Dünən Əqli Mülkiyyət Agentliyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Əqli mülkiyyətin melodiya, harmoniya və ritmlərinin başında yaradıcılıq durur” mövzusunda dəyirmi masa müzakirəsi keçirib.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun dəyirmi masada “Əqli mülkiyyətin melodiya, harmoniya və ritmlərinin başında yaradıcılıq durur” mövzusunda məruzəsi dinlənilib. Builki Beynəlxalq Əqli Mülkiyyət Gününün “Əqli mülkiyyətin ritmini hiss et” devizi altında qeyd olunduğunu bildirən natiq qeyd edib ki, son 15 ildə əsasını əqli mülkiyyət təşkil edən qeyri-maddi aktivlərə investisiyalar maddi aktivlərlə müqayisədə 3 dəfə artıb və 2024-cü ildə 7 trilyon ABŞ dollarına çatıb. Dünya üzrə verilən patentlərin üçdəbir hissəsi rəqəmsal texnologiyalara aiddir və generativ süni intellektə əsaslanan patentlər güclü artım göstərir.
Məruzədə diqqətə çatdırılıb ki, musiqili əsərin məzmunu musiqinin emosional və məna yüküdür, onun forması isə melodiya, harmoniya və ritmi əhatə edən əsərin strukturudur. Professor Kamran İmanov bununla bağlı mühüm bir məsələyə diqqət çəkərək deyib: “Belə bir struktur elementi mövcuddurmu ki, ümumi əsərlə yanaşı, müstəqil şəkildə müəlliflik hüququ ilə qorunması mümkün olsun və əgər mövcuddursa, “melodiya”, “harmoniya” və “ritm” sırasından bu hansı elementdir?”
Qeyd olunub ki, zaman keçdikcə “müəlliflik” anlayışı dəyişir. Sivilistik (mülki hüquq) doktrina yaradıcılığın müəyyən olunmasında iki yanaşma– subyektiv və obyektiv yanaşmaları nəzərdə tutur. Birinci halda (subyektiv yanaşma) yaradıcılığa dair tələb müəllifin əməyinə, onun əqli fəaliyyət nəticəsində öz şəxsiyyətini və fərdiliyini əks etdirməsinə yönəlir. İkinci halda (obyektiv yanaşma) isə diqqət müəllifin subyektiv-yaradıcı fəaliyyətinə deyil, əqli fəaliyyət nəticəsinin özünün yaradıcı xarakterinə yönəlir.
XQ