Martın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib.
Partiyadan bildirilib ki, əvvəlcə YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, hər bir xalqın vahid məram və məqsəd ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi milli ideologiya ilə sıx bağlıdır. Azərbaycançılıq müstəqil Azərbaycan dövlətinin və xalqımızın milli ideologiyasıdır. Azərbaycançılıq məfkurəsinin əsasında Azərbaycanı özünə Vətən sayan bütün xalqların bərabərliyi ideyası dayanır. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası vaxtilə dövlətimizə qarşı müxtəlif istiqamətlərdən yönələn təhdidlərin qarşısının alınmasında mühüm amil olub.
Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının müəllifi olduğunu bildirən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Ulu Öndərin hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimizin arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışdığını, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu ideologiyanı daha da gücləndirdiyini qeyd edib. Bildirib ki, tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, tolerantlığın bərqərar olduğu ölkə olan Azərbaycanda azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, xüsusilə dövlət quruculuğuna da öz müsbət təsirini göstərir.
Bakı Dövlət Universitetinin (BDU) professoru, tarix elmləri doktoru Nuru Məmmədov deyib ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətçilik ideologiyası səviyyəsinə yüksəldib. O, azərbaycançılığın xalqımızın milli-tarixi sərvəti olduğunu qeyd edərək, bunun, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılmasının, möhkəmləndirilməsinin siyasi-ideoloji əsası olduğunu diqqətə çatdırıb.
YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra tədbir interaktiv formada davam edib, gənclərin sualları cavablandırılıb.