Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Kukla Teatrı IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində Ankarada səfərdədir.
Festival proqramına uyğun olaraq aprelin 25-də Ankaradakı “Cermodern” komsert mərkəzində Azərbaycan Dövlət Kukla Teatrı təmsilçilərinin təqdimatında “Cırtdanın Türkiyədə macəraları” tamaşası göstərildi.
Anşlaqla keçən nümayişin tamaşaçıları arasında tanınmış ictimaiyyət nümayəndələri, mədəniyyət sahəsi mütəxəssisləri ilə yanaşı Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Vəqfinin rəhbəri, tanınmış alim, ictimai xadim Aygün Attar da vardı.
Birpərdəli uşaq tamaşasının ideya və quruluş müəllifi Saida Haqverdiyeva, səhnə tərtibatçısı İqbal Əliyevdir.
Milli musiqilərlə zəngin səhnə işində obrazları Elnur Abbasquliyev, Rəhim Rəhimov, Səriyyə Mansurova, Aygül Ağayeva və Cavid Telman canlandırırdılar.
Ana ideyası türkiyəli teatrsevərlərə milli nağıl personajlarımızı təqdim etməklə müxtəlif kukla oyun üslublarını təqdimat olan səhnə işi Azərbaycan musiqi əsərlərinin müşayiəti ilə daha da yaddaqalan oldu.
Nümayişin ardınca festival təşkilatçıları Azərbaycan təmsilçilərinə festivalda iştirak üçün təşəkkür edərək fəxri diplom təqdim etdilər.
Qeyd edək ki, beynəlxalq festivalda Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə yanaşı, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) teatr sənəti ustaları da iştirak edirdilər.
Ankarada start götürən sənət bayramı daha sonra Azərbaycanda (28-30 aprel) və Özbəkistanda (2-5 may) davam edəcək.
Tədbirin bağlanış ünvanı isə bu dəfə Şimali Kipr Türk Cümhuriyyətidir.