Azad iqtisadi zonaya çevrilmə perspektivi

post-img

Bu yaxınlarda muxtar respub­likada iqtisadi mövzuda keçirilən konfransda Naxçıvan Muxtar Res­publikasında Azərbaycan Respub­likası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli maraq­lı bir məsələyə toxundu. O bildirdi ki, “Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir, sahibkarlar və in­vestorlar üçün yeni üfüqlər açılır”. 

Naxçıvanın azad iqtisadi zonaya çev­rilməsi son dövrlərdə rəsmi olmasa da, bir neçə dəfə müxtəlif səviyyələrdə səs­ləndirilib. Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi müzakirələrin getdiyi bir dövrdə muxtar respublikanın azad ticarət zonasına çevrilməsi haqqında ilk rəs­mi məlumatın yayılması isə bu sahədə ciddi layihələrin həyata keçirilməsindən xəbər verir. Maraqlıdır, coğrafi baxımdan Azərbaycanın əsas ərazilərindən ayrı sa­lınmış Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi region üçün hansı perspektiv­ləri vəd edir?

Bunun üçün ilk olaraq, “Azad iqtisadi zona” anlayışına aydınlıq gətirməyə eh­tiyac var. Bu cür ərazilərin yaradılmasın­da əsas məqsəd, əvvəlcədən müəyyən olunmuş hansısa bir bölgəyə sahibkarla­rın marağını cəlb etmək, həmin ərazinin investisiya cəlbediciliyini artırmaq, bu­nunla da iqtisadi münasibətlərdə həmin zonanın fəallığını təşviq etməkdir. Təbii ki, bütün bu proseslərin nəticəsində əhali məşğulluğunun təmin edilməsi, ixrac- idxal aktivliyinin artırılması, sahibkarlığın inkişafında bürokratik əngəllərin aradan qaldırılması əsas hədəflərdən sayılır. 

Qeyd edək ki, bu iqtisadi mexanizm tarixdə ilk dəfə yunanlar tərəfindən tət­biq olunsa da, ötən əsrin ikinci yarısın­dan ABŞ, Koreya, Çin və digər ölkələrdə daha geniş yayılmağa başlanılıb. Müasir dövrdə isə vəziyyət belədir: Dünya Ban­kının 2022-ci ildə yaydığı məlumata görə, dünyada 4 mindən çox azad iqtisadi zona mövcuddur ki, onların da qlobal ixracatda çəkisi 200 milyard dollardan artıqdır.

Vurğulamaq lazımdır ki, azad iqti­sadi zonalar üçün ərazilərin seçilməsi müəyyən şərtlər üzərində formalaşır. Bu şərtlər içərisində ən başlıcası isə xüsusi zonanın qonşu ölkələrə yaxınlığı və xarici bazarlara rahat çıxış imkanları, ərazinin lazımi infrastruktur layihələrinə sahib ol­ması, eyni zamanda zonaların şaxələndi­rilmiş nəqliyyat (gəmi, qatar və avtomobil marşrutları) xətlərinə əlçatanlığıdır. 

Hazırda Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb nəqliyyat marşurutları üzərində mərkəzi qovşağa çevrilməsi bu cür zonaların yaradılması zərurətini bir daha ortaya qoyur. Xüsusilə, Şərq–Qərb dəhlizi üzərində son illərin ən böyük la­yihələrindən olan Ələt Azad İqtisadi Zo­nasının yaradılması ölkəmizin müasir lojistik-tranzit imkanlarını təqdim edir. Zəngəzur dəhlizinin açılması istiqamə­tində görülən işlər isə Naxçıvan Muxtar Respublikasının tranzit imkanlarının önü­nü acır. Muxtar respublika ətrazisində azad ticarət zonasının yaradılması bu baxımdan bir sıra yeni perspektiv imkan­ları ortaya çıxarır. 

Nəzərə alaq ki, ötən əsrin əvvəllərin­dən başlayaraq, xüsusilə, sovetlər birliyi dövründə Bak–Naxçıvan–İrəvan dəmir­yol xətti hər il milyonlarla ton yükün da­şındığı mühüm nəqliyyat xətlərindən biri olub. Eyni zamanda, adıçəkilən dəmiryol xətti İran İslam Respublikasına da Culfa vasitəsilə (Moskva–Tehran) sərnişin və yük daşımalarını yerinə yetirib. Hazırki dövrdə isə bu dəmiryol xəttinin Qars-İğ­dır dəmir yolu xəttinə birləşdirilməsi işləri həyata keçirilir. Ortaya çıxan nəticə bu­dur ki, bu layihələr (paralel olaraq həm də avtomobil yolu) tamamlandıqdan sonra Naxçıvan ərazisi mühüm nəqliyyat qov­şağına çevrilir. Belə çevik nəqliyyat qov­şağında azad ticarət zonasının yaradıl­ması isə olduqca mühümdür. Həmçinin belə xüsusi zonanın yaradılması muxtar respublika üçün bir sıra əhəmiyyətli pers­pektivlər vəd edir. Bunlar hansılardır?

Birincisi, azad iqtisadi zonalar bey­nəlxalq nəqliyyat marşrutlarına yaxın yer­də yaradılır. Naxçıvanda isə dəmiryol və avtomobil yollarının Böyük İpək Yolu üzə­rində yerləşməsi, əlavə olaraq, muxtar respublikada beynəlxalq statusa malik hava limanının mövcudluğu yaradılacaq xüsusi zonanın inkişafına mühüm təsir gösərəcək, nəticədə ixrac-idxal əməliy­yatlarında nəqliyyat şaxələndirilməsi tə­min ediləcək. 

İkincisi, belə zonalarda istənilən iq­tisadi fəaliyyət növü üçün gömrük-vergi rüsumları tətbiq olunmadığından sahib­karlığın inkişafı üçün münbit şərait yara­nacaq. 

Üçüncüsü budur ki, yeni yaradılacaq iqtisadi zona təkcə lojistika baxımından deyil, həm də yerləşdiyi bölgənin özü­nün mühüm sənaye və kənd təsərrüfatı potensialına malik olmasıdır. Bu isə yerli sahibkarlarla yanaşı, xarici investorların da regiona marağını artıracaq. 

Bunu da nəzərə alaq ki, azad iqtisadi zonaların inkişafı, eyni zamanda, maliy­yə və sığorta xidmətlərinin, valyuta əmə­liyyatlarının, əqli mülkiyyətin, turizmin və digər sahələrin inkişafına böyük təsir göstərir. Bu isə gələcəkdə Naxçıvanı mü­hüm maliyyə və xidmət mərkəzlərinin, ticarət nümayəndəliklərinin cəmləşdiyi mərkəzə çevirə bilər.

Sonda bir məsələni də qeyd edək ki, müasir dövrdə azad iqtisadi zonalar yara­dılarkən coğrafi mövqeyinə görə dünyada­ki analoji zonaların təcrübəsi bir daha öy­rənilir. Məsələn, Bakıda Beynəlxalq Dəniz Ticarəti Limanı (Ələt Azad İqtisadi Zonası) üçün ABŞ, Çin, Cənubi Koreya, Hindistan, Avstraliya təcrübəsi nəzərdən keçirilsə də, mütəxəssislər Dubay modelinin tətbiqi­ni daha təkmil variant kimi qəbul edirlər. Düşünürük ki, Naxçıvan üçün də tətbiqi perspektivli hesab olunacaq bir modelin tapılmasına ehtiyac var. Hər halda bütün bunlar yaxın gələcəkdə mühüm müzakirə mövzusuna çevriləcək məsələlər olacaq. 

H.SƏBUHİ, “Xalq qəzeti”

İqtisadiyyat