İfrat sağ ritorika mərkəzə nüfuz edir və çökmə sürətlənir
Dünya şöhrətli italyan yazıçısı Umberto Ekonun “Fuko yelləncəyi” romanında maraqlı səhnə təsvir edilir. Qəhrəmanlar şəhərin mərkəzindəki qədim və möhtəşəm binanın içərisinə daxil olanda, qarşılaşdıqları mənzərədən xeyli təəccüblənirlər. Çünki kənardan təntənəli görünən tikili tamamilə çürümüş, onun taxta dirəklərinin əksəriyyəti yararsız vəziyyətə düşmüş, mərmər divarlarda böyük çatlar yaranmışdı. Bir sözlə, ucalığı və estetikası ilə diqqətçəkən binanın gələcək aqibəti daxilindən bəlli idi. Eko isə təsvir etdiyi səhnə ilə nəhəng sistemlərin necə içdən çürüdüyünü göstərmişdi. Günümüzün Avropasına baxanda da gözlərimiz önündə, təxminən, eyni mənzərə canlanır.
Tam qətiyyətlə deyə bilərik ki, qitə liderlərinin demokratiya haqqında hay-küylü çıxışlarının bətni eroziyaya uğrayıb. Sanki bu ali dəyərin təməli tamamilə sarsılıb. Nə deyək, görünür, Avropa siyasətçiləri sadəcə danışmağı sevirlər və nəticədə qəribə durum yaranır. Bir tərəfdə Fransa Prezidenti demokratik dirçəliş elan edir, digər tərəfdə Almaniya Kansleri avtoritarizmə meyillənir, Avropa Komissiyasının şefi isə “Demokratik Davamlılıq Mərkəzi”nin yaradıldığını açıqlayır.
Ümumən, xarici təsirlər, dezinformasiya, Macarıstan və Polşadakı illiberalizm haqqında danışmaq asandır. Çünki bu mövzular siyasətçilərə manipulyasiya imkanı qazandırır. Amma niyəsə onların bir çoxu Avropanın yetkin hesab olunan demokratiyasında gedən səssiz tənəzzüllə bağlı söz açmaqdan boyun qaçırırlar. Görməzdən gəldikləri, demək olar ki, hər gün hüququn aliliyinin gündəlik praktikada pozulması, siyasi dil kobudlaşmaları, irqi və dini stereotiplərin normaya çevrilməsi və polis zorakılıqlarıdır. Belə yarıtmaz hallara dair xəbər başlıqları adi qarşılanır. Halbuki, demokratik sistemin dözümlülük indikatoru olan insan ləyaqəti, bərabərlik, söz azadlığı və sosial ədalət kimi sütunlar çökmək təhlükəsi ilə üz-üzədir. Görəsən, kimdir müqəssir?
Fransaya nəzər salaq. Prezident Emmanuel Makron uzun müddət özünü liberal modernist kimi təqdim etsə də, Marin Le Penin miqrasiya, milli identiklik və İslamla bağlı ritorikasını təkrarladıqca, eyni pəncərənin sağ küncündə mövqe tutmağa başlayır. Belə olan halda mərkəz öz ideoloji cazibəsini tədricən itirir və boşluğu ifrat sağ doldurur. Bir vaxtlar kənarda qalmış tezislər indi gündəlik siyasi diskursun ayrılmaz hissəsinə çevrilir. Nəticədə radikal fikirlər mərkəzə daxil olur. Almaniyada da vəziyyət oxşardır. Kansler Fridrix Mertsin səsləndirdiyi populist çağırışlar xüsusi diqqət çəkir. Daha da təhlükəlisi odur ki, bu cür oriyentasiyalar siyasi mərkəzin konturlarını dəyişir, ekstremizmi normallaşdırır və ifrat sağ ritorikanı mərkəzə yaxınlaşdırır. Rəsmi Berlin tədricən sağa doğru əyilir və yeni siyasi normalar formalaşır.
Eyni proses Aİ institutlarında da özünü göstərir. Yeni miqrasiya paktında deportasiya mexanizmlərinin qanuniləşdirilməsi, insan hərəkətinin təhlükəsizlik problemi kimi kodlaşdırılması Avropanın dəyərlər doktrinası ilə açıq şəkildə ziddiyyət təşkil edir. Daha bir maraqlı məqam odur ki, siyasətçilər təhlükə ritorikasını irqi və mədəni amillərlə bəzəyərək, məsuliyyəti başqalarının üstünə atmağa çalışırlar. Nəticədə miqrasiya real sosial problemlərdən daha çox siyasətin manipulyativ alətinə çevrilir. Nəzərə alsaq ki, bu tarix boyu ən dərin siyasi faciələrin başlanğıc nöqtəsi olub, proseslər həm siyasi atmosferə, həm də qərarların daha da sərtləşdirilməsinə təsir edəcək.
Son illər Almaniyada və Avstriyada siyasi partiyalar arasında əməkdaşlıq və koalisiya formalaşdıran ifrat sağ mövqelərin çıxışları getdikcə populyarlaşır. Təhsil və elm institutlarında açıq debatların azalması, universitet mühitində narazılıqların ifadəsi üçün imkanların məhdudlaşdırılması müşahidə edilir. Mətbuatın iqtisadi asılılığı və sahibkarlıq maraqları da mediada kritik təhlilin zəifləməsinə səbəb olur. Hüququn aliliyinə zərbələr formal konstitusiyalarla yanaşı, gündəlik həyatın qaydalarında da rast gəlinir.
Bundan başqa, Avropa ölkələrində sosial medianın siyasi proseslərdə rolu artmaqda davam edir. Platformaların alqoritmik seçimi, manipulyativ reklamlar və dezinformasiya yayımı tədricən ictimai rəyin formalaşmasına təsir göstərir. Məsələn, 2023-cü ildə Almaniyada keçirilən seçkilərdə sosial media kampaniyaları seçici davranışını dəyişdirməkdə mühüm rol oynamış, ekstremist mövzuların daha geniş auditoriyaya çatmasına səbəb olmuşdu. Hadisə göstərmişdi ki, demokratiyanın həm də informasiya məkanında müdafiəyə ehtiyacı var. Ona görə də hər bir Avropa ölkəsi sözügedən istiqamətdə fərqli təcrübə təqdim edir. Məsələn, İspaniya və Portuqaliyada sosial-iqtisadi bərabərsizliklə mübarizə proqramları, vətəndaşların siyasi proseslərə aktiv cəlb olunması və yerli demokratik təşəbbüslər nümunə kimi diqqət çəkir.
Sevindirici haldır ki, prosesin bir “əmma”sı var. Avropanın müxtəlif nöqtələrində siyasətçilər, ictimai liderlər və vətəndaş cəmiyyətinin nümayəndələri daha inklüziv siyasətin mümkün olduğuna inanırlar. Bir sıra ölkələrdə insan hüquqlarına söykənən yanaşmaların gündəmə gəlməsi “qoca qitə”nin hələ də öz daxilində müsbət inkişaf potensialı daşıdığını göstərir. Cəmiyyətin müəyyən təbəqələri siyasətin zəhərlənmiş modelinə qarşı çıxırlar.
Avropa liderləri demokratiyanı kənardan gələn təhlükələrdən qorumağa çalışdıqca, onun içəridə sürətlə sarsılan sütunlarını görmürlər. Halbuki əsl təhlükə məhz daxildə gizlənir. Demokratiya xarici təhdidlərin sarsıdıcı gücündən daha çox, öz institusional gündəliyindəki çərçivədən, söz azadlığının kölgələnməsindən və siyasətin etik təməllərdən uzaqlaşmasından təsirlənir. Xülasə, əgər Avropa demokratiyanı, həqiqətən, qorumaq istəyirsə, elə ilk növbədə, öz daxilindən başlamalıdır.
Nəzrin ELDARQIZI
XQ

