilot olaraq tətbiq edilən bu layihə səyyar və kameral yoxlamalar sahəsində yeni yanaşmanın tətbiq edilməsi, yoxlamaların effektivliyinin artırılması, həmçinin qərarların qəbul edilməsi müddətlərinin optimallaşdırılmasına imkan verəcək.

Ümumiyyətlə, son illərdə ölkədə reallaşdırılan vergi  islahatları qeyri-neft sektorunun özəl bölməsində münasibətlərin şəffaflaşmasına, sahibkarların yükünün azaldılmasına, daimi iş yerlərinin və sosial təminatı olan işçi qüvvəsinin yaradılmasına müsbət təsir göstərib. Nəticədə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə daxilolmaların artımı nəzərə çarpıb. 

Ölkədə sahibkar-dövlət münasibətlərində etimad da getdikcə güclənir. Bu isə vergi öhdəliklərinin könüllü yerinə yetirilməsində müsbət dinamika ilə müşahidə olunur. Son vaxtlar aparılan inzibatçılıq və qanunvericilik islahatları isə vergi öhdəliklərinə əməletmənin asanlaşmasını şərtləndirir, eyni zamanda, qeyri-neft sektoru üzrə büdcəyə vergi daxilolmalarının artım tempi qeyri-neft ÜDM-in artım tempini üstələyir.

Hazırda vergi sistemində həyata keçirilən islahatların məqsədi iqtisadi səmərəliliyin və rifahın təmin olunması prinsiplərinə söykənir. İqtisadi şəffaflaşma, biznes mühitinin cəlbediciliyinin artırılması, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması, haqsız rəqabətin aradan qaldırılması, intizamlı biznes üçün mühitin təmin edilməsi vergi siyasətinin əsas istiqamətləridir. 

Məhz bunun nəticəsidir ki, son bir neçə ildə biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, əgər ­2018-ci ilə, yəni vergi sistemində “yeni keyfiyyət başlanğıcı” adlandırılan dövrün əvvəlinə qayıtsaq, istər vergi sistemində, istərsə də biznes-dövlət münasibətlərində böyük dəyişikliklər qeydə alınıb. Bu, statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. Məsələn, 2023-cü ilin yanvar-oktyabr aylarında vergi xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq 14 milyard 593,5 milyon manat olub. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2 faiz artaraq 8 milyard 387,4 milyon manat təşkil edib.

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat