Aprelin 25-də Nəsimi rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib. Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
İstifadəyə verilən yeni inzibati binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və iclas zalları yaradılıb. “Elektron prokurorluq” informasiya sistemi də tam şəkildə tətbiq olunub.
Binanın akt zalında keçirilən iclasda Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğunun əsas prioritetlərindən biridir. Bu istiqamətdə atılan ardıcıl və məqsədyönlü addımlar Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan dövlətçilik strategiyasının mühüm tərkib hissəsini təşkil edib. Bu yol hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunub.
Kamran Əliyev prokurorluq əməkdaşlarını daim öz üzərində çalışmağa, bilik və bacarıqlarını təkmilləşdirməyə, eləcə də fəaliyyətlərini dövlətçiliyə sədaqət, dürüstlük və obyektivlik prinsipləri əsasında qurmağa çağırıb.
XQ