Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Bakı Hilton Otelində “Stratcom Public Forum” çərçivəsində “Daha Ədalətli Bir Dünya Mümkündür” adlı panel toplantı keçirib.
Millət vəkillərinin, elm adamlarının və mətbuat nümayəndələrinin iştirak etdiyi mərasimi Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir giriş sözü ilə açıb. O, bu gün dünyada baş verən geosiyasi qarşıdurmalar fonunda ortaya çıxan ədalətsizliklərdən danışıb və bu ədalətsizliklərin aradan qaldırılması yollarının axtarılmasının Türkiyənin gündəmində əsas yerlərdən birini tutduğunu bildirib.
Daha sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun tədbir iştirakçılarına video müraciəti təqdim edilib.
Video müraciətində Türkiyə PA rəsmisi deyib: “Biz 20 fərqli ölkədə “Stratcom Public Forum” çərçivəsində təşkil olunan tədbirləri dəstəkləyirik. BMT-nin fəaliyyətindəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanaşması BMT daxilində islahatların aparılmasına dəstək verilməsi yönündədir. Bu kontekstdə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikri daha ədalətli bir dünyanın mümkünlüyünü vurğulayır… Ölkəmizin təşkilatçılığı ilə keçirilən tədbirlər ayrı-ayrı cəmiyyət nümayəndələri arasında dialoqu dəstəkləyir. Bugünkü tədbirin daha ədalətli dünya qurulması istiqamətindəki tədbirlərə təkan verəcəyinə inanırıq”.
Panel ekspert çıxışları ilə davam edib, sual-cavab sessiyası olub. Tədbirin sonunda tədbirin iştirakçılarına xatirə hədiyyələri təqdim olunub. Daha sonra isə mətbuata qapalı Dəyirmi masa işinə başlayıb.