Putin-Uitkoff danışıqları konstruktiv olub

post-img

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Kremldəki görüşü Moskva və Vaşinqtonu təkcə Ukrayna deyil, bir sıra digər məsələlər üzrə də yaxınlaşdırıb. Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“ABŞ prezidenti Donald Trampın Ukraynadakı vəziyyəti həll etmək səyləri çərçivəsində aprelin 25-də onun xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər edib. Bu, onun ölkəmizə artıq dördüncü səfəridir", - o deyib.

Uşakov xatırladıb ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Kremldə Rusiya prezidenti tərəfindən qəbul edilib: “Üç saatlıq söhbət olub, konstruktiv və çox faydalı olub”. 

Kreml nümayəndəsi qeyd edib: “Söhbət bizə təkcə Ukrayna ilə bağlı deyil, bir sıra digər beynəlxalq məsələlərdə də Rusiya və ABŞ-ın mövqelərini daha da yaxınlaşdırmağa imkan verdi”, - deyə o bildirib.

Uşakov tərəflərin Rusiya və Ukrayna nümayəndələri arasında birbaşa danışıqların bərpası imkanlarını müzakirə etdiyinə də diqqət çəkib: “Ukrayna böhranının özünə gəlincə, müzakirələr xüsusilə Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyü məsələsinə yönəldilib”, - o deyib.

P.ƏMİRCANOV
XQ

Dünya