Ağdamda İƏT Gəncləri Forumu

post-img

Dünən Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu keçirilib. İlk dəfə “İqtisadi Əməkdaşlıq Təşkilatı Həftəsi” çərçivəsində keçirilən toplantının əsas məqsədi gənclərin İƏT regionunun gələcəyinin qurulmasında iştirakını gücləndirmək və onların ideyalarını təşkilatın yeni inkişaf strategiyasına daxil etməkdir.

Məclis gənclərin dayanıqlı inkişaf, iqtisadi inteqrasiya və innovasiya sahələrində fəal rolunu təşviq edəcək, həmçinin onların qərar qəbuletmə proseslərinə cəlb olunmasına töhfə verəcək. Forumda iqtisadi və ticarət əməkdaşlığı, dayanıqlılıq və texnologiya, insan kapitalı və digər mövzular müzakirə olunacaq. Habelə forum gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacaq

 Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək Ağdamda ilk dəfədir Gənclər Forumunun keçirildiyini xatırladaraqa bildirib ki, toplantı çərçivəsində iştirakçılar ölkələrimiz arasında dostluq və qardaşlığımızın inkişafına yönələn təşəbbüslərlə çıxış edəcəklər. Bu həftə Azərbaycanda “ECO həftəsi”nin keçirildiyini xatırladan nazirin sözlərinə görə, gənclər bu işləri önə aparan şəxslərdir: “Biz bununla onu demək istəyirik ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. İnanıram ki, forumun yekun nəticəsində gənclər siyasətinə dair uğurlu sənədə imza atacağıq. Ağdam 27 il ərzində işğal altında olub. Burada işğaldan əvvək 50 minədək insan yaşayıb. Daha sonra şəhər dağıntılara məruz qalıb”.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan isə çıxışında Qarabağ Universitetinin rektorunun təklifi ilə tələbə mübadiləsinin həyata keçirmək istəyini bildirib. O qeyd edib ki, regionun müxtəlif ölkələrindən Xankəndiyə tələbələrin gəlməsi, təhsil alması vacibdir.

Forumda İƏT Təhsil İnstitutunun prezidenti Mehmet Akif Kireççi çıxış edərək bildirib ki, bu regionun gəncləri dostluq bağlarını, münasibətlərini qurmağı çox yaxşı bacarır. O deyib ki, təhsil həyatımızın hər bir aspektini əhatə edir: O bildirib ki, təhsil həyatımızın hər bir aspektini əhatə edir. “Bu gün burada, Ağdamda da təhsilimiz davam edir. Təhsil elə evdən, anadan başlayır. Son iki il ərzində müasir təhsil çağırışları ilə üzləşmişik. Təhsil modelləri göstərir ki, bu, hər bir ölkənin xüsusiyyətləri əsasında formalaşır. Biz bu istiqamətdə işlərimizi sürətləndirməliyik”, – deyə
o əlavə edib.

Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatındakı gənclik nümayəndəsi Mustafa Beydilli isə çıxışında qeyd edib ki, region və dünyanın üzləşdiyi çağırışlar iqlim dəyişmələri ilə yaxından bağlıdır. Gənclərin bu problemlərə cəlb edilməsi bizi daha çox irəli aparacaq. Dayanıqlı və müqavimətli gələcək naminə səylərin birləşdirilməsinin vacibliyini önə çəkən qonaq deyib ki, Türkiyə həm regional, həm də qlobal səviyyədə bu proseslərdə iştirak edir. “2025-ci ildən regional tərəfdaşlığı gücləndirmək, öz təşəbbüslərimizlə çıxış etmək niyyətindəyik. Fəaliyyət təsirli olmalıdır, – deyə M.Beydili fikrini tamamlayıb.

İqtisadiyyat