Rəqəmsallaşmanın meydanı böyüyür

post-img

Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi dövlət başçısının 9 iyun 2024-cü il tarixli fərmanına uyğun olaraq Elektron Rəqabət İnformasiya Sisteminin yaradılmasına başlayıb. Bunu qurumun sədri Elnur Bağırov “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda Bakıda keçirilən ictimai müzakirələr zamanı bildirib.

Qurumun həyata keçirdiyi mühüm addımlardan birinin rəqabət qanunvericiliyinə dair məlumatların toplanması və təhlili üçün rəqəmsal platformaların tətbiqi imkanlarının genişləndirilməsi ilə bağlı olduğunu diqqətə çatdıran E.Bağırov deyib ki, agentlikdə Elektron Rəqabət İnformasiya Sisteminin yaradılmasında məhz bu amillər əsas götürülür: “Sözügedən sistem həm rəqabət, həm də istehlakçı hüquqlarının müdafiəsi sahələri üzrə istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından əldə olunmasını, həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək”.

 

İqtisadiyyat