Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən XVII Zirvə görüşünə dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
AZƏRTAC xəbər verir ki, Lefkoşada BMT nümayəndələri ilə görüşdə E.Tatar iyulun 1-də axşam saatlarında Azərbaycana uçacağını, çərşənbə gününə bir sıra görüşlərin planlaşdırıldığını bildirib.
“Biz İƏT-in sammitində müşahidəçi dövlət statusunda iştirak edəcəyik. Bu, bizim üçün çox vacibdir. Bununla əlaqədar olaraq, mən Xankəndinə dəvətə görə, Azərbaycana və şəxsən Prezident İlham Əliyevə bir daha minnətdarlığımı bildirmək istəyirəm”, - deyə Kipr türklərinin lideri bildirib.
Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq Şimali Kiprin gələcək inkişafı, eləcə də embarqonun və məhdudiyyətlərin mənfi təsirinin aradan qaldırılması üçün xüsusi əhəmiyyət kəsb edir.
“Mən bu fikirləri İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçirilən sammitinin iştirakçıları ilə bölüşəcəyəm”, - deyə E.Tatar əmin edib.