Dövlət müəssisələri özəl investisiyalara açıqdır

post-img

Bununla işgüzar tərəfdaşlıqda yeni mərhələ başlayacaq

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” 31 avqust 2023-cü il tarixli sərəncam imzalayıb. 

Sərəncamda dövlət müəssisələrində institusional islahatların, restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi, dövlətin iştirak payının azaldıl­ması vasitəsilə özəl investisiyaların cəlb olunması, vətəndaşların dövlət müəssisələ­rinin idarəedilməsində iştirakının genişləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə, “Bakı Telefon Rabitəsi” MMC-yə,“Az­telekom” MMC-yə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə, “AzerGold” QSC-yə, “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen, Karbamid və Metanol zavodlarına özəl investisiyaların cəlbinin gerçəkləşdirilməsi qərara alınıb.

Son illərdə sözügedən məsələyə – dövlət müəssisələrində institusional isla­hatların, restrukturizasiya və sağlamlaşdır­ma tədbirlərinin davam etdirilməsi, dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb olunmasına mühüm önəm verilir. Bu məqam dövlət başçısı­nın 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iq­tisadi inkişafa dair Milli Prioritetlər”ində də öz ifadəsini tapıb. Belə ki, adıçəkilən sənəddə dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılması, qabaqcıl bey­nəlxalq təcrübə nəzərə alınmaqla korpo­rativ idarəetmə standartlarının tətbiq edil­məsi və gəlirlilik səviyyəsinin artırılmasının reallaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulub. Eyni zamanda dövlət sektorun­da şəffaflıq səviyyəsinin ən yüksək stan­dartlara çatdırılması, iqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqinin genişləndirilməsi və təşviqi kimi məsələlərin də inkişafı prioritet istiqamətlər kimi qəbul olunub. 

Dövlət müəssisələrinə özəl investisi­yaların cəlb edilməsi ilə bağlı danışarkən bir məqam da diqqət çəkir. Belə ki, xari­ci təsirlərə dayanıqlıq sütunlarından bi­rini dövlətin valyuta ehtiyatları, digərini isə intizamlı borclanma təşkil edir. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyə­də saxlanılması üçün Dövlət Neft Fon­dundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır. Məcmu borc makroiqtisadi sabitliyə, o cümlədən döv­lət büdcəsinin sabitliyinə xidmət etməlidir. Daxili borcun idarə edilməsi ölkədə ma­liyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanma­larına nəzarət gücləndirilməli və bu əsas­larda dövlət və kvazi–dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır.

Fikrimizcə, bütün bu qeyd edilənlər dövlət müəssisələrinə dövlətin iştirak pa­yının azaldılması vasitəsilə özəl investi­siyaların cəlb olunmasının gerçəkləşdi­rilməsi anlamı verir. Ekspertlərin fikrincə, ölkə iqtisadiyyatının şaxələndirilməsi, milli iqtisadiyyatın neft-qaz amilindən asılılığı­nın azaldılması məqsədilə sərmayə qoyu­luşunun gücləndirilməsi mühüm önəm da­şıyır. Bu zaman iri dövlət müəssisələrinin fəaliyyətinin sağlamlaşdırılması və rəqa­bət mühitinin tələblərinə uyğunlaşdırılma­sı üçün özəl investisiyalara ciddi ehtiyac duyulur. Bax, dövlət başçısının 31 avqust 2023-cü il tarixli sözügedən sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malik­dir. Yeri gəlmişkən, həmin sərəncamla respublikamızda fəaliyyət göstərən dövlət müəssisələrinə özəl investisiyaların cəlbi məqsədilə müəyyən tədbirlərin həyata ke­çirilməsi nəzərdə tutulur.

Onu da deyək ki, sərəncamda adla­rı çəkilən dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə, “Bakı Telefon Rabitəsi” MMC-yə, “Aztelekom” MMC-yə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə, “AzerGold” QSC-yə, “Azərikim­ya” İstehsalat Birliyinin Etilen-Polietilen, Karbamid və Metanol zavodlarına özəl investisiyaların cəlb edilməsi həm də o qurumların dinamik inkişafının təmin olun­ması, islahatlar aparmaqla onların fəaliy­yətində səmərəliliyin artırılması, idarəet­mədə korporativ mexanizmlərin tətbiqinə üstünlük verilməsi məqsədi daşıyır. Bu­nunla yanaşı, həmin müəssisələrə özəl investisiyaların cəlbi ilə qiymətli kağızlar bazarının inkişaf etdirilməsinə əlverişli şə­rait yaranır. Şübhəsiz ki, dövlət başçısının bu tarixi sərəncamında nəzərdə tutulan tədbirlərin gələcəkdə digər dövlət müəs­sisələrinə özəl sərmayələrin qoyuluşunun tətbiqinə də yol açır. 

Burada bir məqamı da xatırlatmaq istərdik. Yəqin ki, 2016-cı ildə “Azər­baycan Beynəlxalq Bankı” ASC-də baş verən maliyyə cinayətləri yaxşı xatırla­nır. Ötən müddət ərzində bu səhmdar cəmiyyətin dirçəldilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Bankın menecmentlərin və nüfuzlu beynəlxalq konsaltinq şirkətinin iştirakı ilə yeni stra­teji inkişaf planı hazırlanaraq müvafiq idarəetmə orqanları tərəfindən təsdiqlə­nib və tətbiqinə başlanılıb. Nəticədə sö­zügedən maliyyə qurumunda dayanıqlı artım, sağlam maliyyə vəziyyəti, yüksək əməliyyat səmərəliliyi və ən yaxşı təc­rübəyə uyğun korporativ idarəetmə sis­teminin qurulması reallaşıb. Lakin bü­tün bunlara baxmayaraq, “Azərbaycan Beynəlxalq Bankı”na hazırda da özəl investisiyaların cəlb edilməsi zərurəti var. Bu gün ASC-nin maliyyə payında dövlətin yükünün azaldılmasında, rəqa­bətqabiliyyətli fəaliyyət strategiyalarının formalaşdırılmasında dövlət–özəl sektor əməkdaşlığının yeni mərhələyə qaldırıl­masına ciddi ehtiyac duyulur. 

Bütün bu təşəbbüslərin “Bakı Tele­fon Rabitəsi” MMC, “Aztelekom” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC, “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen, Karbamid və Metanol zavodlarında da gerçəkləşdirilməsi nəticəsində həmin müəssisələrdə rəqəmsal texnologiyalar inkişaf edəcək, nəqliyyat sektorunun fəa­liyyətində səmərəliliyin artırılmasına nail olunacaq. 

Günay QULİYEVA,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
iqtisadi təhlil şöbəsinin rəhbəri 

Prezident İlham Əliyevin imza­ladığı “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisi­yaların cəlb edilməsi ilə bağlı tədbir­lər haqqında” Sərəncamı ölkəmizin vətəndaşlarının dövlət müəssisələri­nin idarəedilməsində iştirakının geniş­ləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsi istiqamətində mühüm addımdır.

Sərəncamda nəzərdə tutulan məsələlərin icrası nəticəsində iqtisa­di səmərəlilik yüksəldilə və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi pri­oritetə uyğun olaraq, “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” daha da güclənə bilər. 

“Azərbaycan 2030: sosial-iqtisa­di inkişafa dair Milli Prioritetlər”də də qeyd edildiyi kimi, iqtisadi artım qa­baqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaş­lıq gücləndirilməli, yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlan­dırılmalı, qeyri-neft sektorunun maliy­yələşməsində özəl sektorun payı ar­tırılmalıdır. Prioritetlərə uyğun olaraq, Azərbaycan iqtisadiyyatına özəl sər­mayə cəlbinin artırılması üçün dövlət aktivlərinin bir hissəsinin özəl sektora müxtəlif mülkiyyət və idarəetmə for­malarından istifadə etməklə ötürülmə­si böyük əhəmiyyət kəsb edir. 

İqtisadiyyatda dövlətin miqyası­nı optimallaşdırmaq və qeyri–dövlət investisiyalarının cəlbinin artırılması uzunmüddətli iqtisadi artımı dəstək­ləyə bilər. Təbii ki, bunun üçün, ilk növ­bədə, investisiyaya açıq müəssisələr, onların maliyyə ehtiyacları və həmin müəssisələrdə dövlət və özəl sektorun payının optimal nisbətini müəyyənləş­dirmək zəruridir. Bütün bu məsələlər sərəncamda öz əksini tapıb və özəl investisiyaya açıq dövlət müəssisələ­rinin siyahısı müəyyənləşdirilib. Digər tərəfdən, dövlət müəssisələrinə yeni və innovativ texnologiyalardan isti­fadə edən özəl şirkətlərin investisiya qoyması uzun müddətli perspektivdə iqtisadiyyatda daha çox əlavə dəyər yarada bilər. Bütün bunlar sayəsində Azərbaycan qısa müddətdə qlobal dəyər zəncirinə qoşula bilər.

Müəyyən strateji sahələr istisna olmaqla, digər sahələrdə dövlətin bila­vasitə iştirakının optimallaşdırılması, həmin fəaliyyət növlərinin mərhələli şəkildə özəl sektora ötürülməsi nəti­cəsində iqtisadi səmərəliliklə yanaşı, dövlət resurslarına qənaət olunması­na və iqtisadiyyatın dövlət sərmayə­sindən asılılığının azaldılmasına nail oluna bilər. 

Vaqif BAYRAMOV, XQ





İqtisadiyyat