yaxud “anti-KTMT ssenarisi”nin davamı
Ermənistan sanki ər evindən küsüb getmiş gəlindir, onun geri qayıtmasını istəyənlər var. Əlbəttə, gəlinin qohum-əqrəbaları da bu barədə söz açırlar. Obrazlı desək, ər evi isə Rusiyadır.
Əlqərəz, Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, ölkəsi Avrasiya İqtisadi İttifaqının dekabrda keçiriləcək Sankt-Peterburq Sammitində iştirak etməlidir. Nəzərə alaq ki, sammit əsnasında MDB liderlərinin ənənəvi qeyri-formal görüşünün təşkili də planlaşdırılır.
Bir yandan, düşünmək mümkündür ki, İrəvan Moskva ilə son zamanlar yaranmış gərginliyi aradan qaldırmaq məqsədi güdür. Axı, Ermənistan üzvü olduğu və Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Belarusun paytaxtı Minskdə keçirilmiş toplantısında iştirakdan imtina etmişdi. Özü də məsələ, kifayət qədər, dramatik şəkil almışdı. Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyana zəng edərək, necə deyərlər, onun başına ağıl qoymaq istəmiş, lakin niyyəti reallaşmamışdı. Görəsən, indi nə olub ki, vəziyyət dəyişib? Bəlkə İrəvan Moskva ilə durumu daha da kəskinləşdirməkdən vaz keçib? Yoxsa, ölkənin xarici siyasətində nələrsə dəyişib? Bu suallara cavab kontekstində bir vacib məsələni yazının son bölümündə diqqətə çatdıracağıq. Ancaq hələlik mövzu ilə bağlı digər məqamların üzərində dayanaq.
***
Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov hələ A.Simonyandan da əvvəl bildirmişdi ki, Ermənistan baş nazirinin dekabrın sonunda MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi görüşünə gələcəyinə, habelə orada Avrasiya İqtisadi İttifaqının rəsmi sammitində iştirak edəcəyinə dair siqnal alıb. Maraqlıdır ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu məsələdə Uşakov kimi nikbin görünmür. “Mənə elə gəlir ki, biz ümidlərə deyil, konkret faktlara söykənərək, reallığa əsaslanan mövqe formalaşdırmalıyıq. Gəlin, konkret hərəkətləri gözləyək, sonra onlara münasibət bildirəcəyik”, – deyə M.Zaxarova dünənki ənənəvi brifinqində bildirib.
Ancaq Zaxarovadan fərqli olaraq, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlaması müəyyən qədər ümidverici təsir bağışlayır. Hərçənd, o, jurnalistlərin sualını cavablandırarkən, dövlət başçısının iş cədvəlində N.Paşinyanla söhbətin hələ olmadığını vurğulayıb. Ancaq Peskov onu da bildirib ki, erməni baş nazirin MDB-nin dekabrın sonunda Rusiyada keçiriləcək qeyri-rəsmi sammitində iştirakı gözlənilir və bu, danışıqlar üçün əla fürsət olacaq. Belə qənaətə gəlirik ki, Uşakov nikbindir, Zaxarova inanmır, Peskov isə bir qədər də amiranə davranır. Sonuncu, təxminən, bunu deyir: Nikol görüşmək və danışmaq istəyirsə, Sankt-Peterburqa gəlsin.
Yenidən Ermənistan parlamentinin spikerinin fikirlərinə qayıdaq və bir məqama diqqət yetirək. O, ölkəsinin Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburq zirvəsində iştirak etməli olduğunu deyir. Yəni, məsələnin İrəvan üçün mütləqliyi üzərində dayanır. Başqa sözlə desək, iştiraka Ermənistanın milli maraqları baxımından yanaşdığını ortaya qoyur. Ona da diqqət yetirək ki, Simonyan MDB dövlət başçılarının qeyri-formal görüşündən bəhs etmir. Sual olunur: erməni spiker nə üçün eyni vaxtda keçiriləcək iki toplantıdan birini əsas tutur? Səbəb çox sadədir. Çünki İrəvan rotasiya qaydasında Avrasiya İqtisadi İttifaqına sədrliyi öz üzərinə götürəcəkdir: “Biz Avrasiya İqtisadi İttifaqının sədr ölkəsi oluruq. Qərar (Rusiyaya getməklə bağlı -red.) hələ qəbul edilməyib, lakin mən şəxsən hesab edirəm ki, Aİİ-yə sədrlik üçün Ermənistan (qurumun sammitində – red.) iştirak etməlidir”.
Bu yerdə Ermənistanın rotasiya qaydasında Rusiyanın hakim rol oynadığı KTMT-yə sədrliyini yada salaq. Qeyd edək ki, bu sədrlik 2022-ci ilə təsadüf etmişdi. Həmin vaxt rəsmi İrəvan quruma rəhbərliyini özünün anti-Rusiya və anti-Azərbaycan ritorikasının başlıca predmetinə çevirmişdi. Mövcud xüsusda 2022-ci ilin noyabrında KTMT-nin İrəvanda baş tutmuş sammitini yada salaq. Rusiya Prezidentinin də qatıldığı həmin tədbirdə baş nazir N.Paşinyan, faktiki olaraq, təşkilatı faydasız bir qurum kimi təqdim etmişdi. O çalışmışdı ki, KTMT 2022-ci ilin sentyabrında Azərbaycanla sərhəd gərginliyinə siyasi qiymət versin, bununla bağlı qərar çıxarsın və yekunda KTMT ilə Bakı arasında hərbi gərginlik yaşansın. Lakin Nikol istəyini gerçəkləşdirə bilməmiş və həmin andan Ermənistan–KTMT ziddiyyətləri açıq müstəviyə çıxmışdı.
***
Şübhə yoxdur ki, Paşinyan indi də eyni addımı Avrasiya İqtisadi İttifaqı müstəvisində atmağa çalışacaq. Yəni, onun öz ölkəsinin quruma sədrliyini İrəvanın anti-Azərbaycan fəaliyyəti müstəvisinə gətirəcəyi birmənalıdır. Təşkilata sədrlik məhz buna görə vacibdir.
Əlbəttə, erməni iqtidarı onu da yaxşı bilir ki, istəyinin alınması, demək olar ki, mümkünsüzdür və özünün siyasi sərmayəsini məhz bu amilin üzərinə də yatırmağı düşünür. Deməli, Aİİ müstəvisində də Bakıya qarşı hansısa addım atmaq mümkün olmasa, habelə Ermənistanın fantastik təqdimata malik iqtisadi iddiaları gerçəkləşməsə, o zaman KTMT-ni gözdən salmaq üçün istifadə olunan “metodlar”, daha doğrusu, manipulyasiyalar yenidən, bu dəfə Aİİ-yə qarşı dövriyyəyə girəcək. Müvafiq olaraq, qurumun Ermənistan üçün lazımsızlığı məntiqi qabardılacaq.
***
Bəli, yekunda Rusiyanın hakim rol oynadığı bütün platformaların mənasızlığı görüntüsünü formalaşdırmaq, Paşinyanın qarşısında duran ən mühüm vəzifədir. Buna görə A.Simonyan Sankt-Peterburq Sammitində iştirakı mütləq sayır. O, bunun üçün ümumi qərarın verilməsinin vacibliyindən danışsa da, tam aydındır ki, şəxsi fikri kimi irəli sürdüyü məsələ ətrafında artıq razılığa gəlinib. Erməni spiker heç də öz yanından bu barədə söz açmaz, əminliklə danışmazdı.
Çox güman ki, Rusiyada da Ermənistanın “niyyətindən” xəbərdardırlar. Bilirlər ki, İrəvan Aİİ-yə sədrliklə qurumun daxilinə, belə demək mümkünsə, saat mexanizmli bomba yerləşdirmək istəyir. Ona görə də M.Zaxaraova məsələ barədə söz düşərkən, spektik danışır. Peskov isə Rusiya–Ermənistan dialoqu baxımından sırf MDB-nin qeyri-rəsmi sammitinə köklənir. Yəni, Aİİ-nin toplantısının adını çəkmir. Belə olduqda, maraqlı sual yaranır: Paşinyan, eyni zamanda, həm Aİİ-nin, həm də MDB-nin tədbirində iştirak edəcəkmi? Yaxud Nikol Qərbdəki “dostlarından” bu tədbirlərdən hansında iştirakın icazəsini alıb? Hələlik məsələ barədə söz açmaq çətin olsa da, ehtimal var ki, Nikolun MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak “imkanı olmayacaq”, başqa “vacib işləri” çıxacaq. Axı, o, MDB Dövlət Başçıları Şurasının bu ilin oktyabrında Bişkekdə keçirilmiş iclasına qatılmamış və durumu işlərinin çoxluğu ilə “əsaslandırmışdı”. İndi daha “vacib” işləri ola bilər. Məsələn, tam mümkündür ki, yeni il qabağı Paşinyanı evdə yolka bəzəmək kimi əlahiddə vəzifə gözləsin...
Ə.CAHANGİROĞLU
XQ