Musiqinin “İpək yolu” yenidən Şəkidən keçir

post-img

Dünən Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramına – Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalına start verilib.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan və üç gün davam edəcək musiqi festivalında Azərbaycan, Türkiyə və Çinin tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.

Festivalın proqramına uyğun olaraq, iyulun 4-də Şəki şəhərindəki “Yuxarı Karvansaray” mehmanxana kompleksində musiqisevərlərə ilk konsert proqramı təqdim olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşən konsertdə Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivləri rəngarəng proqramla çıxış ediblər. Müxtəlif etnik qrupların - talış, avar, ləzgi, molokan, tat icmalarının folklor qruplarının çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertin sonunda folklor qruplarının rəhbərlərinə festivalın xatirə hədiyyələri təqdim olunub.

Festivalın proqramına uyğun olaraq, dünən axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

XQ

Mədəniyyət