KTMT üzvü olsa da, sammitlərə qatılmır
Ermənistan növbəti dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib. İclas noyabrın 27-də Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək. Bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Ermənistan toplantıda iştirak etməyəcək, lakin razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyil. Y.Uşakov tədbirdə Rusiya, Qırğızıstan, Belarus, Qazaxıstan və Tacikistan liderlərinin iştirak edəcəyini açıqlayıb. Kreml rəsmisi qeyd edib ki, KTMT sammitinin yekun bəyannaməsində beynəlxalq və regional gündəmdəki əsas məsələlərə ümumi yanaşmalar əks olunacaq.
Qeyd etdiyimiz kimi, Kollektiv Təhlükəsizlik Şurası KTMT-yə üzv ölkələrin dövlət başçılarının daxil olduqları üstqurumudur. Şura KTMT-nin fəaliyyəti ilə bağlı fundamental məsələləri nəzərdən keçirir və onun məqsəd və vəzifələrinin həyata keçirilməsi ilə bağlı qərarlar qəbul edir, eləcə də bu məqsədlərə çatmaq üçün üzv dövlətlər arasında əlaqələndirməni və birgə səyləri təmin edir.
* * *
Ermənistanın ali tədbiri boykot etməsinin səbəblərinə aydınlıq gətirmək üçün tarixə qısa ekskurs etməyə gərək duyulur. Yəni, nə baş verdi ki, Ermənistan uzun illər güvəndiyi təşkilatdan hazırda gen gəzir? İrəvan–KTMT əlaqələrinin tarixinə nəzər salsaq, görərik ki, Ermənistan 1992-ci il mayın 15-də Daşkənd şəhərində Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan liderləri tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayan dövlətlərdən biridir. KTMT məhz həmin müqavilənin imzalanması ilə təsis edilib. Yeri gəlmişkən qeyd edək ki, 1993-cü ildə Azərbaycan, Belarus və Gürcüstan da KTMT-yə qoşulub. Daha sonra Azərbaycan, Gürcüstan və Özbəkistan təşkilatdan çıxıblar. KTMT-yə üzv olan istənilən ölkənin istənilən vaxt KTMT-dən çıxmaq hüququ var. Müqavilə 1994-cü ildə qüvvəyə mindikdə KTMT-nin doqquz üzvü var idi. İndi isə altı üzvü var. Onlardan biri Ermənistandır ki, ölkə üzvlüyünü dondurub.
Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı uzun illər ərzində həm də KTMT-yə güvənirdi. Xüsusilə, əvvəlki Koçaryan–Sarkisyan rejimi üçün KTMT bir növ istinad nöqtəsi halına gəlmişdi. Onlar Azərbaycan torpaqlarını xarici havadarlarından aldıqları böyük maddi, siyasi və hərbi-texniki dəstək sayəsində işğal etmişdilər. İşğalı davam etdirmək və möhkəmləndirmək məsələsində də yaxın-uzaq havadarlarına bel bağlayırdılar. Elə baş nazir Nikol Paşinyan da bu məsələdə devirdiyi və hazırda sərt tənqid etdiyi sabiqlərdən geri qalmırdı. Onun Azərbaycanla danışıqlar prosesini pozmağa gətirib çıxaran addımları, təmas xəttindəki təxribatçı hərəkətləri xarici dairələrə güvənməsi ilə bağlı idi. Güman edirdilər ki, Ermənistanın dəstəkçiləri müharibə başlayacağı təqdirdə Azərbaycanı dayandırmağı bacaracaqlar. Eyni zamanda, görünür, Paşinyan iqtidarı KTMT-nin ölkəmizlə döyüşəcəyini gözləyirdi. Ancaq 2020-ci il müharibəsi onların bütün planlarını alt-üst etdi. Azərbaycan Ordusunun Zəfər yürüşünü dayandırmağa heç bir qüvvənin gücü yetmədi. Aparılan məqsədyönlü iş, incə hərbi-siyasi planlaşdırma nəticəsində Ermənistanın KTMT-dəki bütün dostları həm də ölkəmizin dostlarına çevrildilər. Beləliklə, İrəvanın KTMT ilə əlaqələrində ilk böyük çat yarandı.
İkinci böyük çatın yaranması müharibədən sonrakı dövrə təsadüf etdi. 44 günlük müharibənin başa çatmasından (2020-ci il 10 noyabr) antiterror əməliyyatınadək (2023-cü il 19-20 sentyabr) olan dövrdə Ermənistanla Azərbaycan arasında üç ciddi insident oldu. İlk gərginlik 2021-ci ilin mayında iki ölkənin şərti sərhədində – Qaragöl ətrafında gərginlik yaşandı. Ölkəmizin torpaqları 30 il işğal altında qaldıqdan sonra beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi bərpa etməyimiz Ermənistanda “Azərbaycan hərbçilərinin sərhədi pozub 3,5 km ölkənin içərisinə doğru hərəkət etməsi” kimi qəbul olundu.
Həmin il noyabrın 15-16-da müharibədən sonra ilk dəfə şərti sərhədin Kəlbəcər istiqamətində qanlı döyüşlər baş verdi. Nəhayət, 2022-ci il sentyabrın 12-14-də gecə saatlarında Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törətməsi ilə postmüharibə dövrünün ən ciddi hərbi toqquşması yaşandı. Bu üç hadisənin hər birinin baş verdiyi günlərdə və ondan sonrakı dövrdə Ermənistan ən yüksək səviyyədə KTMT-yə müraciət edərək təşkilatı qəti tədbirlər görməyə çağırdı. KTMT isə öz nizamnaməsi çərçivəsində hərəkət etdi, təmkinli davrandı və İrəvanın avantürasına getmədi.
Təşkilatdan gözlədiyi dəstəyi ala bilməyəndən sonra İrəvanla KTMT arasında münasibətlərin daha ciddi soyuqluq mərhələsi başladı. İş o yerə gəlib çatdı ki, Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının 2023-cü il noyabrın 23-də İrəvanda keçirilən sammitinin bəyannaməsini imzalamaqdan imtina etdi. Çünki sənəddə Azərbaycanın “təcavüzü”nün qiymətləndirilməsi yer almırdı. Sammit Ermənistan üçün tam fiasko ilə nəticələndi. Həmin ilin yanvar ayında isə Ermənistan öz ərazisində “Sarsılmaz qardaşlıq–2023” təlimləri keçirməkdən imtina etmişdi.
2024-cü ilin fevral ayında isə N.Paşinyan ölkəsinin KTMT-dəki iştirakını dondurduğunu elan etmişdi. O, həmçinin Ermənistanın KTMT-yə qayıtmasının getdikcə çətinləşdiyini, bəlkə də qeyri-mümkün olduğunu bildirmişdi. Onun sözlərinə görə, artıq Ermənistan–KTMT münasibətlərində “geriyə dönüş nöqtəsi” keçilib.
Yeri gəlmişkən onu da qeyd edək ki, Rusiya tərəfi Ermənistan iqtidarının yanaşmasını qəbul etmir. Ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin bir müddət öncə vurğulamışdı ki, Ermənistan hökumətini KTMT-dəki iştirakını dondurmağa qərblilər sövq ediblər. Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə isə Paşinyanın KTMT-nin “Ermənistanı çətin vəziyyətdə tərk etdiyi” iddiası həqiqətə uyğun deyil.
* * *
Tərəflərin qarşılıqlı giley-güzarına baxmayaraq, fakt bundan ibarətdir ki, İrəvan KTMT-dəki fəaliyyətini dondurmaqda davam edir. Başqa sözlə, anti-Rusiya xəttini davam etdirir. Eyni zamanda, KTMT üzvlüyündən tam imtina da etmir, üzv kimi qalır. Məşhur el məsəlində deyildi kimi, nə əldən qoyur, nə yardan doyur. Yəni nə rədd edir, nə də qəbul edir. Beləliklə, Ermənistanın növbəti dəfə KTMT sammitində iştirakdan imtina etməsi artıq təsadüfi epizod deyil, siyasi kursun davamlı xəttidir. İrəvan rəsmilərinin Bişkekə getməkdən imtinası göstərir ki, Paşinyan hakimiyyəti təşkilatdakı fəaliyyətini formal olaraq dondurmaq siyasətini ardıcıl şəkildə həyata keçirir. Bu, həm Rusiya ilə münasibətlərdə soyuqluğun yeni mərhələsidir, həm də Ermənistanın geosiyasi orientasiyasının sürətlə dəyişdiyini göstərir.
Digər tərəfdən bu addım həm də KTMT-nin daha Ermənistan üçün təhlükəsizlik təminatı mexanizmi olmadığını göstərir. Əslində, Ermənistan rəhbərliyi Moskvaya mesaj verir ki, artıq Rusiya ilə əvvəlki münasibətlər modelinə qayıdış yoxdur. Lakin maraqlı nüans budur ki, İrəvan KTMT-dən formal şəkildə çıxmağın siyasi nəticələrini hesablaya və ya bu riskləri görə bilmir. Ona görə də Ermənistan hələ də təşkilatın üzvü kimi qalır, amma iştirak etmir. Nə sammitlərə gedir, nə təlimlərə qoşulur, nə də birgə qərarlarda aktivlik nümayiş etdirir.
İrəvanın bu ikili davranışı həm Moskvanı qıcıqlandırır, həm də Qərbə doğru kursun sürətləndiyini göstərir. Paşinyan hökuməti bir tərəfdən ABŞ və Avropa İttifaqı ilə təhlükəsizlik üzrə yeni dialoqlar aparır, digər tərəfdən regionda Rusiya hərbi-siyasi təsirini ciddi şəkildə məhdudlaşdırmağa çalışır. KTMT-dən imtina bu strategiyanın ən açıq elementidir. Əslində Ermənistan öz təhlükəsizlik memarlığını tamamilə yenidən qurmağa çalışır: rus hərbi kontingentinin statusunun azaldılması, Qərb monitorinq missiyalarının artırılması, silahlanma üzrə yeni müqavilələr Paşinyanın prioritetləridir.
Politoloq İlyas Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, İrəvanın KTMT-dən tam çıxmaması daxili siyasi səbəblərlə də bağlıdır. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində hələ də Rusiyaya bağlı elektorat güclü olaraq qalır: “Tam çıxış bu qrupların radikallaşmasını və daxili qarşıdurmaların dərinləşməsini sürətləndirə bilər. Paşinyan isə bunu indiki mərhələdə riskli hesab edir. Buna görə də İrəvanın seçdiyi model “həm varam, həm yoxam” yanaşmasıdır. Formal üzvlük qalır, amma faktiki fəaliyyət yoxdur. Rusiya isə bu situasiyanı strateji itki kimi dəyərləndirir. Çünki Ermənistan KTMT daxilində Moskvanın Cənubi Qafqazdakı hərbi-siyasi dayağının ən mühüm elementlərindən biri idi. İndi isə Kreml açıq şəkildə görür ki, İrəvan Qərbin yeni təhlükəsizlik formatlarına inteqrasiya edir və bu proses dönməz xarakter almaqdadır. Uşakovun açıqlaması da məhz buna işarədir. Moskva Ermənistanın davranışını anti-Rusiya kursu kimi qiymətləndirir və artıq bunu gizlətmir”.
Ekspert hesab edir ki, hazırkı vəziyyət regionda təhlükəsizlik balansına təsirsiz ötüşməyəcək: “Ermənistanın KTMT-dən uzaqlaşması Cənubi Qafqazda yeni geosiyasi düzən formalaşdırır. Azərbaycan və Türkiyə arasında strateji ittifaq dərinləşdikcə, Ermənistanın təktərəfli qərbyönümlü kursu onun daha böyük təhlükəsizlik boşluğu ilə üz-üzə qalmasına gətirib çıxara bilər. İrəvanın tam şəkildə Qərbin təminatına güvənməsi isə ən yaxşı halda uzunmüddətli perspektivdə özünü doğrulda bilər, amma qısamüddətli dövrdə ciddi riskləri də qaçılmaz edir”.
Onu da bildirək ki, KTMT-nin növbəti zirvə görüşü 2026-cı il noyabrın 11-də Moskvada keçiriləcək. Bişkek görüşündə quruma sədrliyin 2026-cı il yanvarın 1-dən Rusiyaya keçəcəyi barədə qərar qəbul ediləcək.
Səxavət HƏMİD
XQ


