Azərbaycanda separatçılığın izi-tozu da qalmamalıdır!

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

 

Bakı siyasi avantürizmin “kosmetik təmir” işləri ilə qane olmayacaq

Arayik Arutyunyanın öz istefa qərarından əvvəl Samvel Şahramanyanı Qarabağdakı separatçı rejimdə oyuncaq “dövlət naziri” postuna təyin etməsi, Ermənistanın ictimai mühitində diskussiya doğurub. Erməni başbilənlər elə fon yaradırlar ki, sanki Arayikin istefası güzəştdir və Azərbaycan danışıqlar müstəvisində bunu nəzərə almalıdır. Mövcud xüsusda S.Şahramanyan amili üzərinə gəlinir. Bildirilir ki, o, ölkəmizin nümayəndələri ilə bu ilin martında Rusiya sülhməramlılarının Xocalıda yerləşən qərargahında keçirilmiş görüşdə iştirak edib. Azərbaycan rəhbərliyinə ünvanlanmış təxminən belə bir fikir də irəli sürülür: sizin üçün danışıq aparmağa münasib erməni lazım idisə, onu ortaya çıxardıq. Ruben Vardanyandan zəhləniz gedir, A.Arutyunyana nifrət edirsiniz, Şahramanyan gözünüzdə mənfi reputasiyalı biri deyil. Deməli, aydın olur ki, kompromisə getmək dedikdə bunu nəzərdə tuturlarmış. Bəs başqa məqamlar? Yazımızda onlardan da danışacaq və Ermənistan ictimai rəyindəki fikirlərə əsasən separatçıbaşının istefasının əsl səbəblərinə diqqət yetirməyə çalışacağıq. 

***

Erməni siyasi isteblişmentinin, o cümlədən, hakim dairələrinin güzəşt ritorikasına əsaslanaraq vurğuladıqla­rı daha bir məqam separatçı rejimdə təmsil olunanların hamısının istefasıdır. Yeri gəlmişkən, bunun anonsunu A.Arut­yunyanın özü vermişdi. Belədə sual ya­ranır: yeni “dövlət naziri” Şahramanyan kimdir? Hər halda sıravi erməni deyil. 1978-ci il təvəllüdlü Samvel karyerası bütünlüklə Qarabağdakı separatçı rejim­lə bağlı təhlükəsizlik xidməti generalıdır. “Dövlət naziri” postunadək isə xuntada “təhlükəsizlik şurasının katibi” vəzifəsini tuturdu. Yəni, loru dildə desək, Samvel, Qurgen, Ruben, Arayik bir bezin qırağı­dır. Deməli, heç bir halda Ermənistanda kimsə Arutyunyanın gedişi ilə Qarabağ separatçıları daxilindəki yarpaq tökümü­nü konstruktivlik kimi qiymətləndirməmə­lidir. Nəhayət, ümumən, Bakının düzgün, səmimi mövqe tutacağına ümid bəslədiyi İrəvandır, nə “rəsmi Xankəndi” kimi təq­dim olunan cinayətkar dəstədir, nə də oyuncaq “dövlət naziri” postunun yeni sahibi S.Şahramanyan. 

***

Azərbaycan dövləti Qarabağ ermə­nilərinin reinteqrasiya təşəbbüsünü irə­li sürüb. Bu təşəbbüs, eyni zamanda, dünyada erməni təəssübü çəkənlərə, hay-küy qoparanlara bir mesajdır. Digər tərəfdən, bu, bir xoş niyyət göstəricisi, məqsədyönlü fundamental yanaşma­dır. Çünki ölkəmiz istəyir ki, Qarabağ erməniləri bölgədə yaşasınlar. Onların əcdadları ora köçmədilər, gəlmədilər, bu, başqa söhbətin mövzusudur. Tarixdə olan tarixdə qalır. Bu günlə yaşamaq la­zımdır. 

Biz həmişə tarixə ona görə müraciət etmişik ki, kimlərsə təhrifçilik yolu tutub ondan avantürist niyyətlər gerçəkləş­dirmək naminə faydalanmağa çalışır. Belələrinə bildirməliyik və bildiririk ki, ermənilər Qafqaza 1828-ci ildən sonra – Rusiya-İran müharibəsinin yekunlarına əsasən köçürüldülər. Məqsəd Azərbay­canla Osmanlı, yəni türk xalqları arasın­da xristian bufer zonası yaratmaq idi. 

1918-ci ildə Ermənistan dövləti ya­randı. O dövlət ki, əbədi və əzəli Azər­baycan torpaqları hesabına formalaşdı. Lakin erməni avantürizmi bununla ki­fayətlənmədi. Qarabağa da əl qoyma­ğa çalışdı və qismən də buna nail oldu. 1923-cü ildə Azərbaycan SSR-in tərki­bində Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı. Bütün hekayə budur. Ancaq bu hekayə heç cür əsas verə bilməzdi ki, Qarabağ ayrıca erməni dövləti kimi təqdim olunsun. İndi Ermənilər bu “təqdi­matdan” kənar şəkildə bölgədə yaşamaq istəyirlərsə, anlamalıdırlar ki, DQMV Azərbaycan yurisdiksiyası əsasında ya­randığı kimi, onun ləğvi də ölkəmiz tərə­findən həyata keçirildi və bu gün Dağlıq Qarabağ yox, Qarabağ iqtisadi rayonu var. Buyurub o rayonun daxilində yaşaya bilərlər. 

Qarabağda yaşayacaq erməni heç bir halda özünü yüksək tutmamalıdır. Hesab etməməlidir ki, o, Azərbaycanın digər yerlərində yaşayan etniklərdən nə iləsə üstündür. Onun üstünlüyü Azər­baycan vətəndaşı kimi malik olduğu hüquqlarıdır. O hüquqlar ki, ölkəmizin pasportunu daşıyan hər bir fərdə aiddir. Azərbaycan dövləti reinteqrasiya dedik­də erməniləri həmin fərdlərdən biri kimi görmək niyyətini ortaya qoyur.

***

Başqa bir yandan, Azərbaycanın reinteqrasiya təşəbbüsü, əslində mü­vəqqəti xarakter daşıyır. İzah edək nə üçün? Uzun müddət Qarabağ erməniləri mərkəzi idarəçilikdən ayrı düşüblər. İşğal yaşanıb və onlar istər-istəməz avantü­rizmin əsirinə çevriliblər. Ayrı-ayrı qatı cinayətkarlar, müharibə caniləri bir yana, ölkəmiz toplumsal anlamda bu şəxs­lərin müqəssir olduqları mübahisəsinə girişmək istəmir, böyüklük, humanizm göstərir. Qarabağın erməni icmasının təmsilçiləri ilə görüş təşəbbüsü də hu­manizmin göstəricisidir. Yeri gəlmişkən, Qarabağda rus icması deyilən bir qurum da var. Bu icma, əslində, ölkəmizin bö­yük rus icmasının tərkib hissəsidir. Yəni, inteqrasiya təşəbbüsü onun təmsilçiləri üçün də keçərlidir. 

Bəli, ölkəmizin məqsədi ötən müd­dətdə qırılmış bağı bərpa etmək, insan­ların tələbat və ehtiyaclarını öyrənmək, onlardan Qarabağın dirçəldilməsi üçün təkliflər almaq, həmin təklifləri dəyər­ləndirməkdir. Qarabağ Azərbaycandır və Azərbaycanda yaşayan hər bir şəxs öz məsuliyyətini anlayaraq, dərk edərək fəaliyyət göstərməlidir. Dövlət isə bu fəaliyyəti stimullaşdırmalıdır, daha asan variantlar axtarıb tapmalıdır ki, inkişaf getsin. 

Yəni, reinteqrasiya yalnız insanlara bağlı olan fiziki yox, həm də mütəhərrik iqtisadi prosesdir. O proses onsuz da gedəcək və gedir də. Bu gün işğaldan azad olunmuş bölgələrimiz böyük tikin­ti meydançalarını xatırladır. Ölkəmizdə Qarabağ Dirçəliş Fondu adlı qurum yara­nıb. Bütün idarə, müəssisə və təşkilatlar tərəqqi və inkişafa aparan yola səlahiy­yətləri çərçivəsində töhfə verirlər. Azər­baycan dövləti istəyir ki, Qarabağ ermə­niləri də töhfə versinlər, qarşısıalınmaz quruculuq hərəkatının tərkib hissəsinə çevrilərək, daha yaxşı və təminatlı yaşa­sınlar. Ona görə reinteqrasiya müvəqqəti xarakterlidir ki, biz daimi olaraq kimlə­risə niyyətimizə, məqsədimizə inandıra, buna vaxt sərf edə bilmərik. Azərbaycan, obrazlı desək, irəliyə doğru gedən qatar­dı. O qatarda yer almaq lazım və fayda­lıdır, qatarın çarxına çomaq soxmaq isə faydasız və zərərlidir. 

***

Azərbaycan adlı inkişaf qatarı tələb edir ki, ölkəmizin hər yerində olduğu kimi, Qarabağda dövlətimizin idarəçiliyi qurulsun və tam işlək hala gəlsin. Demə­li, kimlərsə bölgədəki separatçılıq daxi­lində, belə demək mümkünsə, “kosmetik təmir” işləri aparmaqla, ümid etməsinlər ki, Azərbaycan məsələnin bu qoyuluşu ilə kifayətlənəcək. Habelə, Qarabağda­kı avantürizmi dəstəkləyən Ermənistan hakimiyyətinin təmsilçiləri güman etmə­sinlər ki, xaricdəki havadarları həmin “kosmetik təmir”i ermənipərəstlik naminə fəaliyyət ritorikasına daxil etməyi baca­racaqlar. Onlar deyə bilməyəcəklər ki, Arayikin, Artakın, Qurgenin, ya qeyrisinin istefası konstruktivlikdir. Desələr də bu­nun xeyri olmayacaq. 

Bəli, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev heç də əbəs yerə bildirmir ki, ölkəmiz öz ərazisində boz nəzarətsiz bölgənin olmasına dözmək niyyətində deyil. Bu deyim haqqında söz açdığımız “kosmetik təmir”in, Qarabağ­dakı separatçı rejim daxilindəki qurulan yarpaq tökümü ssenarisinin ölkəmiz üçün keçərsizliyinin təsdiqidir. Hikmət müəllim bildirir ki, qeyri-qanuni rejim bu­raxılmalı və tərksilah olunmalıdır. 

Əlbəttə, bu gün Qarabağda sayı on minə çatan qeyri-qanuni erməni silah­lı birləşmələri varsa, bu, o deməkdir ki, Arayikin gedib, Samvelin gəlməyinin, prinsipcə, heç bir əhəmiyyəti yoxdur. Bu gün Xankəndidə Azərbaycan Bay­rağı dalğalanmırsa, deməli, yekun nəti­cə əldə olunmayıb. Ən əsası, bizim bu mövqeyimiz Ermənistan ictimai rəyində maksimalizm və Bakının iştahasının bö­yüklüyü kimi qiymətləndirilirsə, deməli, barəsində danışdığımız yarpaq tökümü ssenarisi, erməni avantürizminin növbəti oyunudur. Biz yaxşı bilirik ki, A.Arutyun­yanın istefa qərarı ilə Qarabağdakı se­paratçılığın yalnız zahiri görünüşü gedir, daxili motivi saxlanılır. Separatçılıq ta­mamilə gömülməlidir.

Siyasət