Türkiyədə “mavi hab” layihəsi başa çatır

post-img

Bununla qardaş ölkədən Avropaya illik qaz ixracı 63 milyard kubmetr olacaq

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya və Türkiyə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yekunlarına dair “Rossiya-24” telekanalına müsahibəsində ölkəsinin Türkiyədə qaz qovşağının yaradılmasında iştirakına dair yol xəritəsinin razılaşdırıldığını və bununla bağlı yaxın vaxtlarda konkret sənədin imzalana biləcəyini deyib. A.Novak daha sonra Türkiyədən Rusiyaya yol xəritəsinin müzakirəsi məqsədilə gələcək nümayəndə heyətinin səfər çərçivəsində “Qazprom”un bu sahədəki fəaliyyətinə diqqət yetirəcəyini də vurğulayıb. 

Xatırladaq ki, cari ilin iyun ayında Ru­siyanın “Qazprom” şirkəti tərəfindən ya­radılacaq qaz habının konsepsiyası, pa­rametrləri və fəaliyyət prinsipləri Türkiyə tərəfinə təqdim edilib. Eyni zamanda, adıçəkilən şirkətin türkiyəli tərəfdaşlarla birgə qaz habının yaradılması layihəsi də hazırlanıb. 

Bu təşəbbüs ilk dəfə Rusiya Prezi­denti Vladimir Putin tərəfindən səsləndi­rilib və Qara dənizin dibi ilə əlavə qaz xətlərinin çəkilməsi və Avropa İttifaqının sərhədində Avropada qazın qiymətinin müəyyənləşdirilməsində alternativ ola biləcək Türkiyə qaz habının birgə yara­dılması təklifi irəli sürülüb. 

Artıq sözügedən layihənin gerçək­ləşməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Məsələn, Türkiyə qa­nunvericiliyinə qaz habının fəaliyyə­ti üçün zəruri olan dəyişikliklər edilib. “Qazprom” şirkəti tərəfindən isə həmin layihəyə dair yol xəritəsi Türkiyə tərəfinə təqdim olunub.

Rusiya Prezidenti Türkiyədə qaz qovşağı habının yaradılması təklifini ilk dəfə ötən il oktyabrın 12-də “Rusiya enerji həftəsi”ndəki çıxışında səsləndi­rib. Türkiyə Prezidenti Ərdoğan Putinin təklifinə çox müsbət yanaşdığını bildirib: “Beynəlxalq qaz kəmərləri qovşağı qısa vaxt ərzində Türkiyədə yaradılacaq. Bu­nun üçün ən uyğun yer ölkənin Avropa hissəsindəki Trakiya bölgəsidir. Rusiya Prezidenti Vladimir Putinlə birgə ener­getika nazirlərinə lazımi işləri görməyi tapşırmışıq. Heç bir gecikmə olmayacaq. Bizim əməkdaşlar lazımi danışıqlar apa­raraq dərhal işə başlayacaqlar. Qovşa­ğın təhlükəsizliyinin təşkili ilə bağlı bütün məsələlər həyata keçiriləcək”.

O vaxt “Qazprom” şirkətinin mətbu­atda yayılan məlumatında bildirilirdi ki, “Türk axını”nın yeni xətlərində Rusiya istehsalı olan turbinlərdən istifadə olu­nacağı nəzərdə tutulur. Türkiyəyə nəql ediləcək qaz isə Rusiyanın Baltik dənizi ilə Avropaya çatdırmaq istədiyi həcmdə planlaşdırılır. 

Rusiya Baş nazirinin müavini Alek­sandr Novak isə “Anadolu” agentliyinə müsahibəsində Türkiyə üzərindən Avro­paya qaz ixracı potensialının ildə 63 mil­yard kubmetr civarında olduğunu deyib. O, bunu Rusiya tərəfindən “Cənub axını” layihəsinin məhz 63 milyard kubmetrlik ötürücülük gücündə olması ilə əlaqələn­dirib. 

Bu məqamda demək yerinə düşər ki, “Cənub axını” kəməri Rusiyanın Uk­raynadan kənar ərazilərlə Avropaya qaz nəqli məqsədilə tikilib. Müxtəlif maneələr səbəbi ilə bağlı kəmərin Bolqarıstana deyil, daha az ötürücülük gücü ilə (31,5 milyard kubmetr) Türkiyəyə çəkilməsinə qərar verilib.

Onu da qeyd edək ki, Avropanın illik qaz istehlakının 510 milyard kubmetr ol­duğu deyilir. Eyni zamanda, Rusiya Uk­rayna ilə müharibəyə başlayana qədər bu həcmin 170-180 milyard kubmetrinin bir neçə boru xətti ilə təmin edildiyi, hazır­da isə onlardan yalnız birinin – müharibə üzündən qaz nəqli həcminin çox aşağı düşdüyü Ukraynadan keçən xəttin işlək vəziyyətdə saxlanıldığı vurğulanır. 

Təbii ki, belə bir halda Avropa üçün qazla bağlı əsas tədarük məsələsində ən səmərəli variant Türkiyədə qaz qovşağı yaradılması layihəsidir. Bu məqamda “Türk axını”, TANAP və TAP, İrandan qardaş ölkəyə çəkilən “İTE” boru xətləri də, necə deyərlər, köməyə çatır. 

Ekspertlərin fikrincə, Türkiyə bütün boru xətlərinin tam həcmdə işlədiyi təq­dirdə Rusiya, Azərbaycan və İrandan 90-100 milyard kubmetr qaz ala bilər. Bu isə Türkiyəni böyük qaz qovşağına çevi­rilməsini şərtləndirir. 

Türkiyədə qaz qovşağının yaradıl­ması Azərbaycan üçün də mühüm önəm daşıyır. Bu, ilk növbədə, ölkəmizin artan qaz həcmlərini satması üçün əlverişlidir. Digər tərəfdən də Türkiyə TANAP və Bakı–Tblisi–Ərzurum kəmərləri ilə res­publikamızdan qaz alır. Hər iki ölkə ara­sında qaz ticarəti qarşılıqlı anlaşma və güzəştlər şəraitində həyata keçirilir. Avro­pa İttifaqının Azərbaycan qazına ehtiya­cının yüksək olması TANAP-ın ötürücü­lük gücünün 30 milyard kubmetrə qədər artırılması üçün əlverişli şərtlər formalaş­dırır. Bundan əlavə, Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədindən İtaliya­ya daşıyan TAP-ın genişləndirilməsini də şərtləndirir. 

Yeri gəlmişkən, Azərbaycandan qar­daş ölkəyə qaz ixracı ilə bağlı müəyyən statistik göstəriciləri də diqqətə çatdır­maq istərdik. Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatında bildirilir ki, bu ilin yanvar-sentyabr ayla­rında ölkəmizdən bu dövlətə, ümumilik­də, 7 milyard 890 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə 23,1 faiz çoxdur. Təkcə cari ilin sentyabr ayında Azərbaycan Tür­kiyəyə 888 milyon kubmetr təbii qaz ixrac edib. Bu isə 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 26 faiz yüksəkdir. Beləliklə, sentyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyə­nin, ümumilikdə, idxal etdiyi təbii qazın 27 faizi Azərbaycanın payına düşüb.

Qeyd edək ki, ötən ilin sentyabr ayın­da Türkiyə Azərbaycandan 711 milyon kubmetr təbii qaz alıb. Ümumilikdə isə sentyabrda qardaş ölkə 3 milyard 292 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 3,22 faiz azdır.

Sentyabrda Rusiya Türkiyəyə qaz ixracına görə birinci olub. İlin 9 ayında Rusiyadan Türkiyəyə 1 milyard 903 mil­yon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 23,53 faiz çoxdur.

Sentyabrda üçüncü yerdə Əlcəzair qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 400 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 34,76 faiz çoxdur.

Qeyd edək ki, Türkiyəyə Azərbayca­nın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbi­lisi–Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı–Tbilisi–Ərzu­rum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat