Azərbaycanla Çin arasında sənaye, investisiya, ticarət sahələrini əhatə edən iqtisadi əməkdaşlığın getdikcə genişlənməsi nəticəsində iki ölkənin xarici ticarət dövriyyəsi 2018-ci ildəki 1,3 milyard dollardan 2,4 dəfə və ya 1,9 milyard dollar artaraq 2023-cü ildə 3,2 milyard dollara yüksəlib. İqtisadi-ticari əlaqələrin sürətlə genişlənməsi sayəsində Çin respublikamızın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Belə ki, əgər 2018-ci ildə dost ölkə Azərbaycanın 6cı ticarət tərəfdaşı idisə, 2023-cü ilin nəticələrinə görə 4cü iri ticarət tərəfdaşı kimi qeydə alınıb.
Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 7,9 faiz olub, eyni zamanda, idxal üzrə də lider mövqeyinə yüksəlib və bu göstərici 17,69 faizə çatıb.
Cari ilin yanvarmart aylarında Azərbaycandan Çinə 23,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 milyon ABŞ dolları və ya 4,6 dəfə çoxdur. Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana 1 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları reallaşdırılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 261,6 milyon ABŞ dolları və ya 35,6 faiz artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında ikinci pillədə qərarlaşıb.
Ümumilikdə, Azərbaycanla Çin arasında olan bu dinamika ölkələrarası münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir və bu tərəfdaşlıq hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrində yeni imkanlar yaratmaqla yerli bazarların canlanmasına və iş imkanlarının artmasına töhfə verəcək. Ölkələrimiz arasında münasibətlər “Bir kəmər, bir yol” layihəsi və ticariiqtisadi əlaqələrlə yanaşı, digər sahə və istiqamətlərdə də sürətlə inkişaf edir. Məsələn, tranzitlogistika, elm, texnika, texnologiya, eləcə də İTK, rəqəmsallaşdırma, sahələrində önəmli layihələrin davamı gerçəkləşdirilməsi vurğulanan fukrin bariz ifadəsidir.
Dost ölkə respublikamızla iqtisadi münasibətlərində nəqliyyat əlaqələrinin genişlənməsinə də xüsusi diqqət yetirir. Bu baxımdan Çinin Şərq – Qərb və Şimal – Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla bu sahədə əməkdaşlığa verdiyi dəyər xüsusi əhəmiyyətə malikdir. “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi hesab olunan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat marşrutudur.
Xatırladaq ki, Orta Dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min deyil, 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələrilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard dolların üzərindədir. 2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda 2 dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması həyata keçirilir və 2020-2024-cü illərdə daşınma həcmi 2,5 dəfə artıb.
Prezident İlham Əliyev Orta Dəhlizin inkişafına və modernləşdirilməsinə xüsusi önəm verir. Dəhliz çərçivəsində yerləşən infrastrukturların fəaliyyətinin səmərəliyinin artırılmasını diqqətdə saxlayır. Dövlətimizin başçısının Bakı Beynəlxalq Dəniz Ticarət Limanının malik olduğu indiki 100 min TEU və 15 milyon ton ümumi yükaşırma qabiliyyətinin yetərli olmadığnı bildirməsi və və limanın ümumi yükaşırma qabiliyyətinin 25 milyon tona və 500 yüz min, yaxud, hətta bir milyon TEUya çatdırılmasını zəruri hesab etməsi də vurğulanan fikrin bariz ifadəsidir.
Qeyd edək ki, Orta Dəhlizin inkişafı və səmərəliyinin artırılması çərçivəsində indiyədək Sian (Çin) limanında Qazaxıstan terminalının tikintisi və Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə işlər başa çatdırılıb, Dostık – Moyıntı dəmir yolu hissəsində ikinci, Almatıdan yan keçən xəttin, eləcə də Poti limanında bu il işə salınması nəzərdə tutulan konteyner terminalının tikintisinə başlanılıb. Bundan əlavə, 2025-ci ilin ortalarına qədər Aktau limanında konteyner qovşağının inşası, eləcə də Qazaxıstan tərəfinin Kurık və Bakı limanları arasında fəaliyyət göstərəcək öz bərələrini alması planlaşdırılıb.
Hazırda respublikamızda Bakı limanının 2ci fazasının tikintisi davam etdirilir, quru yük körpüsü və liman stansiyalarının ötürücülük qabiliyyəti artırılır, eləcə də ölkəmizin dəmir yolları üçün vaqon parkının yenilənməsi nəzərdə tutulur, dəmir yollarının Ələt – Böyük Kəsik hissəsinin modernləşdirilməsi sürətlə həyata keçirilir.
Gürcüstan tərəfində keçid dəmir yolunun modernləşdirilməsi üzrə işlər artıq başa çatdırılıb və ilin sonunadək bu marşrutda ötürücülük qabiliyyətini artırmaq məqsədilə əlavə lokomotivlərin alınması planlaşdırılıb.
Xaliq RÜSTƏMOV,
BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, iqtisad üzrə fəlsəfə doktoru
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan – Çin əməkdaşlığı hazırda Prezident İlham Əliyevin uğurlu və ölkəmizin inkişafı naminə yürütdüyü məqsədyönlü siyasət nəticəsində müxtəlif istiqamətlərdə genişləndirilir, ölkələrimiz arasında siyasiiqtisadi, mədəni əlaqələr inkişaf etdirilir. 2005-ci, 2015-ci və 2019-cu illərdə dövlətimizin başçısının Çinə səfərləri zamanı iki dövlət arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımlar bu gün münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək inkişafın dinamik xarakter almasına xidmət edir.
Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi hər iki ölkə üçün önəmli olmaqla, müxəlif istiqamətlərdə inkişafa böyük töfhə verir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına indiki səfəri isə ölkələrimiz arasında münasibətlərdə strateji tərəfdaşlığın hərtərəfliyini şərtləndirir. Müxtəlif sahələrlə bağlı imzalanan əməkdaşlıq sənədləri sözügedən ölkələrin perspektivdə inkişafını dəstəkləyən əsas istiqamətləri əks etdirir.
Çin–Azərbaycan iqtisadi əməkdaşlığı çərçivəsində atılan mütərəqqi addımlar respublikamızın regional və qlobal miqyasda etibarlı bir tərəfdaş olduğunu bir daha təsdiqləyir. Çinin xarici siyasətinin əsas tərkib hissəsi hesab edilən qlobal miqyaslı “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın tərəfdaş mövqeyində iştirakı ölkəmiz üçün yeni imkanlar yaradır, müxtəlif səviyyələrdə inteqrasiyaya töhfə verməklə yeni əməkdaşlıqları dəstəkləyir.
2024-cü il iyulun 3-də imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ardınca 2025-ci il aprelin 23-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması ölkələrimiz üçün əməkdaşlığın daha bir pillə yüksəldiyini, hər iki ölkənin birbirini etibarlı və qarşılqlı faydalı strateji tərəfdaş hesab etdiyini diqqətə çatdırmaqla, əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafının qarşılıqlı maraqlar çərçivəsində gerçəkləşdiyini bir daha təsdiqləyir.
Bu gün bir çox sahələrdə, xüsusilə ticarət, investisiya, “yaşıl” enerji, rəqəmsal iqtisadiyyat, turizm istiqamətlərində qarşılıqlı fəaliyyətlər məhz əməkdaşlığın ən mühüm istiqamətləri kimi qəbul edilir və bu istiqamətlərdə potensial imkanlar müəyyənləşdirilməklə əməkdaşlıqların daha da dərinləşdirilməsi əsas hədəflər kimi qarşıya qoyulur.
Çin–Azərbaycan iqtisadi əməkdaşlığında hər iki ölkənin və xalqlarının iqtisadi mənafeyinə uyğunluq inkişafa səbəb olan əsas amillərdən biridir və iqtisadi əməkdaşlığın inkişafı qarşılıqlı olaraq yüksək qiymətləndirilir. Çin Xalq Respublikası Azərbaycanın iqtisadi təşkilatlar və birliklərə üzvlüyü fonunda iqtisadi inteqrasiyasını və əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsini dəstəkləyir.
Bütün bu qeyd olunanlar isə bir daha göstərir ki, Çin və Azərbaycan tərəfdaşlığı müasir mərhələdə nəinki hər iki ölkə üçün iqtisadi fayda təmin edir, eləcə də regional və və qlobal önəm daşıyır.