Yeni qərar neft bazarına necə təsir edəcək?

post-img

Aprelin 2-də Neft İxrac Edən Ölkələr Birliyi (OPEC+) may ayından etibarən neft hasilatını gündəlik 1,66 milyon barel azaltmaqla bağlı qərar qəbul edib. Yeni qərar “OPEC+” Nazirlərinin Monitorinq Komitəsinin aprelin 3-də keçirilən iclasının yekunlarına əsasən təsdiqlənib. 

Bu addımın qlobal enerji bazarının sabitliyini təmin etmək üçün atıldığını bil­dirən təşkilat üzvləri hesab edirlər ki, may ayından 2023-cü ilin sonuna kimi neft ha­silatının könüllü azaldılması ilə bağlı qə­rar 2022-ci ilin noyabr ayından qüvvəyə minən gündəlik 2 milyon barel hasilatın azaldılmasına əlavə olaraq ehtiyat tədbi­ridir. Bununla da, “OPEC+”ın Monitorinq Komitəsi ötən ilin oktyabrında Vyanada keçirilmiş görüşdə əldə olunmuş razılaş­malara sadiqliyini bir daha təsdiqləyib. 

Qurumun bu addımı üzv dövlətlər tərəfindən razılıqla qarşılanıb. Məsələn, Səudiyyə Ərəbistanının Energetika Nazir­liyi qeyd edib ki, hasilatın könüllü şəkildə azaldılmasına dair qərar bir sıra “OPEC+” ölkələri ilə razılaşdırılaraq qəbul edilib. Nazirlik bəyan edib ki, bu, neft bazarında sabitliyin qorunmasına yönəlmiş qabaq­layıcı tədbirdir. Hətta Səudiyyə Ərəbista­nı könüllü olaraq neft hasilatını mövcud kvotadan da artıq azaldacağını bildirib. Belə ki, bu ölkə may ayından 2023-cü ilin sonunadək gündəlik neft hasilatını 500 min barel azaldacaq. Bununla yanaşı, “OPEC+”ın qərarını dəstəkləyən Rusiya Baş nazirinin müavini Aleksandr Novak rəsmi Moskvanın könüllü olaraq gündəlik neft hasilatını 500 min barel, İraqın Neft Nazirliyi 211 min barel, Küveytin neft naziri Bader əl-Mulla 128 min barel, Qazaxısta­nın Energetika Nazirliyi 78 min barel, Əl­cəzairin Energetika Nazirliyi 48 min barel və Omanın Energetika Nazirliyi 40 min ba­rel azaldacaqlarını bəyan ediblər. Həmin ölkələrin bu qərarı isə may ayından 2023-cü ilin sonunadək reallaşdırılacaq və hasi­lat gündəlik 1,1 milyon barel təşkil edəcək.

Azərbaycana gəldikdə isə, ölkəmiz gündəlik neft hasilatının həcmi ilə bağlı “OPEC+”ın qarşısında götürdüyü öhdə­liklərə sadiqliyi ilə seçilib. Belə ki, 2022-ci ildə Azərbaycanda gündəlik neft hasi­latı 577,7 min barel təşkil edib ki, bu da OPEC+ razılaşmasına 124,1 faiz əməl olunması deməkdir. 

Yeri gəlmişkən, “OPEC+” ölkələrinin neft hasilatının azaldılması ilə bağlı son qərarı heç də birmənalı qarşılanmayıb. Məsələn, bu qərarın təəssüf doğurduğunu bəyan edən ABŞ-ın maliyyə naziri Canet Yellen bir sıra “OPEC+” ölkələrinin neft hasilatını azaltmaq qərarının nəticələrini hələ də proqnozlaşdıra bilmədiyini söylə­yib. “Bunun qiymətlərə necə təsir edəcə­yinə hələ əmin deyiləm. Düşünürəm ki, bu addımı həqiqətən qiymətləndirmək üçün bir az daha gözləmək lazımdır”,–deyə C.Yellen əlavə edib. 

Bəs, “OPEC+”ın yeni qərarı “qara qı­zıl”ın qiymətinə necə təsir göstərəcək? Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, qurumun neft hasilatını sutkada 1 milyon 660 min barel azaltmaqla bağlı kəskin qə­rarı treyderləri şoka salıb. Ekspertlər isə hesab edirlər ki, bazarda təklifin azalması neftin qiymətinin kəskin artmasına səbəb olacaq. Hətta “Bloomberg” agentliyi belə bir gözlənilməz qərarın yanacağın qiy­mətinin bir barel üçün ən azı 100 dollara qalxacağını bəyan edib. 

Heç şübhəsiz, yeni qərarın bazarda böyük canlanmaya səbəb olacağı göz­lənilən idi. Bazar ertəsi, ümumilikdə, qiy­mətlər gün ərzində 5 faiz artaraq bir barel üçün 83,94 dollar səviyyəsində olub. Cəmi bir gün sonra isə ICE London qitələrara­sı birjasında keçirilən ticarət əməliyyatla­rının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyun müqaviləsinin dəyəri 0,45 faiz artaraq 1 barelə görə 85,31 dol­lar təşkil edib. Bununla yanaşı, çərşənbə axşamı Nyu-Yorkun NYMEX əmtəə birja­sında WTI markalı neftin 1 barelinin qiy­məti bu ilin may ayı üçün 0,48 faiz artaraq 80,81 dollara çatıb.

Həftənin ilk günündə Azərbaycan nef­tinin qiymətində də kəskin artım müşahidə olunub. Belə ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 bare­linin qiyməti 5,93 ABŞ dolları, yaxud 7,24 faiz artaraq 87,81 ABŞ dolları təşkil edib. Bu, mart ayının 7-dən bəri qeydə alınan ən yüksək qiymət həddidir. 

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

“OPEC+”ın son qərarı bazar işti­rakçıları üçün gözlənilməz oldu. Çünki indiyədək belə bir qəfil addım 2016-cı ilin dekabr ayında atılmışdı. Məlum olduğu kimi, həmin vaxt dünya baza­rında neftin qiymətinin kəskin ucuz­laşması fonunda “OPEC+” formatında fəaliyyət başlamışdı. Adətən, Monito­rinq Komitəsi əvvəlcə tovsiyəsini verir­di. Ondan bir gün sonra nazirlər səviy­yəsində görüş keçirilir və qərar qəbul olunurdu. 

Ancaq bu ildən belə qərar qəbul olundu ki, nazirlərin hər dəfə yığış­masına ehtiyac yoxdur. Hətta belə bir görüş onlayn formada belə məsləhət bilinmirdi. Monitorinq Komitəsi özü hansı qərara gəlirdisə, o da kifayət edirdi. Çünki faktiki olaraq böyük bir dəyişiklik olmurdu. Adətən, müəyyən bir qərar qəbul edilməmişdən öncə hansısa bir ölkənin naziri səviyyəsin­də bazara mesajlar göndəririlir, reak­siyalar öyrənilirdi. Həmçinin müəyyən məsləhətləşmələr aparılırdı. Ancaq indi tam əksi oldu. Bazar günü ortaya məsələ atıldı. Bir gün sonra isə qərar elan edildi. Özü də çox maraqlıdır ki, OPEC+ səviyyəsində 23 ölkədən 9-u könüllü şəkildə may ayından gündəlik hasilatın 1 milyon 660 min barel azal­dılması ilə bağlı qərarı dəstəklədi. Bu, çox böyük bir həcmdir. 

Belə bir addım isə bazar iştirakçı­ları tərəfindən nəinki təəccüblə qarşı­landı, hətta şok effekti yaratdı. Nəti­cə etibarilə əgər ötən həftənin cümə günündə London birjasında “Brent” markalı neftin bir bareli 79 dollarla satılmışdısa, bazar ertəsi qiymətlərdə 84 dollaradək artım müşahidə olundu. Ayın 4 də isə qiymət 85 dolları ötdü. Yəni bazar buna adekvat münasibətini göstərir. Digər tərəfdən, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, eləcə də Yaponiya “OPEC+”ın qərarını, yum­şaq desək, yaxşı qarşılamadılar. Hətta bunu təlatümlü dövrünü yaşayan ba­zarı yeni bir element əlavə edilmək­lə arzuolunmaz vəziyyətə gətirən bir addım kimi dəyərləndirdilər. Avropa Komissiyası isə hesab edir ki, yüksək inflyasiya ilə əlaqədar enerjidaşıyıcıla­rının qiymətinin aşağı salınmasına səy göstərildiyi bir dövrdə OPEC+ çərçivə­sində atılan bu addım enerji bazarında qiymət artımına gətirib çıxarır. Bu isə öz növbəsində digər mal və xidmətlərin də qiymətlərinin artmasına səbəb olur. Nəticə etibarilə dünya iqtisadiyyatına mənfi təsirlər gündən-günə çoxalır.

Düşünürəm ki, Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar ötən ildən dünyada gedən qütbləşmənin nəticəsi olaraq kollektiv Qərb və Rusiya, Çin, Şimali Koreya, İran, eləcə də iqtisadi baxımdan neftdən asılı olan ölkələr arasında çox kəskin mübarizə gedir. Bir tərəf enerji daşıyıcılarının qiyməti­nin aşağı salınmasında maraqlıdırsa, digər tərəf özünün iqtisadiyyatının artan ehtiyaclarını ödəmək üçün nef­tin qiymətinin bahalaşmasından əldə etdikləri gəlir hesabına nələrəsə nail olmağa ümid bəsləyirlər. Ancaq, təbii ki, bütün bunlar çıxış yolu deyil.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

is10.jpg

İqtisadiyyat