Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?
İpəkipək yarpaqların
küləklərlə talandımı?
Biləkbilək budaqların
ocaqlarda qalandımı?
Ramiz Rövşənin bu şeirini oxuyanda insanın ürəyi qövr eləyir. Xəyalım uşaqlığımın uzaq illərinin enişliyoxuşlu yollarından keçib geri qayıdır. Ağac kölgəsində dincəldiyim, kitab oxuduğum, universitetə hazırlaşdığım günlər yadıma gəlir. Həyətimizdə yaz aylarında çiçək salxımlarından şirə çəkən, bal arılarından ballı çiçəklərini əsirgəməyən akasiya ağacımız düşür yadıma.
Ramiz Rövşən başı kəsik gözəl kötüyü sözlə elə gözəl təsvir edir ki... Şair dililə ona layla çalır. Onun söz sığalı ürəkləri isindirir.
Meşədə hündür bir ağac kəsiləndə şaqqıltıyla əli baltalının üstünə yıxıldığını görmüsünüzmü? Mən öz gözlərimlə görməsəm də, rəhmətlik atam meşədə bunun şahidi olmuşdu. Deyirdi ki, nə vaxtsa adamlar kəsdikləri ağacların altında qalıb ölüblər. Kənddə də danışırdılar ki, filankəsləri meşədə kəsdikləri ağac vurub öldürüb.
Bir payız günü, yaşadığımız yerin yaxınlığında təbiətin pərişan çağında özüm də pərişan oldum. Həmişə kölgəsində oturub dincəldiyim tut ağacını yerində görmədim. Onun yerində başı kəsik qərib bir kötük qalmışdı. Qanunsuz ağac kəsənlər təbiətə və insanlara xar tutun xeyirindən qatqat çox ziyan vurmuşdular. “Sapı özümüzdən olan baltalar”ın qurbanı olmuşdu xar tut. Çox üzüldüm. Ahım tüstü olub göylərə qalxdı. Neçə-neçə insanlar onun təmiz havasından ciyərdolusu nəfəs alır, kölgəsində şükranlıqla dincəlir, şirin meyvələrindən yeyirdilər.
...Aylar keçdi. Təbiətin ilk bahar çağında, tut kötüyünün bəxtinə gün doğdu. Şəfəqləri əlvan, üfüqləri qızıla çalan günəşli bir gündə tut kötüyü rəngdənrəngə düşdü. İşıqlı, nurlu göyə, qızılı üfüqlərə sarı həsrətlə boylandı. Şahanə yarpağa, köksünün üstünə atılan torpağa, bir ovuc torpaqdan boy verən çiçəklərə baxıb öz keçmişini andı...
Astaca meh əsir, kötüyün sinəsindən rişələnən yarpaqlara, çobanyastığı çiçəklərinə baxdıqca adamın ürəyi açılır. Doğrudan da kötük ağ günə çıxıb. Bir ovuc torpağa qucaq açıb, sinəsindəki çiçəklərlə könülkönülə dayanıb. Yaşıllığın, gülçiçəyin arasında özünə qarşı mehrməhəbbət görür. Köksündə bülbüllər oxuyur. Dövrəsində cəhcəh vuran quşlarla ülfət bağlayır. Nəfəsinə gül nəfəsi toxunur. Tanrının möcüzəsi kimi, zərifliklə qolboyun yaşayır.
Əhdi möhkəm, qoynu gülüstan başı kəsik gözəl kötük gül açıb, dil açıb. Deyir ki, ey bir ağac əkməyib, min bir ağac kəsən nankorlar! Bütün canlılar yaşamaq istəyir. Sən mənim başımı kəsdin. Amma hikmət dünyasında kötük olub yaşamağın, ömrün sevinc yükünü daşımağın da ilahi bir hikməti var...
...Beləcə, başı kəsik gözəl kötükdən ömrün payızında gözdolusu bir nişanə, ürəkdolusu bir xatirə qaldı. Həm acı, həm də şirin bir xatirə...
Həzi HƏSƏNLİ,
şair-publisist