İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Pakistan Xarici Əlaqələr Şurasının nümayəndələri arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Onlayn görüş zamanı İİTKM-in icraçı direktoru, iqtisadi elmləri doktoru, professor Vüsal Qasımlı iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini xüsusi vurğulayıb. O, qeyd edib ki, bu dövlətlərin beyin mərkəzləri arasında iqtisadi tədqiqatlar sahəsində əməkdaşlığın həyata keçirilməsi münasibələrin inkişaf etdirilməsinə töhfə verəcək. Mərkəzin rəhbəri, həmçinin Azərbaycanda aparılan iqtisadi islahatlar, beynəlxalq reytinqlərdə ölkənin mövqeyi barədə də ətraflı məlumat verib. Bundan başqa, o, İİTKM tərəfindən icra olunan monitorinq və qiymətləndirmə fəaliyyəti, Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az barədə ətraflı danışıb.
İcraçı direktor pakistanlı investorların Azərbaycan iqtisadiyyatına maraqlarının böyük olduğunu və xüsusilə işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji və dayanıqlı infrastrukturun yaradılması sahəsində Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib. Professor əlavə edib ki, hazırda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) ilə “İƏT ölkələrinin iqtisadiyyatı” adlı kitabın nəşri üzrə birgə layihə icra olunmaqdadır. V.Qasımlı Pakistan Xarici Əlaqələr Şurasının tədqiqatçılarını bu layihədə iştirak etməyə dəvət edib.
Görüşdə Pakistan Xarici Əlaqələr Şurasının sədri, səfir Syed Hasan Habib rəhbərlik etdiyi qurumun Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi önəm verdiyini və imzalanan Anlaşma Memorandumunun gələcəkdə İİTKM-lə Pakistan Xarici Əlaqələr Şurası arasında birgə əməkdaşlıq üçün zəmin rolunu oynayacağını qeyd edib. O, xüsusilə də Pakistan–Azərbaycan ticarət əlaqələrini inkişaf etdirmək üçün birgə tədqiqatlar sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
XQ