Bu maliyyə qurumu ölkəmizdə 54 layihəyə 4 milyard dollar vəsait ayırıb
Dünyada aşağı karbon tutumlu iqtisadiyyata keçid və dayanıqlıqla bağlı investisiyalar, eləcə də siyasi islahatlar Azərbaycanın da iqtisadi maraqlarına uyğundur. Bu barədə Dünya Bankı Qrupunun Azərbaycana dair İqlim və İnkişaf Hesabatında nikbin məlumat verilir.
Sənəddə bildirilir ki, iqlimlə bağlı operativ tədbirlər Azərbaycana aşağı karbon yüklü iqtisadiyyata qlobal keçidlə bağlı yaranan riskləri minimuma endirməyə və xalqın həyat səviyyəsini qorumağa kömək edə bilər. Ölkə iqtisadiyyatının ümumi daxili məhsulun üçdə birini, ixracın isə 90 faizini təşkil edən neft-qaz sektorundan əhəmiyyətli dərəcədə asılı olduğunu bildirən sənəd müəllifləri qeyd edirlər ki, neft ehtiyatlarının azaldığı və daha 25 il kifayət edəcəyinin gözlənildiyi bir şəraitdə kompleks və səmərəli dekarbonizasiya səyləri iqtisadiyyatı şaxələndirməyə, həmçinin “yaşıl hidrogen” hasilatında və kənd təsərrüfatında yeni artıma rəvac verəcək.
Son illər planetdə baş verən qlobal iqlim dəyişiklikləri ilə bağlı narahatlıqlar getdikcə artmaqdadır. İqlim dəyişikliklərinin nəticəsi olan təbii kataklizmlərin mənfi təzahürləri ölkələrin sosial-iqtisadi həyatına ciddi təsir göstərir. Bu baxımdan Dünya Bankı Qrupunun Azərbaycanla bağlı açıqladığı İqlim və İnkişaf Hesabatında ölkəmizin iqlim dəyişikliyi ilə əlaqədar ciddi fiziki risklərlə üzləşdiyi qeyd olunur. Bildirilir ki, Azərbaycanın bütün ərazisi, demək olar ki, həm quraqlığa, həm də su qıtlığına məruz qalır və belə ekstremal iqlim şəraiti səbəbindən onların tezliyinin və intensivliyinin artacağı gözlənilir. “Ölkənin təbii sərvətləri torpağın deqradasiyası, səhralaşma və ifrat otarılma nəticəsində zədələnir və bu, kənd təsərrüfatına mənfi təsir göstərir. Eyni zamanda, neft-qaz hasilatı da torpağın deqradasiyasına və su ehtiyatlarının çirklənməsinə təsir göstərib”,– deyə hesabatda bildirilir.
Sənəddə qlobal səylərin tempindən asılı olmayaraq, dekarbonizasiyaya investisiyaların sürətləndirilməsinin Azərbaycanın marağında olması vurğulanaraq qeyd edilir ki, bu səylər, həm də iqtisadiyyatın şaxələndirilməsini nəzərdə tutan milli məqsədlərə uyğundur. Bununla yanaşı, Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Rolande Pryce bildirib ki, Azərbaycana dair İqlim və İnkişaf Hesabatında ölkəyə hədəflərin müəyyən edilməsindən iqtisadiyyatı və əhalini iqlim dəyişikliyinin mənfi təsirlərindən qoruya biləcək tədbirlərin həyata keçirilməsinə keçid üçün praktiki yol təqdim olunur. Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyi üzrə Paris Sazişini imzalasa da, hələ ki, ölkə üzrə emissiyaların xalis sıfır səviyyəsinə çatdırılması ilə bağlı üzərinə hər hansı öhdəlik götürməyib. Bununla belə, Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirib. Dekarbonizasiya üzrə öhdəliklərini gücləndirməsinə baxmayaraq, Azərbaycanın hələ də öz milli hədəflərinə çatmaq trayektoriyasına qədəm qoymadığını vurğulayan bankın Cənubi Qafqaz üzrə direktoru deyib ki, milli iqtisadiyyatın strukturunu nəzərə alsaq, ölkədə dekarbonizasiya ilə bağlı çağırışlar əhəmiyyətli miqyasdadır.
Bankın ölkəmizlə bağlı hesabatında daha sonra qeyd olunur: “Energetika və su təchizatı da daxil olmaqla “yaşıl keçid” üçün vacib olan sektorlarda dövlət müəssisələri üstünlük təşkil edir və onlar ölkənin işçi qüvvəsinin yarısına malikdirlər. Dekarbonizasiya üzrə dəqiq kursun müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün iqtisadi diversifikasiya və daha dinamik özəl sektor tələb olunur”. Yeri gəlmişkən, sözügedən hesabatda qeyd olunan dekarbonizasiya və dayanıqlılıq tədbirləri üçün qlobal iqtisadiyyatın “xalis sıfır” emissiyalara keçid alacağı gözlənilən 2060-cı ilə qədər, təxminən, 44 milyard ABŞ dolları və yaxud ÜDM-in təxminən 3,2 faizi qədər böyük investisiyalar tələb olunacaq. Bu xərclərin əhəmiyyətli bir hissəsi kommersiya və özəl sektorun maliyyələşdirilməsi hesabına təmin olunmalıdır.
Dünya Bankının hesabatında, həmçinin Azərbaycan üçün dayanıqlı və xalis sıfır emissiyalı inkişafın təmin edilməsi üçün strateji yol xəritəsi müəyyən edilib. Bildirilir ki, Azərbaycan zəngin bərpaolunan enerji resurslarına – külək və günəş enerjisinə malikdir və onlar ixrac məqsədli “yaşıl hidrogen” və elektrik enerjisi istehsal etmək və enerji istehsalı, sənaye və nəqliyyat sahələrində daxili məqsədlər üçün istifadə edilə olar. Bunun üçün, elektrik enerjisi infrastrukturuna əhəmiyyətli dövlət sərmayəsi və bərpaolunan enerji istehsalına özəl sərmayə tələb olunacaq ki, bu da dövlət-özəl tərəfdaşlıq vasitəsilə təmin edilə bilər.
Hesabatda o da bildirilir ki, kənd təsərrüfatı Azərbaycanın qeyri-neft iqtisadiyyatı üçün mühüm sahələrdən biridir. Aqrar sahə ÜDM-in 8 faizindən az hissəsini əhatə etsə də, ümumi məşğulluğun 36 faizi məhz bu sektorun payına düşür. “Bununla belə, qeyd olunan sektor təkcə ekstremal hava şəraitinə deyil, həm də ölkədə mövcud su çatışmazlığına çox həssasdır. Sektorun temperaturların artması və su əlçatanlığının azalmasına qarşı müdafiəsi iqlim dəyişikliyinə davamlılığı artırmaq və emissiyaları azaltmaqla məhsuldarlığı yaxşılaşdırmaq üçün suvarma səmərəliliyinin artırılmasını və iqlimə uyğun rasional kənd təsərrüfatı təcrübələrinin tətbiqini zəruri edir”,– deyə sənəddə qeyd olunur.
Bütövlükdə isə, Dünya Bankı Qrupunun hazırladığı Azərbaycana dair İqlim və İnkişaf Hesabatı ölkəmizin gələcək inkişaf istiqamətlərinin, prioritet sahələrin müəyyənləşdirilməsi baxımından olduqca vacib sənəd hesab oluna bilər. Təsadüfi deyil ki, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte bildirib ki, hesabatda qeyd olunan imkanlardan istifadə Azərbaycana gələcəkyönümlü iqtisadiyyat qurmaqda və əhalini iqlim dəyişikliyindən qorumaqda kömək edəcək.
Yeri gəlmişkən, Dünya Bankının bu ilin aprel ayında açıqladığı hesabatda 2026-cı ilə kimi Azərbaycanda qeyri-neft sektorunun orta hesabla 2,5 faiz artacağını bəyan edib. Bank həmçinin, kənd təsərrüfatı üzrə artımın real ÜDM-də payının 2023-cü il üzrə 3,2 faiz, 2024 və 2025-ci illər üzrə isə 3 faiz proqnozlaşdırdığını açıqlayıb. Bununla yanaşı, ölkəmizdə sənaye üzrə artım cari ildə 0,5 faiz, 2024-cü ildə 1 faiz, 2025-ci il üzrə isə 1,2 faiz müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan dünyanın ən nüfuzlu maliyyə institutlarından sayılan Dünya Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddətdə bank tərəfindən ölkəmizdə infrastruktur, humanitar, kənd təsərrüfatı, ekologiya, mədəni irsin qorunması, məcburi köçkünlərin sosial problemlərinin həlli və bir sıra digər sahələrdə mühüm əhəmiyyət daşıyan 54 layihənin maliyyələşdirilməsinə hökumət zəmanəti ilə təqribən 4 milyard dollara yaxın vəsait ayrılıb.
Mirbağır YAQUBZADƏ
XQ