Milli məfkurənin formalaşmasında əvəzsiz rolu olan, anadilli mətbuatın qaranquş”u “Əkinçi”qəzetinin şanlı yubileyi ərəfəsində redaksiyamızın növbəti qonağı “Ayna”–“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru olmuş, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının üzvü Elçin Şıxlıdır. Onunla söhbətin əvvəlində şərəfli yol keçmiş milli mətbuatımızın əsas inkişaf mərhələlərinə nəzər saldıq.
– Elçin müəllim, əsryarımlıq yolun başlıca tarixi məqamları hansılardır?
– Bütövlükdə, bu, böyük və işıqlı bir yoldur. Mən bu yolu öz aləmimdə 3 mərhələyə bölürəm. İlk mərhələ 1875-ci ildə “Əkinçi”dən başlayır və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə başa çatır. Sonrakı dövr sovet hakimiyyəti illərini əhatə edir. O vaxt biz də 5 mayı – Moskvada çıxan “Pravda” qəzetinin yarandığı günü peşə bayramı kimi qeyd edirdik. Üçüncü mərhələ isə özündə hazırkı müstəqillik dövrünü ehtiva edir.
Ötən əsrin əvvəllərində Azərbaycanın mətbuat şəbəkəsi genişlənib. Bir sıra rusdilli qəzetlər də vardı, lakin əhali arasında çox da populyarlıq qazanmayıb. Həmin dövrdə “Molla Nəsrəddin” jurnalı əli qələm tutan ziyalıları öz ətrafına geniş cəlb edə bilib. Jurnalda karikaturalar da verilir, dizaynın gözəlliyi diqqət çəkirdi...
Növbəti mərhələ – Sovet dövrü 2-ci dəfə dövlət müstəqilliyi qazandığımız vaxta qədər davam edib. O dövrün jurnalistikası da ciddi imzalar yetişdirib. Mətbuat sosialist ideologiyasına xidmət etsə də, ustad qələm sahiblərimiz yeri gəldikcə Ezop dilində, sətiraltı mənalarla çatışmazlıqlardan məharətlə yazırdılar. Əslində, bu, çox çətin idi, çünki məhdud çərçivədən çıxış etmək heç də asan deyildi. Həm də o dövrlərdə jurnalistika bu qədər kütləviləşməmişdi. İndi bu tendensiya vətəndaş jurnalistikasına qədər genişlənib. Azərbaycan Konstitusiyası da icazə verir: istənilən vətəndaş informasiya axtara, toplaya və onu yaya bilər. Amma bu, heç də o demək deyil ki, informasiya yayan hər kəs jurnalistdir. Sırf jurnalistika peşəsinin öz incəlikləri, normaları, strukturu var. Hansısa görüntünü çəkmək, yaymaq hələ jurnalistika deyil.
1988–90-cı illərdə yeni müstəqil jurnalistikamız yarandı. Cəmiyyət ilk olaraq məhz mətbuat vasitəsilə yönəldilməyə başladı, deyərdim ki, müstəqillik ideyaları əsasən bu müstəvidə yayıldı. Milli ruh, azadlıq eşqi gücləndi. Bir çox yazıçı və şairlərimizin ictimai-siyasi və peşəkar fəallığı həddən artıq yüksəldi. Əsl milli mətbuat bumu vətənpərvər, savadlı insanların, jurnalistlərin sayəsində yaşanmağa başladı. “Azadlıq”, “Yeni Müsavat”, “Azərbaycan” qəzetləri işıq üzü gördü, mətbuat əsl xalq tribunası oldu. Ona əbəs yerə KİV – kütləvi informasiya vasitəsi demirik. 20 Yanvar hadisələrindən sonra “Kommunist” (indiki “Xalq qəzeti”), partiya nomenklaturasına aid olsa da, “Səhər” qəzeti, əslində, onun iqtisadi əlavəsi kimi nəzərdə tutulsa da, orada çalışanlar qadağa sədlərini dağıdaraq, qanlı qırğının xalqa və dünyaya çatdırılması üçün cəsarətli addımlar atdılar. Digər KİV-lər də həmçinin. Yeni, döyüşkən jurnalistika beləcə yarandı. Mətbuatımızda məna yükü olmayan, yalan informasiyalar da xeyli azaldı.
– O vaxt hələ sovetdənqalma “Qlavlit” idarəsi, yəni mətbuatı qayçılayan qurum var idi, senzura nəzarəti güclü idi...
– Elədir. Biz “Zerkalo” qəzetinin nömrələrini çapa verəndə 4 senzordan keçməli olurduq. Bizdə daycest (başqa KİV-lərdə getmiş maraqlı materiallardan qısa seçmələr – red.) formasında xəbərlər verilirdi. Rusiyada çıxan hansısa qəzetdən götürülmüş bir informasiya getmişdi ki, bəs, Brejnev ölməyib, Atlantik okeanında hansısa bir adada yaşayır və sair. Bizə Mərkəzi Komitədən zəng edib soruşdular ki, bu məlumat sizdə hardandır? Az qaldı, bununla bağlı büro iclası çağırsınlar... Bir dəfə də digər qəzetlərdə gedən bir informasiyanı baş senzor “Zerkalo”dan çıxartmışdı. Soruşanda ki, “niyə o biri qəzetlərdə gedir, bizdə olmaz?”, – cavab belə oldu: “O qəzetlər müxalif yönümlüdür, “Zerkalo” isə müstəqildir, olmaz (?!). Belə qeyri-məntiqi yanaşmalar da vardı. Yaxşı ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra senzura aradan qaldırıldı.
– Sizin atanız – böyük ədibimiz İsmayıl Şıxlı həm də jurnalist adını haqq edir. Onun məqalələri, məktubları, çıxışları Azərbaycan mətbuatını bəzəyib. Sizin qələm sahibi olmağınızda atanızın rolu varmı?
– İnsanın böyüdüyü mühitin ona təsiri mütləqdir. Mən gözümü açandan kitablar görmüşəm, bir növ, atamın kitabxanasında böyümüşəm. Onun yazıpozu çabalarının şahidiyəm. Özüm də çoxlu mütaliə eləmiş, ilk qələm təcrübələrimi, tərcümələrimi atama göstərib, peşəkar məsləhətlər almışam. Yazıçı deyiləm, amma özümü qəzetçi hesab edirəm. Əlbəttə, ailə mühitimizin, konkret olaraq atamın təsiri rol oynayıb.
Evdə, İsmayıl Şıxlının arxivindəki qəzetlərdə onun yazmış olduğu o qədər oçerkləri var ki, kitablara salınmayıb, nəşrə verilməyib. Səbəbini soruşanda deyirdi ki, bu yazılar şahmat lövhəsindəki piyadalar kimidir: döyüşdülər – ya uduzdular, ya da qazandılar – lakin sonda hamısının missiyası bitdi. Bunlar zamanla aktuallığı azalmış yazılardır, kitab halında çap etdirmək olmaz. Jurnalistikada elə janrlar var ki, o istiqamətdə qələmə alınan yazıların ömrü qısadır. Amma, əlbəttə, sonradan jurnalistika tarixini tədqiq edəndə, hansısa hadisəni öyrənmək istəyəndə o xəbərlərin dəyəri olur.
– Bir halda ki, müsahibəmizə mətbuatımızın 150 illik yubileyi səbəb olub, istərdim ki, Azərbaycan Jurnalistlər İttifaqının tarixinə də ötəri nəzər salasınız.
– AJB ölkəmizdə ən ilkin jurnalistika təşkilatıdır, 1959-cu ildə yaradılıb. SSRİ miqyasında bütün müttəfiq respublikalarda təşkil edilmişdi. Aparıcısı və təşkilatçısı bir çox hallarda Şıxəli Qurbanov olub. O vaxt bu ittifaqın sanbalı var idi, tanınmış jurnalistlər, yazıçılar təşkilati məsələlərə cəlb edilirdi.
1990-cı ilin 20 Yanvar hadisələri baş verən zaman Azərbaycan Jurnalistlər İttifaqı SSRİ Jurnalistlər İttifaqının tərkibində idi. Bakıda kütləvi tədbirlər qadağan edilsə də, o vaxtkı sədrimiz – mərhum jurnalist Hacı Hacıyevin rəhbərliyi ilə Gəncədə keçirilən plenumda Azərbaycan Jurnalistlər İttifaqının SSRİ Jurnalistlər İttifaqının tərkibindən çıxması barədə qərar qəbul edilib və yaradıcılıq itiifaqı Azərbaycan Jurnalistlər Birliyi adlandırılıb. 1991-ci ildə o vaxtkı ölkə rəhbərliyi Hacı müəllimin yazdığı məktubu nəzərə alaraq, “Əkinçi” qəzetinin ilk nömrəsinin çıxdığı 22 iyulun Milli Mətbuat Günü elan edilməsi ilə razılaşdı. Amma konkret bir addım atılmadı. Mətbuat gününün dəyişdirilməsi prosesinin rəsmi olaraq həyata keçirilməsi və 22 iyulun peşə bayramımız kimi təsdiqlənməsi ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra baş tutdu, bu əlamətdar gün dövlət səviyyəsində rəsmiləşdi.
Xatırladım ki, Mətbuat Şurasının yaradılması ilə bağlı Azərbaycan jurnalistlərinin I qurultayında Hacı Hacıyev də iştirak edib. Hacı müəllim etiraz olaraq bildirmişdi ki, bu, Azərbaycan jurnalistlərinin I qurultayı deyil, biz artıq 6 qurultay keçirmişik... Hazırda Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası daha aparıcı mövqedə qərarlaşıblar. Onu da deyim ki, indi ölkəmizdə neçə-neçə media təşkilatı var.
– Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası ilə birgə çalışmaqla nəsə etmək olarmı?
– Olar, əlbəttə. Mətbuat Şurasının təsisçilərindən biri də elə AJB idi. 150 illik yubiley tədbirlərindən sonra konkret işlər görə, yeni, birgə fəaliyyət səhifəsi aça bilərik.
– Yeri gəlmişkən, yubileylə bağlı birliyinizin xəttilə hansısa tədbirlər nəzərdə tutulurmu?
– AJB-də olan “Həsən bəy Zərdabi” mükafatıdır, onu bir qrup jurnalistə təqdim edəcəyik. Dövlət səviyyəsində də tədbirləri olacaq.
– Türk şairi Ziya Paşanın 2 misrası yadıma düşdü: “Ayinəsi işdir kişinin, lafə baxılmaz, Şəxsin görünür rütbeyi-əqli əməlində”. Mən bunu sizə aid edirəm. Mətbuat tarixində dərin iz buraxmış “Ayna-Zerkalo” qəzeti niyə fəaliyyətini davam etdirmədi?
– O vaxt mediaya nəzarət edən adamlar tənqidlə təhqirin arasında fərq görmürdülər. Lakin bunlar başqa anlayışlardır, təhqir etik və hüquqi normalara da uyğun gəlmir. Bizim prinsip belə idi ki, əgər əlində sənəd, sübut yoxdursa, kimsəni tənqid edə bilməzsən. Tənqid ona görə lazımdır ki, qüsurlar düzəlsin. Kimsə öz qüsurunu, neqativlərini görmürsə, görüb düzəltmək istəmirsə, yuxarı dairələr bir tədbir görsünlər. O vaxt media işinə baxan şəxslər isə yanlışları düzəltməkdə, yumşaq desək, həvəsli deyildilər. Bu və digər səbəblərə görə də biz qəzetimizi bağlamalı olduq. İndi internet portalımız fəaliyyət göstərir. Bilirsiniz, informasiya onu yayan KİVə elə ötürülməlidir ki, sənin peşə maraqlarına maneə törətməsin. Bundan ötrü beyin işlətmək, oxumaq, müqayisə və təhlil etmək lazımdır...
– Elçin müəllim, sizin ixtisasınız ingilisalman dili müəllimliyidir, tərcümə kitablarınız var. AJBdəki fəaliyyətinizlə yanaşı, yenə də tərcümə işi ilə məşğul olursunuzmu?
– Xeyr, indi tərcümə ilə məşğul deyiləm. “Sehirli nağıllar” və Əziz Nesinin “Futbol kralı” tərcümə kitablarım çap edilib. Onların üzərində illərlə işləmişəm. Bir çox hissələrini atam İsmayıl Şıxlı ilə müzakirə etmişəm. Üzərində redaktorlar, korrektorlar çalışıb. İndi o qədər tərcümə ədəbiyyatı, texnoloji platforma proqramları vasitəsilə bir növ mexaniki üsulla edilən çevirmələr var ki, bəlkə də, bu səbəbdən mən bədii tərcüməyə baş qoşmaq istəmirəm. Amma bunu da deyim ki, əksər tərcümələr müxtəlif proqramlarla olduğu üçün keyfiyyət çox aşağıdır. Estetik zövq gözlənilmir, dil “kalka” tərcümələrlə korlanır. Qardaşım nəşriyyatda redaktor işləyir. Deyir, oxuyuram, redaktə edirəm, baxıram ki, nəsə elə deyil. Çünki səlislik, rəvanlıq, obrazlılıq, məntiqi məna pozulur, orijinalın müəllifinin fikirləri təhrif olunur. Nə bilim, tərcümə yaradıcılığına qayıdıbqayıtmayacağımı zaman göstərəcək.
– Sonda gənclərə, mətbuata yenicə gələnlərə nə arzulayardınız?
– Gənclərə çox oxumağı, mütaliə etməyi arzulayardım. Oxuduqca insanın beyni işləyir. Biz oxumaqla, biliyimizi, bilgilərimizi artırmaqla, millət olaraq, dövlət olaraq irəli gedə bilərik. Mən 10–15 il əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs demişəm. Auditoriyaya ilk dəfə dərsə girəndə tələbələrə sualım bu olurdu ki, “kim jurnalist olacaq?”. 25 nəfərdən 2-3-ü əl qaldırırdı. Digərləri bildirirdilər ki, qəbul imtahanında topladığım bal bu fakültəyə çatıb deyə, jurnalistikaya düşmüşəm. Onlara sözüm bu olurdu ki, hər halda, çalışmalı, burada verilən biliklərə yiyələnməlisiniz. Gələcəkdə hansı peşəyə gedirsinizsə gedin, öz fikrinizi şifahi və ya yazılı şəkildə ifadə etməyi bacarmalısınız. Bir də ki, jurnalistin təkcə internet texnologiyalarını bilməsi azdır, gərək necə məsuliyyətli bir sahəni təmsil etdiyini bilsin, öz davranışları, atdığı addımlarla cəmiyyət arasında seçilməyə, nümunəvi olmağa çalışsın, mətbuatımızın korifeylərinin, klassiklərimizin, sələflərimizin irsini dərindən öyrənsin. Dünyagörüşünü daim zənginləşdirsin. Əsas məram Vətənə, millətə fədakar xidmət olmalıdır. Bunlar zəruri şərtlərdir.
Müsahibəni hazırladı:
Əli NƏCƏFXANLI
XQ