Yeni Azərbaycanın xilaskarı və qurucusu

post-img

Ümummilli lider Heydər Əliyevin adı çəkiləndə müstəqil dövlətçiliyimizi, ölkəmizdə yaradılan möhkəm sabitliyi, əmin-amanlığı, inkişaf və tərəqqini düşünürük.  Ulu öndəri  hər zaman xalqı, milləti və Vətəni qarşısında xidmətləri   ölçüyəgəlməz bir dahi şəxsiyyət kimi xatırlayırıq. Bütün bunlarla bərabər, onu  Azərbaycan tarixində müstəqil dövlətin rəmzi, ölməz ideyaları ölkəmizin əldə etdiyi bütün uğurların təməlində dayanan müdrik rəhbər kimi daim gözlərimiz önündə canlandırırıq.  

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz uzaqgörən siyasəti sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirib. Ulu öndər  müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Ümummilli liderin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpüyə, dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.  

Azərbaycan üçün belə misilsiz tarixi xidmətlər göstərən Ulu öndər həyatının mənasını xalqı ilə bir yerdə olmaqda, onun  arzu və istəklərini həyata keçirmək üçün fədakarlıqlar göstərməkdə görüb. Ən çətin vaxtlarda gözləmə mövqeyi tutmadan xalq, Vətən üçün zəruri  addımlar  atmaqdan belə çəkinməyib. Xatırladaq ki, siyasi təcrid şəraitində olmasına baxmayaraq xalqımızın qeyrətli oğlu ­1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qanlı faciə ilə bağlı cəsarətli qərar verməklə, bir tərəfdən, imperiya qüvvələrinə sözünü deyib, həm də xalqına böyük təsəlli verib, onunla  birlikdə olduğunu bildirib.  Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransında çıxış edən sovet rəhbərliyinin bu qəddar aktını qətiyyətlə pisləyib.   

Bundan 3 il yarım sonra Heydər ­Əliyev ölkədə yaranan hərbi-siyasi böhran zamanı xalqın təkidi ilə Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra isə qardaş qırğınının, vətəndaş qarşıdurmasının qarşısını əsl ağsaqqal müdrikliyi ilə aldı, təhlükə sovuşdu, çoxsaylı insan qanı tökülmədi. Bu sözləri deyərkən yadıma bir əhvalat düşür. Yay aylarında tez-tez təbiət qoynuna gedirəm. Buz bulaqlar, dərin dərələr, vüqarlı dağlar, yaşıl yaylaqlar Qərbi Azərbaycanla bağlı Vətən yanğımı, torpaq  harayımı, yurd həsrətimi bir az səngidir. Belə günlərin birində “Niva” maşınını dağın ətəyindəki “Qız meydanı”nda saxlayıb yanaşı qurulan alaçığın yanında saxladıq. İçəridən bir nəfər gülərüzlü çoban bizə yaxınlaşdı. Zarafatla dedim: “Atalar yaxşı deyib, acdın çobana, yoruldun karvana yaxınlaş. Çoban qardaş, biz acmışıq”. 

Çoban da zarafatından qalmayıb qayıtdı: “Qonağa baxıb atına arpa verərlər.Vaxtsız gələn qonaq öz kisəsindən yeyər, deyiblər. Amma sizi qaynananız çox istəyirmiş, lap vaxtında gəlmisiniz. Yaxşı bir  “Çoban bozartması” hazırlamışam. Buyurun içəri”.

Alaçığa daxil olanda gözlərimə inanmadım. Yuxarı başda, qızılı çərçivədə Ulu öndərin əzəmətli portreti asılmışdı. Məni fikir götürdü, dağın bu yerində, əl çatmayan, ün yetməyən bir məkanda,  bir çoban binəsinə Heydər Əliyevin portreti necə gəlib çıxıb? Üzümü çobana çevirib soruşdum: “Heydər Əliyevin portretini bura sən gətirmisən?” O, bir anlıq sükutdan sonra  dedi: “Otuz ildir ki, dağda-­arandayam, necə deyərlər, çobançılıqda bişmişəm. Çoban düşüncəmlə  olsam da. Bax, o naxırı  görürsən? Onlar səllimi otlayır. Səhər tezdən buraxırıq örüşə, axşam da özləri gəlirlər sağına. Necə deyərlər, burada da  qurd-qoyunla otlayır. Bu sakitliyi, əmin-amanlığı bərqərar edən Heydər Əliyev olmayıbmı? Bir vaxtlar o böyük insan öz yerində olsa idi, indi düşmən Qarabağ yaylaqlarında at oynatmazdı”. Bax, bu, Heydər Əliyevə ümumxalq məhəbbətinin bir zərrəsi idi...

Hərdən fikirləşirəm ki, dahi şəxsiyyət, nurlu zəka, müdrik ağsaqqal  olan  ­Heydər Əliyevi nədir belə əlçatmaz edən? Bütün müdrik  təlimlərdə deyilir ki, insanın ali vəzifəsi kamilləşməkdir. Hər sahəni kamil bilən adam filosofdur. İnsan kosmoqoniyası ilə məşğul olanlar, filosoflar, dahi şəxsiyyətlər üçün xüsusi kriteriyalar əsas götürülür. Bu meyarlar Ulu öndərdə ən yüksək səviyyədə gerçəkləşmişdi. Dərin zəka,  İntizamlılıq, çalışqanlıq, dözümlülük, ədalətlilik, əməksevərlik onun ali  xüsusiyyətləri idi. 

Ümummilli lider Heydər Əliyev əmin idi ki, intizam olmayan yerdə anarxiya höküm sürər. Belə başıpozuqluğu 1990–1992-ci illərdə gördük, hadisələrin canlı şahidi olduq. Dəstəbazların, qanunu pozanların, qanunsuz silah saxlayanların xalqın başına gətirdikləri bəlanın ağrısını yaşadıq. O dövrdə    özbaşınalıq hər yerdə–orduda, küçədə, iş yerlərində baş alıb gedirdi. İndiki siyasi sabitlik, sakitlik, intizamın  möhkəmlənməsi bizi anarxiyadan xilas etdi. Bu, dahi şəxsiyyətin qətiyyəti  sayəsində gerçəkləşdi. Bəli, Ulu öndər  qətiyyətli idi. Ən çətin anlarda, təhlükəli  məqamlarda qətiyyət göstərirdi. Atdığı hər addım, verdiyi hər qərar  təcrübə və məntiqə əsaslanırdı.

Bu kamil insanda güclü müşahidə  qabiliyyəti vardı. Bəzən başqaları üçün xırda, əhəmiyyətsiz sayılan məqamlar onun gözündən yayınmırdı. İntuisiya və fəhm müdriklərə xas olan ən gözəl xüsusiyyətdir. Daxili inam və fəhm Heydər Əliyevə ən böyük siyasətçiləri də heyran qoyan addım atmaqda ona kömək edirdi.

Dahi şəxsiyyət hansı mühitə düşürdüsə ətrafdakılarla xoş münasibət yaratmağı bacarır, necə deyərlər, insanlarla dil tapırdı. Diplomatiyada həmişə uğur qazanırdı. Təkcə onu demək kifayətdir ki, dünya diplomatları, XX əsrin ən böyük şəxsiyyətləri, siyasi xadimləri Heydər Əliyev diplomatiyasına heyran olurdular. Yadımdadır, Türkiyə Respublikasının bütün dünyada məşhur olan “Nərgiz” TV kanalının keçirdiyi rəy sorğusu nəticəsində toplanan 59 min 413 səslə ilin ən görkəmli siyasətçisi, diplomatı adına ulu öndər Heydər Əliyev  layiq görüldü. Daxili mədəniyyəti də yüksək idi. Əsl azərbaycanlı kişisinə xas olan ağayanalığı, beynalxalq etik qaydaların incəliklərini dərindən bilməsi onu başqalarından əsaslı surətdə fərqləndirirdi. Maneraları da olduqca təbii idi. 

Heydər Əliyev ən çətin anlarda özünü itirmirdi. Hissi və həyəcanlarını gizlətməyi   bacarırdı. Məqsədinə nail olmaq üçün 4 zəruri amilə–hikmət, ağıl, təmkin və ədalətə arxalanırdı. Möhkəm yaddaş sahibi  idi. Demək olar ki, gördüyünü, oxuduğunu, hadisələri olduğu kimi yadında saxlaya bilirdi. 

Bu fikrin təsdiqi olaraq bir faktı xatırlatmaq istərdim. 1993-cü il sentyabr ayında Ulu öndərə  açıq məktub və bir də şeir yazıb göndərmişdim. Yazı 1993-cü il oktaybr ayının 14-də  “Yeni Azərbaycan” qəzetində  dərc edilmişdi. Bu tarixdən 3 il ötəndən sonra Ümummilli liderin iştirak etdiyi bir  yubiley mərasimində  həmin şeri oxudum. Dahi şəxsiyyət məni çağıraraq görüşdü və dedi: “Təşəkkür edirəm, mən bu şeri çoxdan oxumuşam”. 

Ulu öndər həm də qədim tarixə malik zəngin adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi dərindən bilən müdrik el ağsaqqalı idi. Vətənə, torpağa, millətə,    dilə və dinə dərindən bağlı idi. O, insanların mənəvi həyatı, real və ideal yaşayış arzuları ilə bağlı olan dahi rəhbər, bəşəriyyətə nicat yolu göstərməyə qadir olan bir sərkərdə idi. Qəlbində yaşatdığı arzularla, canlandırdığı gözəl, xoşbəxt gələcəyə inamla nəfəs alırdı. Bir sözlə, bu yüksək ali keyfiyyətləri ilə tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi, nüfuzlu dövlət xadimi Heydər Əliyev 20-ci  yüzillikdə Ulu Tanrının bizə, millətimizə, xalqımıza göndərdiyi böyük bir nur payı idi. O nur indi qaranlıqları nurlandırır, xalımızı daha parlaq gələcəyə aparır.

Xalqımızın qüdrətli oğlu Heydər Əliyev dahi şəxsiyyət, müdrik rəhbər, qeyri-adi qüdrət sahibi olduğuna görə, qarşısına qoyduğu ali məqsəd Vətəninə yüksək səviyyədə, sədaqətlə xidmət etmək, millətinin imzasını dünya xalqlarının  adları sıralarında önə çıxarmaq olub. Ümumilli lider hansı xarici ölkələrə gedirdisə, hansı rəsmi səfərlərdə olurdusa  yüksək səviyyəli görüşlər keçirməklə bərabər, vaxt tapıb həmin ölkələrdə yaşayan azərbaycanlılarla da təmasda olurdu. Millət atası onların problemləri ilə maraqlanır və harada yaşamalarından, işləmələrindən asılı olmayaraq onlara  azərbaycanlı olmalarını unutmamağı tövsiyə edirdi.

Yeri gəlmişkən, bu gün dünyada  sayı 50 milyonu ötən  azərbaycanlılar XX əsrin sonlarına qədər heç vaxt bir-biri ilə  həmrəylik nümayiş etdirməmiş, lobbiləşə, təşkilatlana bilməmişdi. Ayrı-ayrı  ölkələrdə  kortəbii fəaliyyət göstərən Azərbaycan icmalarının fəaliyyəti əlaqələndirilməmişdi. Buna görə də Ümumilli liderin  uzaqgörənliyi ilə dünya azərbaycanlılarının bir araya gəlmələri, həmrəylik nümayiş etdirmələri adi  aksiya olmayıb, həm də zaman-zaman bu xalqın üzləşdiyi faciələrdən ibrət dərsi götürmək, vahid milli ideologiyaya sədaqət  nümayiş etdirmək baxımından mühüm önəm daşıyıb. 

Dünya azərbaycanlılarını həmrəyliyə səsləmək, onların azərbaycanlı olmalarını bir daha yaddaşlara həkk eləmək böyük cəsarət, iradə  tələb edirdi. ­Heydər Əliyev bu arzusuna da çatdı. Bu gün inamla demək olar ki, böyük rəhbərin müdrikliyi və uzaqgörənliyi sayəsində Avropa, Asiya, Amerika, Avstraliya və başqa ölkələrdə yaşayan azərbaycanlılar özlərinin güclü icmalarını, birliklərini  yaradaraq həmrəylik nümayiş etdirir, adət-ənənələrmizin, dilimizin, dinimizin, mənəvi-əxlaqi dəyərlərimizin qorunması istiqamətində birlikdə fəaliyyət göstərirlər. Ulu öndər  Heydər Əliyev  qismətinə qürbətdə yaşamaq düşən soydaşlarımızı bir araya gətirməyə, onların vətənpərvərlik duyğularını alovlandırmağa,  hər birinin öz tarixini, Vətənini, Azərbaycanı sevməsinə, onunla fəxr etməsinə çalışırdı.  

Dünya Azərbaycanlılarının I Qurultayının da Bakıda təşkil olunması təsadüfi deyildi. Başqa sözlə, bu, o demək idi ki, dünya azərbaycanlıları azərbaycanlı olduqlarını unutmasınlar və Azərbaycanın qayğısına qalsınlar, tarixi Vətənin problemlərinin  həll olunmasında yaxından  iştirak etsinlər. Heydər Əliyevin atdığı bu cəsarətli addım da öz səmərəsini verdi. İndi fəxrlə demək olar ki, bütün dünyada yaşayan  azərbaycanlılar Azərbaycanı bir an belə unutmurlar. Bütün ölkələrdə yaşayan soydaşlarımızın birliyi, cəmiyyətləri yaranıb. Onlar müstəqil respublikamızın  möhkəmlənməsinə, ona qarşı uzanan xain əllərin qarşısının alınmasına sinə gərirlər.

Burada bir məqamı da qeyd etmək istərdim. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. Başqa sözlə, ötən əsrin 70-ci illərindən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən xaos, özbaşınalıq, siyasi böhran, Ermənistanın qəsbkarlıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın qurulmaması, yerli və keçmiş SSRİ miqyasında fəaliyyət göstərən müəssisələr arasında mövcud əlaqələrin pozulması, ölkənin siyasi-iqtisadi və informasiya blokadasına alınması nəticəsində 1990-cı illərin əvvəllərində Azərbaycanın gələcək taleyinin müəyyənləşdiyi belə bir ağır, çətin zamanda bütün həyatını xalqına həsr etmiş Heydər Əliyev hakimiyyətə qayıdışı ilə böyük xilaskar missiyasını yerinə yetirdi. Bununla da xalqımızın itirilmiş inamı özünə qaytarıldı, ölkənin yeni inkişaf dövrünün əsası qoyuldu, xaos və böhrana son qoyuldu, vətəndaş müharibəsinin qarşısı alındı, atəşkəsə nail olundu.

Hakimiyyətə “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm” prinsipi ilə qayıdan dahi şəxsiyyət ömrünün sonunadək bu strateji xəttə sadiq qaldı. Bu gün isə tam əminliklə deyə bilərik ki,  əgər o vaxt ölkədə baş verən hadisələrə ümummilli lider prinsipial münasibət bəsləməsəydi, Azərbaycan adlı dövlət hazırda dünya xəritəsində olmazdı.

Ümummilli liderimizin  yenidən hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev respublikanın iqtisadi yüksəlişi üçün kompleks tədbirlər həyata keçirməyə başladı. Ulu öndərin   rəhbərliyi ilə qısa müddətdə bazar iqtisadiyyatının formalaşması üçün qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində əsaslı dəyişikliklərə başlanılması üçün mühüm addımlar atıldı.

Xatırladaq ki, dahi siyasətçi ­Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Azərbaycanın gələcək inkişafına istiqamətlənən strategiyanın əsasını iqtisadiyyatın tərəqqisinə, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Ona görə də dahi şəxsiyyət tərəfindən başlanan irimiqyaslı iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə vəziyyəti getdikcə sabitləşdi, iqtisadiyyata investisiyalar cəlb olundu, xalqın həyat səviyyəsi yaxşılaşdı.

Ümummilli liderin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş Azərbaycanın qapılarını dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da qoydu. Eyni zamanda, Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı–Novorossiysk, 1999-cu ildə Bakı–Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Bununla yanaşı, Azərbaycan qazının Qərb bazarına ixracının reallaşması üçün ulu öndərin  təşəbbüsü ilə Cənubi Qafqaz Boru kəmərinin inşasına başlanıldı.

Dahi şəxsiyyət 1999-cu ildə neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarəsini, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm önəm daşıyan layihələrin həyata keçirilməsinə yönəldilməsini reallaşdırmaq üçün Dövlət Neft Fondunun yaradılması ilə bağlı fərman imzaladı. Ümummilli liderin müdrik qərarı ilə Dövlət Neft Fondundan ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. 

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi kimi tədbirlər kənd təsərrüfatının inkişafına təkan verdi, bu sahədə ciddi struktur dəyişiklikləri aparıldı, yeni sahələr yarandı, məzmunca fərqli münasibətlər formalaşdı. Ulu öndərin memarı olduğu torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas etdi  və gələcək inkişafının əsasını qoydu.  

Heydər Əliyevin müəyyənləşdirdiyi bütün sosial-iqtisadi hədəflər bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədləridir və bu strategiya bütünlüklə zəngin və qüdrətli Azərbaycanın davamlı inkişafına xidmət edir. Məhz bu strategiya dahi öndərimiz tərəfindən təməli qoyulmuş inkişaf və tərəqqi konsepsiyasına söykənir və müasir mərhələdə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşməkdədir.

Əvəz MAHMUD LƏLƏDAĞ,  
şair-publisist

 

Siyasət