Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İğdır Sənaye və Ticarət Palatasının Nümayəndə Heyəti Naxçıvana işgüzar səfər ediblər.
Nümayəndə heyətinin üzvləri və türk sahibkarlar Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb, “ENNA” və “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal müəssisələrində istehsal prosesi ilə tanış olublar. Tanışlıq zamanı müəssisədə gedən ümumi iş prosesi haqqında qonaqlara məlumat verilib.
Sonra Naxçıvan Biznes Mərkəzini ziyarət edən qonaqlar muxtar respublikada istehsal edilən məhsullarla maraqlanıblar. Mərkəzdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və nümayəndə heyəti, həmçinin nazirliyin nümayəndələri və muxtar respublikada fəaliyyət göstərən sahibkarlar arasında işgüzar görüş olub.
Görüş zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının siyasi iradəsi və irəli sürdükləri təşəbbüslərin mühüm rol oynadığını deyən iqtisadiyyat naziri bildirib ki, müzakirə edilən məsələlər və aparılan danışıqlar iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə, sahibkarlar arasında işgüzar əlaqələrin inkişafına xidmət edir. Azərbaycanla Türkiyə arasında ticarətin real potensialının daha geniş şəkildə əks olunacağını bildirən nazir bu cür görüşlərin qarşılıqlı əməkdaşlığı daha da genişləndirəcəyinə ümidvar olduğunu vurğulayıb.
Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya və İğdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslan çıxışlarında iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlıq imkanlarına, həyata keçirilən layihələrə, ticarət dövriyyəsinin artırılması sahəsində görülən işlərə dair fikirlərini bölüşüb, iki ölkə arasında qardaşlıq əlaqələrindən danışıblar. Əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlərin müsbət nəticə göstərəcəyini qeyd ediblər.
“Xalq qəzeti”

