“AzərEnerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsi, ölkəmizlə bu bank arasında isə həmin layihə üzrə zəmanət sazişi imzalanıb.
“AzərEnerji”dən verilən məlumata görə, 173,5 milyon dollar məbləğində olan kredit sazişini bu qurumun İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster, kredit müqaviləsinə dair zəmanət sazişini isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ş.Ştallmayster imzalayıb.
Cəlb olunan kredit Azərbaycanda tikilməkdə olan bərpa olunan enerji mənbələri üzrə stansiyaların (BOEM) enerji ötürücü infrastrukturunun gücləndirilməsini təmin edəcək. Kredit vəsaiti 5 ili güzəşt dövrü olmaqla 15 illik müddətə cəlb olunur və kreditin qaytarılması 2039-cu ilin sonunda bitəcək. Layihədə Azərbaycan hökumətinin iştirak payı (31,2 milyon dollar) ƏDV və gömrük rüsumlarının ödənilməsindən ibarətdir.
İcra müddəti 4 il olan layihənin əsas məqsədi “AzərEnerji” ASC-nin enerji sisteminin fəaliyyətinin yaxşılaşdırılması və tikilməkdə olan bərpaolunan enerji mənbələrinin növbəti 5 il ərzində enerji ötürücü şəbəkəsinə təhlükəsiz inteqrasiyasına dəstək göstərməkdir. Layihə çərçivəsində Dünya Bankı tərəfindən ümumi uzunluğu 341 kilometr olan 500 və 330 kV-luq 4 elektrik verilişi xəttinin tikintisi, eləcə də 500/330/10 kV-luq “Nəvahi” yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması maliyyələşdiriləcək.
İmzalanma mərasimində nazir Sahil Babayev Dünya Bankı Qrupunun ölkəmizdə həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Nazir Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq beynəlxalq maliyyə qurumları ilə layihə maliyyələşdirilməsi üzrə əməkdaşlığın genişləndirilməsi çərçivəsində imzalanan kredit müqaviləsinin ölkəmizin enerji sektorunda dayanıqlı və yaşıl enerji mənbələrinə keçidin sürətləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və iqlim dəyişiklikləri ilə mübarizə baxımından əhəmiyyətini qeyd edib.