Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova mediaya müsahibəsində ötən il respublikamızın aqrar sektorunda müşahidə olunan artımın əsasən sənaye təyinatlı və ixracyönümlü sahələrin inkişafı hesabına əldə edildiyini bildirib.
Onun sözlərinə görə, cari ildəisə meyvə və giləmeyvə istehsalı 4,5 faiz, bostan məhsulları 11,9 faiz, pambıq istehsalı 11,1 faiz, şəkər çuğunduru 31,5 faiz, günəbaxan istehsalı 6,6 faiz, eyni zamanda, kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artıb.
İ.Qədimova bildirib ki, 2024cü ildə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixrac həcmi 1,3 milyard ABŞ dolları (son 5 illə müqayisədə 40 faiz çox) təşkil edib. Meyvətərəvəz məhsullarının dəyər ifadəsində ixracı isə 2019–2024cü illər ərzində 16,18 faiz artıb. Bu dövrdə tumlu meyvə ixracı 65,8 faiz, çəyirdəkli meyvələr 80,7 faiz, nar ixracı isə 53,9 faiz artım nümayiş etdirib. Bundan başqa, üzüm 2,3 dəfə, mandarin 4,6 dəfə, çiyələk 8,3 dəfə, bostan məhsulları 14,4 dəfə və qurudulmuş meyvələrin 7,8 dəfə ixracında da ciddi artım qeydə alınıb.
Nazir müavini vurğulayıb ki, aqrar sektorun inkişaf strategiyası məhsuldarlığın artırılması, intensiv və innovativ təsərrüfatçılığın genişləndirilməsi və dayanıqlı inkişafı təmin edən mexanizmlərin tətbiqinə əsaslanır.
“Bu istiqamətdə prioritetlər müəyyənləşdirilir və dövlət dəstəyi tədbirləri də həmin prioritetlərə uyğun təkmilləşdirilir. Ən mühüm istiqamətlərdən biri müasir suvarma sistemlərinin genişləndirilməsidir. Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Şirvan və Qarabağ suvarma kanallarının yenidən qurulması istiqamətində işlər görülür. Milli səviyyədə su ehtiyatlarından səmərəli istifadə strategiyası qəbul olunur, bu sahədə əlaqələndirməni təmin edən komissiya da fəaliyyət göstərir”, – deyə o qeyd edib.
İ.Qədimovanın sözlərinə görə, su təminatının yaxşılaşdırılması və müasir suvarma sistemlərinin tətbiqi sayəsində artıq 100 min hektardan artıq sahədə bu sistemlər qurulub. Bu, xüsusilə taxılçılıq, pambıqçılıq, qarğıdalı və şəkər çuğunduru sahələrində məhsuldarlığın artımına əhəmiyyətli təsir göstərib.
Torpaq resurslarının səmərəli istifadəsi də sektorun dayanıqlı inkişafı baxımından prioritet istiqamət kimi qiymətləndirilir. Bu məqsədlə torpaq istifadəçiliyi ilə bağlı konsolidasiya mexanizmi tətbiq olunur, torpaqların məhsuldarlığının artırılması və xəstəliklərə davamlılığın təmin edilməsi istiqamətində tədbirlər görülür.