“Girdman–Şirvan–Naxçıvan” ümumerməni birliyinin fəaliyyəti nəyə hesablanıb?
Bilənlər bilir, bilməyənlər üçün diqqətə çatdıraq ki, Ermənistanda “Girdman–Şirvan–Naxçıvan” ümumerməni birliyi adlı təşkilat var. Təşkilatın rəhbəri isə Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan deputatı Vilen Qabrielyandır. Bu şəxs 1983-cü ildə Bakıda anadan olub. Onun sırf Bakıya fokuslanaraq, nələri söylədiyinə diqqət yetirəcəyik. Ancaq əvvəlcə bu şəxsin rəhbərlik etdiyi təşkilatın adına nəzər salaq.
Girdman, Şirvan və Naxçıvan. Bu təmiz türk adlarını daşıyan qurum həm də ümumerməni birliyi kimi tanınmağa iddialıdır və Ermənistanda qeydiyyatdan keçib. Təsəvvür edə bilirsinizmi, Azərbaycanda bir təşkilat Qukasyan, Quqark, Noyemberyan rayonlarının adlarını daşıyır? Mümkün deyil. Hərçənd, Ermənistanın rayonlarına diqqət yetirəndə görürsən ki, onların çoxunun adı erməni dilində deyil. Məsələn, vaxtilə Ermənistan SSR-in tərkibindəki Qəmərli, Cəlaloğlu, Düzkənd, Qarabağlar, Üçkilsə, Vedi, Zəngibasar, Allahverdi, Amasiya, Basarkeçər və sair təmiz türk toponimi olan rayon adları olub. Müstəqillik illərində onların bir çoxu erməniləşdirilsə də, Ermənistanda yenə də türk toponimlərinə rast gəlinməkdədir. Yəni, nə edirlərsə, silib qurtara bilmirlər. Əslində, bəlkə böyük ölçüdə nəyisə silməyə xüsusi səy də göstərmirlər. Çünki xəstədirlər. Xəstəlik məntiqsizlik doğurur. Sadə bir misalla fikrimizi isbatlayaq. Ermənilər dolmanın onların milli yeməyi olduğunu dünyaya car çəkirlər. Amma dolma türk sözüdür. Elə bu ad hər şeyi deyir. Hayların ağlına gəlmir ki, heç olmasa, adı dəyişdirsinlər. Dediyimiz kimi, xəstəlikləri düşünməyə imkan vermir. Elə haqqında söz açdığımız “Girdman-Şirvan-Naxçıvan” ümumerməni birliyi də xəstə təfəkkürün məhsuludur. Aşkar görünür, ki, bu birlik ekstremist, separatçı niyyət güdən, ərazi iddiasına köklənmiş təşkilatdır.
Beləliklə, “Girdman-Şirvan-Naxçıvan” ümumerməni birliyi Azərbaycandan olan məcburi köçkünlərin hüquqlarının müdafiəsinə və bərpasına girişib. Qurumun rəhbəri olan deputat V.Qabrielyan mövcud istiqamətdə bütün resursları toplayacaqlarını vurğulayıb. Resurslar hansı məqsəd üçün səfərbər edilir? “Hazırda ictimai təşkilatımız tərəfindən itirilmiş əmlakın mövcud əsaslar üzrə inventarlaşdırılmasının daha dəqiq və düzgün aparılmasına dair genişmiqyaslı işlər görülür. Burada problemlərimiz var. Bildiyiniz kimi, soydaşlarımızın heç də hamısının sənədləri tam olmadığı üçün çətinliklər yaranır. Mövcud verilənlər bazasını təhlil edərək və yeni məlumatlar toplayaraq, biz hər şeyin daha dəqiq olmasına çalışacağıq. Söhbət yüz milyardlarla rubldan gedir”, – deyə V.Qabrielyan bildirib.
Erməni deputat onu da vurğulayıb ki, rəhbəri olduğu birlik tezliklə yeni internet saytı yaradacaq. Dünyanın istənilən yerində yaşayan və Azərbaycandan qovulmuş ermənilər bu platformaya daxil olaraq, özlərinin əmlak itkisi ilə bağlı məlumatları orada yerləşdirmək imkanı qazanacaqlar. Çünki, guya, onların əksəriyyətinin şəxsi mülkiyyəti və mülkiyyət hüquqları irimiqyaslı talan və zorakılıq nəticəsində köklü şəkildə pozulub. “Girdman-Şirvan-Naxçıvan” ümumerməni birliyinin qeyd edilən istiqamətdə beynəlxalq strukturlarla da işi öz gündəliyinə daxil etdiyini deyən V.Qabrielyanın sözlərinə görə, 2023-cü il sentyabrın 19-da Qarabağda baş verənlər, Azərbaycanın hərəkətləri nəticəsində 100 mindən çox erməninin zorla köçürülməsi 1988–1992-ci illərdəki proseslərin oxşarıdır: “Beynəlxalq strukturlar o dövrdə baş verən və bugünkü məcburi köçə səbəb olan hadisələrə lazımi siyasi qiymət vermədilər. Əgər beynəlxalq ictimaiyyət vaxtında düzgün qiymət versəydi, biz sentyabrın 19-da olan vəziyyətə gəlməzdik”.
V.Qabrielyanın fikirlərindəki bir məqam təqdir oluna bilər. Azərbaycandan qovulmuş ermənilər ritorikasına baş vuran deputat Qarabağdan köçənləri də bu siyahıya daxil edir. Halbuki, erməni siyasi dairələri, o cümlədən, ölkə iqtidarı hazırda elə görüntü formalaşdırır ki, sanki Azərbaycanın sentyabrın 19-da keçirdiyi və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri Qarabağın işğalı idi. İndiki halda Qabrielyanın fikirləri məsələnin tam əksi deməkdir. Əlbəttə, mümkündür ki, erməni deputat bunun fərqində deyil.
Digər tərəfdən, belə görünür ki, Ermənistan hakimiyyəti Azərbaycanda yaşamış ermənilərin mülkiyyət hüququ ilə bağlı məsələni qaldırmaqla, ölkəmizə ziyan vurmağa çalışır. İndiyədək də belə ediblər. Bununla bağlı beynəlxalq məhkəmə instansiyalarında qaldırılmış iddialar var. Görünür, hazırda erməni iqtidarı məsələni daha sistemli şəkildə qoymaq niyyətindədir. Yəni, Paşinyan və komandası Azərbaycana qarşı ərazi iddiası məntiqini bir qədər fərqli tərzdə irəli sürməyə üstünlük verir. Məsələn, Ermənistanın Avropa İnsan Haqları Məhkəməsinə təqdim etdiyi başlıca mövzulardan biri də erməni milli mirası kimi adlandırılmış cəfəngiyyatdır. Bu cəfəngiyyatın tərkib hissəsi olaraq, məsələn, Ağdamdakı hansısa abidənin, guya ermənilərə məxsusluğunun təsdiqlənməsi iddiası qabardılır. Təsəvvür edin ki, torpaq Azərbaycanındır, ancaq Ermənistan istəyir ki, həmin abidənin sənədi ona məxsus olsun. Daha doğrusu, “məxsusluq” beynəlxalq məhkəmənin qərarı ilə təsdiqlənsin. Niyə? Çünki Ağdamdakı abidənin Ermənistana aidliyi məhkəmə qərarı ilə təsdiqlənirsə, deməli, gələcəkdə tikilinin yerləşdiyi torpağın da Ermənistana aidliyinin mübahisələndirilməsi mümkündür. Təbii ki, mübahisə üçün güc lazımdır. İrəvanın hazırkı davranışının perspektivi üçün də başlıca amil məhz gücdür. Yəni, avantüristlər güclü olacaqları təqdirdə, yenidən ölkəmizə qarşı çıxıb işğalçılıq siyasəti aparmağı hesablayırlar.
Bəli, V.Qabrielyanın fikirləri, eləcə də onun təşkilatının planlaşdırdığı sözügedən fəaliyyət erməni məkrinin növbəti nümunəsidir. Həm də ona görə ki, bu şəxs Ermənistanda yaşayan və özlərinin tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlını nəzərə almır. 1988–1992-ci illərin hadisələrindən danışanda, gərək bu məqamı da düşünəydi. Düşünmür və sırtıqcasına deyir ki, sülh müqaviləsi imzalandıqdan sonra, Bakıda yaşamaq üçün müraciət edəcək: “Azərbaycan dəqiq təminat verməlidir ki, 100 min erməni doğulduğu yerə, Azərbaycan Respublikasına gedib yaşasın. Ermənistan da, şübhəsiz ki, istənilən başqa ölkənin vətəndaşlarının təhlükəsizliyinə təminat verməlidir”.
Məsələnin qoyuluşuna diqqət yetirək. Azərbaycan dövləti 100 min erməninin doğulduğu yerdə, Azərbaycan Respublikasında yaşamasına təminat versin, Ermənistan isə başqa ölkənin vətəndaşlarının təhlükəsizliyinə. Burada azərbaycanlıların Ermənistanda yaşamaq hüququndan söz açılmır. Nəzərə alaq ki, başqa ölkələr anlayışı genişdir. Bu anlayışa ingilis, fransızlar, hollandlar və sair daxildir və onsuz da rəsmi İrəvan onların Ermənistanda yaşamalarına təminat verir. Elə Azərbaycanda da başqa ölkə vətəndaşlarının təhlükəsiz şəraitdə ömür sürmələri üçün hüquqi mexanizmlər mövcuddur. Nəyə görə, ermənilərlə bağlı ayrıca təminat mexanizmi olmalıdır? Məgər, Ermənistan eyni addımı atmaq istəyirmi, yaxud istəyərmi? Əlbəttə, yox. Halbuki, bu ölkədə doğulmuş azərbaycanlıların sayı, dediyimiz kimi, yüz minlərlədir. Üstəlik, Azərbaycanda yaşamış ermənilərdən fərqli olaraq, Ermənistan adlanan ərazi onların tarixən bağlı olduqları məkandır. Yəni, onlar ermənilər kimi haradansa həmin əraziyə köçürülməyiblər.
Bəli, kifayət qədər düşünülmüş və incə şəkildə məkrli niyyət güdməyə hesablanmış fikirləri söyləməsinə baxmayaraq, erməni sosial şəbəkə seqmentində, az qala, xalq düşməni kimi qiymətləndirilmiş V.Qabrielyan “Bakıda erməni tarixi-mədəni izləri” adlı sərginin keçirilməsi təşəbbüsü ilə də çıxış edib. Əlbəttə, Bakıda ermənilər yaşayıblar, ancaq paytaxtımızda hansı erməni tarixi-mədəni izi var? Tutalım, ayrı-ayrı abidələr var. Məsələn, mərkəzdə erməni kilsəsini götürək. Amma bu o deməkdirmi ki, Bakıda tarixi erməni izi var?
Ancaq İrəvanda, ümumən, Ermənistanın çox yerində son dərəcə böyük azərbaycanlı irsi mövcuddur. Bu mirası onilliklərdir silirlər, amma silib axırına çıxa bilmirlər. Qabrielyanın gedib çıxdığı 1988–1992-ci illərə diqqət yetirək. Həmin illərdə Ağkilsə kəndinin sakinlərinin deportasiyasından sonra ustad Aşıq Ələsgərin qəbirüstü abidəsi, həmçinin Ağudi abidəsi, Aşağı Şorca kəndinin qəbiristanlığı, İrəvan şəhərindəki Dəmirbulaq məscidi məhv edilmişdi. İrəvandakı Göy məsciddə aparılan təmir-bərpa işlərindən sonra, onu “Fars məscidi” adlandırdıqları kimi, Cəfərabad kəndindəki orta əsrlərə aid Əmir Səəd məqbərəsi də “Türkmən məqbərəsi” kimi qələmə verilib. Belə “yanaşmaların” sayı-hesabı yoxdur.
Ümumən, erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Monoetnik erməni dövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adlarını dəyişdirərək erməniləşdiriblər. Qərbdə demokrat kimi qiymətləndirilən Paşinyanın partiyadaşı olan Qabrielyan, həqiqətən, səmimi olsaydı, gərək, bunlardan da danışaydı. Danışmır, əvəzində ortaya saxta beynəlmiləlçiliklə pərdələnmiş məkrli niyyət qoyur. “Dünya yeni yaranmayıb, elə dövlətlər var ki, bir-biri ilə müharibə edib, sonra sülh şəraitində yaşayıb və daha sonra yenidən müharibəyə başlayıblar və s. Əlbəttə ki, müharibə faciəvi bir vəziyyətdir, lakin buna baxmayaraq, bütün bunlardan sonra belə icmalar bir-biri ilə barışmağa çalışmalıdırlar”, – deyən erməni deputat qaçqınların geri qayıtmaları məsələsinin hər iki tərəfdə müzakirəsini vacib sayırsa, ilk növbədə, öz təşkilatını buraxmalı və ya onu adını, nizamnaməsini dəyişdirib başqa məşğuliyyət tapmalıdır. Yəni, əvvəlcə, ümumən, yanaşmasının səmimiliyini göstərməlidir. Əminik ki, bunu etməyəcək. Çünki, o, xroniki erməni xəstəliyindən əziyyət çəkir. Deputatın diqqətə çatdırdığımız fikirləri bunun bariz göstəricisidir.
Ə.RÜSTƏMOV
XQ