İyulun 1-də Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib.
İki ölkənin qanunverici orqanları rəhbərlərinin və deputatlarının iştirak etdikləri tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova forumun iki ölkənin parlamentləri üçün çox əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu tədbir Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur.
Xalqlarımız və ölkələrimiz arasında münasibətlərin dərinləşməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistana dövlət səfəri zamanı açılışı olan Daşkənddəki Heydər Əliyev meydanı Ümummilli liderimizin xidmətlərinin etirafı olmaqla yanaşı, həm də özbək xalqının onun şəxsiyyətinə olan ehtiramının sübutudur.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirən spiker deyib ki, bu gün iki ölkənin liderləri - Prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin müdrik rəhbərliyi ilə dövlətlərimiz hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etməklə yanaşı, ölkələrimiz arasında əlaqələr daha da dərinləşib.
Hazırda ölkələrimiz arasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini söyləyən Sahibə Qafarova xatırladıb ki, Prezident İlham Əliyevin
2024-cü ilin avqustunda Özbəkistana dövlət səfəri zamanı imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə Azərbaycan və Özbəkistan rəsmən müttəfiq olublar. O, Prezident İlham Əliyevin bu gün Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun, Xəzər dənizinin vahid geosiyasi regiona çevrilməsi və regionlarımızda gedən müsbət proseslərin Özbəkistan və Azərbaycan arasında səmərəli əməkdaşlıqdan daha çox asılı olması haqqında fikirlərini xatırladaraq əlavə edib ki, ötən ilin oktyabrında Azərbaycan parlamenti müttəfiqlik müqaviləsini yekdilliklə ratifikasiya edib.
Azərbaycan-Özbəkistan münasibətlərində digər mühüm məqam kimi Özbəkistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəti və dəyişməz mövqeyini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan xalqı həm ərazilərimizin Ermənistan tərəfindən işğalı illərində, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Onun sözlərinə görə, Özbəkistan işğaldan azad edilmiş Füzuli şəhərində Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəb tikərək, işğaldan azad edilmiş ərazilərin bərpasına töhfə verən ilk ölkə oldu. Spiker istər bu məktəbi, istərsə də işğaldan azad edilmiş Xankəndi şəhərində yaradılmış yüngül sənaye müəssisəsini xalqlarımız arasında qardaşlıq və dostluq rəmzləri kimi xarakterizə edib.
Forumda çıxış edən Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin, sadəcə, parlamentlərarası görüş deyil, əlaqələrimizin inkişafı tarixində mühüm mərhələ olduğunu bildirib. O, tədbirin Özbəkistan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində keçirildiyini və bu məqamın da forumun əhəmiyyətini bir daha göstərdiyini söyləyib. Tənzilə Narbayeva deyib ki, forumun bu günlərdə keçirilməsi bizim parlament dəyərlərinə ümumi sadiqliyimizi və ölkələr arasında dostluğun əsas amillərindən biri kimi parlamentlərarası əməkdaşlığı gücləndirmək istəyimizi ifadə edir
Ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsi haqqında da fikirlərini bölüşən Tənzilə Narbayeva vurğulayıb ki, Özbəkistanla Azərbaycan arasında münasibətlər həmişə ortaq tarixi, mədəni və mənəvi dəyərlər üzərində qurulub. Bu əlaqələr xalqlarımızın dostluğu, qarşılıqlı hörməti və qardaşlıq hissləri ilə daha da möhkəmlənir.
Senatın sədri çıxışında, həmçinin parlamentlərimiz arasında mövcud olan əlaqələr haqqında da danışaraq qeyd edib ki, parlamentlərimizin qarşılıqlı fəaliyyəti ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə xidmət edir.
Sonra forum işini sessiyalarda müzakirələrlə davam etdirib.
XQ