Lüksemburqda keçirilən Beynəlxalq Bazarda Azərbaycan “LuxAz” stendi ilə təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin Lüksemburqdakı səfirliyinin dəstəyilə Azərbaycan Lüksemburq Dostluq Assosiasiyasının uğurla təqdim etdiyi ekspozisiya böyük maraqla qarşılanıb.
15 ildir ki, ardıcıl olaraq ölkəmiz bu nüfuzlu xeyriyyə yarmarkasında böyük stendlə təmsil olunur və xalqımızın mədəni irsi, kulinariyası və milli dəyərlərinin tanıdılmasına mühüm töhfə verir.
Ümumilikdə, 40 min nəfərə yaxın ziyarətçinin iştirak etdiyi tədbirdə 63 stend sərgilənib. Lüksemburqun xarici işlər naziri Xavier Bettel Azərbaycan stendində təqdim edilən məhsullar, mədəni nümunələr və diasporumuzun fəaliyyəti ilə yaxından tanış olub.
Beynəlxalq təqdimatı əlamətdar edən məqamlardan biri də Azərbaycan stendinin rəhbəri Seymur Əhmədovun Bazarın Təşkilat Komitəsinin İdarə Heyətinə üzv seçilməsi olub. Bu da öz növbəsində əvvəlki illərdən fərqli olaraq Azərbaycan təmsilçiliyini təşkilati baxımdan fəallaşdırıb. Azərbaycan stendinin uğurlu təşkilinə “Silkway Kargo”, “Savalan”, “Ravira”, “AzGranata”, “Zira Naturals”, “Azersun Holding” şirkətləri böyük dəstək göstəriblər.
XQ



