ABŞ-ın sülh planı Ukraynaya nə vəd edir?

post-img

Rusiya-Ukrayna müharibəsinin dayandırılması ətrafında müzakirələr davam edir. Ötən gün kütləvi informasiya vasitələri ABŞ-ın sülh planının mətni ilə tanış olmaq imkanı qazandılar. “Reyters” agentliyinin açıqladığı plandan belə aydın olur ki, o Ukrayna və Avropa İttifaqı ölkələrinin dəstəklədiyi plandan fərqlənir. Politoloqların sözlərinə görə, əsas fikir ayrılığının əsas məqamları Kiyev tərəfindən ərazi güzəştlərinin mümkün tanınması və ya təşviq edilməsi və təzyiq altında bağlanan sürətli “sövdələşmə” Qərb koalisiyasının parçalanmasına, beynəlxalq hüququn pozulmasına və Ukrayna və bir çox Avropa ölkələrinin ədalətsiz və qəbuledilməz hesab edəcəyi qeyri-sabit sülhə gətirib çıxaracağı qaçılmaz olacaq.

ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin həlli ilə bağlı mümkün razılaşmanın əksər müddəalarının razılaşdırıldığını bildirir. Amerika liderinin sözlərinə görə, iki tərəf arasında “çox yüksək səviyyədə” görüş lazımdır: “Rusiya və Ukrayna ilə danışıqlar və görüşlər üçün yaxşı gündür. Onlar razılığa çox yaxındırlar və indi bunu başa çatdırmaq üçün hər iki tərəf çox yüksək səviyyədə görüşməlidir”. 

Xatırladaq ki, ötən cümə günü səhər prezident Trampın nümayəndəsi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşdü və bundan sonra Kreml Rusiya və Ukrayna arasında birbaşa danışıqların müzakirə edildiyini bildirdi. Ukrayna prezidenti Vladimir Zelenski də dünən dedi ki, yaxın günlərdə Ukraynaya sülh gətirməli olan mühüm görüşlər keçirilə bilər. Onun sözlərinə görə, Rusiya Federasiyasına təzyiq lazımdır ki, Kreml “ya atəşi dayandırmaq və sülhə doğru hərəkət etmək barədə Amerikanın təklifini, ya da etibarlı, dərhal və qeyd-şərtsiz atəşkəsə həqiqətən də işləyə və təminat verə biləcək hər hansı bir təklifi” qəbul etsin. 

“The Times” qəzeti öz məlumatlarına istinadən yazır ki, prezident Tramp razılıq əldə olunmasa, gələn həftə Ukraynadakı müharibənin sülh yolu ilə həlli prosesindən çəkilə bilər. Qəzet onu da qeyd edir ki, o, Rusiyaya işğal etdiyi əraziləri saxlamağa icazə verməkdə qərarlıdır. Belə görünür, proseslər Ağ evin istədiyi istiqamətdə inkişaf etməyə bilər. CNN xəbər verir ki, ABŞ və Ukrayna arasında müharibənin dayandırılmasına dair razılaşmanın şərtləri ilə bağlı ciddi fikir ayrılıqları var. Vaşinqton və Kiyev arasında əsas mübahisəli məsələlər Ukrayna üçün təhlükəsizlik təminatları və ABŞ-ın Krımın statusuna münasibəti olaraq qalır. Ukrayna tərəfi təhlükəsizlik təminatını təkcə avropalı tərəfdaşlardan deyil, həm də ABŞ-dan almağa çalışır. Eyni zamanda, ABŞ-ın ilkin mövqeyi ondan ibarət idi ki, əsas zəmanətlər yalnız Avropadan gələcək. Amerikalıların Rusiyanın Krım üzərində nəzarətini tanıması ideyası Kiyevdə xüsusilə qəbuledilməzdir. Ukraynalılar bu mövqeyi qəti şəkildə qəbul etmirlər. Bundan əlavə, Ukrayna 2022-ci ildə genişmiqyaslı hücumun başlanmasından sonra Rusiyanın ələ keçirdiyi ərazilərin statusunu müzakirə etməkdə israrlıdır.

Ukrayna tərəfinin Fransa, Böyük Britaniya və Almaniyanın da dəstəklədiyi sülh planının ABŞ prezidenti Donald Trampın Ukraynadakı əsas nümayəndəsi Keyt Kelloqa bu günlərdə təqdim olunduğu məlumdur. Həmin sənəddə açıq şəkildə vurğulanır ki, ilk addım atəşkəs olmalıdır. CNN məlumat verir ki, təklifin yuxarı hissəsində hər iki tərəfin tam və qeyd-şərtsiz atəşkəs öhdəliyi götürməsi zərurəti qeyd olunur. Eyni zamanda, Ukrayna Amerikanın ilkin təklifinin bəzi müddəaları ilə razılaşdığı da vurğulanır. Müddəalar arasında 2014-cü ildən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sülh sazişinin qəbulundan sonra mərhələli şəkildə ləğvi, NATO-ya üzv olmaqdan imtina, cəbhə xəttinin dondurulması, eləcə də Zaporejye AES ətrafındakı ərazilər üzərində Ukrayna nəzarətinin bərpası məsələləri var. Tərəflər hələ tam razılığa gəlməsələr də, Ukraynanın danışıqlar istiqamətində atdığı addımlar əhəmiyyətli kimi qiymətləndirilir.

ABŞ-ın sülh planının açıqlanmasından sonra Ukrayna və Avropanın planın təfərrüatları məlum oldu. Qərb mətbuatı yazır ki, bu təkliflər Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Parisdə təqdim etdiyi Amerika planına cavabdır. Mütəxəssislər qeyd edirlər ki, sənəd Amerikanın təklifi ilə eyni struktura malikdir, lakin atəşkəs və ona əməl olunmasına nəzarət, xüsusən də ABŞ-ın iştirakı ilə bağlı daha geniş şərtləri ehtiva edir. Üstəlik, Amerikanın təkliflərindən fərqli olaraq, Ukrayna və Avropa sənədlərində Rusiyanın Ukraynanın işğal olunmuş əraziləri üzərində “de-yure” və ya “de-fakto” suverenliyinin tanınmasına dair heç bir qeyd yoxdur. 

Göründüyü kimi, hər iki plan prinsipial şəkildə fərqlənir. Ukraynanın ərazi məsələsində güzəştə getməyəcəyi barədə sərt mövqe tutması ABŞ planının gələcəyini sual altına alır. Bütün bu fərqli yanaşmaları nəzərə alaraq “The Time” qəzeti ABŞ-dakı mənbələrinə istinadərək yazır ki, Ukrayna sazişi rədd etsə, müharibə aylarla, ola bilsin ki, illərlə davam edəcək və Kiyev maliyyə və silah baxımından Avropadan asılı olacaq. ABŞ-dan maliyyənin kəsilməsi, əslində, bu il silah tədarükünün kəsilməsi ilə eyni təsirə malik olacaq, çünki Ukrayna bu pulu digər müttəfiqlərdən daha çox silah almaq üçün istifadə edir. Amerikalılar, həmçinin inanırlar ki, qitə qismən Trampın tariflərinin səbəb olduğu tənəzzülə doğru getdiyi bir vaxtda Avropa ictimai rəyi Ukraynanı müharibədə saxlamaq üçün lazım olan böyük xərclərə qarşı çıxacaq. 

Mövcud məlumatların təhlili göstərir ki, Ukrayna və Avropa sülh təklifləri beynəlxalq hüququn prinsipləri, Ukraynanın suverenliyi və Rusiya qoşunlarının tamamilə çıxarılmasının zəruriliyi prinsiplərinə əsaslanan vahid cəbhə təşkil edir. Donald Trampa aid edilən plan əsas parametrlərinə görə köklü şəkildə fərqlənir, Ukraynadan ərazi güzəştləri və Rusiyaya qarşı sanksiyaların sürətlə aradan qaldırılmasını təklif edir ki, bu da həm Ukraynada, həm də Avropa müttəfiqlərində ciddi suallar və narahatlıqlar yaradır. Münaqişənin ən həssas məsələlərində onların fundamental ziddiyyətlərini nəzərə alsaq, sülh yolu ilə nizamlanmaya bu müxtəlif yanaşmaların uzlaşdırılması olduqca çətin məsələ kimi görünür.

S.ELAY

XQ

Dünya