“Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya neft ticarinəqliyyat Forumu”nda bu il Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin tam istismara veriləcəyinin nəzərdə tutulduğunu bildirib.
E.Məmmədovun sözlərinə əsasən, ötən il adıçəkilən QSC dəmir yolu xəttində əsaslı yenidənqurma işləri aparıb və müvafiq olaraq terminal imkanları genişləndirilməklə dəhlizin səmərəli fəaliyyəti, marşrutun dinamikliyi gerçəkləşdirilib. Eyni zamanda, quru yükün cəlb edilməsi, həcmin artırılması qarşıya mühüm vəzifə kimi qoyulub. Bundan başqa BTQ dəmir yolu vasitəsilə neft məhsullarının nəqli adıçəkilən infrastrukturun tam istismara verilməsi ilə bağlı olduğundan son vaxtlar bu məsələyə diqqət daha da artırılıb, polad magistralda tikinti işləri sürətləndirilib. Ona görə də dəmir yolu xəttinin tam istismara hazırlanması prosesi, təxminən, 95 faiz tamamlanıb və ilin sonunadək təhvil verilməsi planlaşdırılıb.